Əkrəm Həsənov: "2 milyard manata yaxın vəsait bizim ölkə üçün elə də çox vəsait deyil"
Bu ilin 10 ayı ərzində əhali tərəfindən restoranlarda 2 milyard manata yaxın pul xərclənib. Rəsmi məlumata əsasən, 2024-cü ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1 faiz artaraq 1 milyard 877 milyon manat olub. Bakupost.az rəsmi məlumatlara istinadən xəbər verir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 faizi hüquqi şəxslərin, 48,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 12,9 faiz artaraq 953,0 milyon manata çatıb. Dövlət müəssisələrində ictimai iaşə dövriyyəsinin həcmi 17 milyon 67 min manat, özəl müəssisələrin ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 859 min 946 min manat təşkil edib. İcitmai iaşə dövriyyəsinin 2 milyarda yaxınlaşması nədən xəbər verir? İnsanlarımız restoranlara həqiqətənmi bu qədər pul xərcləyir?
İqtisadçı Əkrəm Həsənov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, 10 ayda 2 milyarda yaxın pul xərclənməsi 10 milyondan çox əhalisi olan ölkə üçün elə də böyük rəqəm deyil:
- 10 ayda 10 milyonluq əhalinin ictimai iaşə obyektlərinə 2 milyard pul xərclədiyini aylara bölsək, bir nəfərə 200 manat, hər aya isə 20 manat düşür. Məncə, bu, böyük rəqəm hesab edilməz. Avropa ölkələrində ictimai iaşə obyektlərində bundan qat-qat çox pul xərclənir. Bəzən hətta deyirlər, insanların aylıq büdcəsinin yarısı restoranlara sərf olunur. Yəni 2 milyard manata yaxın vəsait bizim ölkə üçün elə də çox vəsait deyil. İctimai iaşə deyildikdə təkcə restoranlar nəzərdə tutulmamalıdır. Kafelər, xəngəlxana, çayxana, dönər və sair küçə yeməkləri satışı, həmçinin şadlıq sarayları da bura daxildir. Bunlar da ictimai iaşədir. Həm də indi insanlar təkcə restoranlara getmir, evə, obyektlərə, iş yerlərinə onlayn sifarişlər, kuryer vasitəsilə çatdırmalar da son zamanlar çox artıb. Əslində, bu rəqəm bəlkə də heç 2 milyard deyil, daha çoxdur. Çünki bu, açıqlanan rəsmi məlumatdır. Yəni qeydiyyatı aparılmış xidmətlər. Amma bəzən kassa aparatından keçməyən, kənar xidmətlər də olur, kassaya vurmurlar, qeydiyyata düşmür. Digər tərəfdən, xərclər lap 3 milyard olsa da, çox hesab edilməz. Nəzərə alaq ki, bölgələrdə ictimai iaşə xidmətindən ümumiyyətlə az istifadə edilir. Bu xidmət əsasən Bakıda populyardır, geniş yayılıb. Bunu edən də imkanlı şəxslərdir. Ya da insanlar var ki, ancaq restoranda, kafedə qidalanırlar. Varlığa nə darlıq. Başqa tendensiya işləyən həyat yoldaşlarının, ər də, arvad da işləyir, evdə xörək bişirməyə vaxt yoxdur. Belə insanlar restoran, kafe xidmətlərindən yararlanır, xüsusən tez hazırlanan qidalar sifariş verirlər. Bəzən görürsən ucuzdur bu xidmətlər. Məsələn, dönərlər ucuzdur, az imkamlı vətəndaş da alıb yeyir, baxmayaraq ki, ziyanlıdır. Ona görə də qeyd edilən bu rəqəm qeyri-adi görünməməlidir. Əhalinin məişətində dəyişmə baş verib. Zərərli olsa da.