AZ

İdmançının sevgilisi - Günün hekayəsi

Kulis.az "Günün hekayəsi" layihəsindən Yuri Kazakovun "Stansiyada" hekayəsini təqdim edir.

Soyuq, çiskin payız günü idi. Kiçik stansiyanın ağacdan tikilmiş köhnə binasını qar-yağış qaraltmışdı. İkinci gün idi ki, sərt şimal küləyi o binanın damındakı pəncərəni və stansiya zəngini uğuldadır, tozağaclarının çılpaq budaqlarını möhkəmcə titrədirdi.

Sınıq tirə bağlanmış, ayaqları xəstə at başını aşağı salıb dayanmışdı. Külək atın quyruğunu, yalını bir tərəfə yellədirdi, arabadakı otu tərpədirdi, cilovun yüyənini oynadırdı. Amma at başını qaldırmır, gözlərini açmırdı: yəqin nəsə kədərli bir şey haqqında fikirləşirdi, ya da mürgü vururdu.

Arabanın yanında çamadanın üstündə dağınıq, sarı kəkilli, meşin palto geymiş ağır, yapıqsifət oğlan oturmuşdu. O, papirosunu sümürə-sümürə tez-tez tüpürürdü, gödəkbarmaqlı əli ilə çənəsini ovuşdururdu, bulanıq baxışlarını yerdən çəkmirdi.

Onun böyründə qız dayanmışdı. Qızın gözləri şişmişdi, yaylığının altından alnına bir çəngə tük sallanmışdı. Onun solmuş, yorğun bənizində artıq nə bir ümid, nə də bir arzu qalmışdı: üzü soyuq və etinasız görünürdü. Yalnız qüssəli qara gözlərində nəsə hələ deyilməmiş, qəmgin bir duyğu gizlənmişdi. O, palçıqlı çəkmələrdəki ayaqlarını arabir səbirlə götürüb-qoyur, kürəyilə özünü küləkdən qorumağa çalışır, baxışlarını oğlanın qığırdaqlı qulağından ayırmırdı.

Yarpaqlar zəif xışıltı ilə perron boyu qaçışır, bir yerə yığılıb nə haqdasa pıçıldaşır, sonra küləyin hökmünə tabeliklə yenə də palçıqda fırlanaraq gölməçələrə tökülüşür və suya yapışıb susurdular.

– Görürsən, birdən-birə həyat necə çevrildi?.. – oğlan dillənib dodaqlarını rişxəndlə əydi. – Bundan sonra mənim işlərim qaydasında gedəcək! Nəyimə lazımdı indən belə kolxoz, ev? Qoy ev anamla bacıma qalsın, eybi yox, özgəsi deyillər ki! Şəhərə çatan kimi mənə məşqçi verəcəklər, ev də verməlidirlər. Ağırlıq qaldıran yoxdu ki bizdə! Yarışda gördüm onların hamısını: ən yaxşıları birinci dərəcəni güclə doldururdu. Ancaq mən “usta” normasını hop götürdüm. Başa düşürsən?

– Bəs mən necə olacam? – qız astaca soruşdu.

– Sən? – oğlan çəpəki baxışla qızı süzdü, quru-quru boğazını arıtladı. – Dedik də... Başım aynısın, gələcəyəm. İndi mənim vaxtım yoxdur. Mən indi rekord sıxmalıyam. Hələ qabaqda Moskva var. Dayan gör, onları nə günə salacam! Bircə şeyə yanıram ki, bu mexanizmi mən əvvəllər bilməmişəm. Yoxsa çoxdan... Bilirsən, orada neyləyirlər? Məşq eləyirlər, hər gün. Məndə isə daxili güc var, anadangəlmə! Dayan, bir az gözlə, mən onların hamısını qarın-qarına bağlayıb birdən hop qaldıracam. Xaricə-zada gedəcəm, yaşamağa başlayacağıq! Hə-ə-ə!.. Sənin yanına da gələcəm... Sonra... Yazacam sənə...

Uzaqdan qatarın zəif, anlaşılmaz səsi eşidildi; tutqun havanın əzgin, boz sakitliyini uzun, nazik fit deşdi; stansiya binasının qapısı çırpıldı. Başındakı dəmiryolçu papağının üstündə qara mazut ləkələri olan yuxulu stansiya rəisi qulaqlarını şinelinin qaldırılmış boyunluğu altında gizlədə-gizlədə perrona çıxdı. O, tənha sərnişinlərə çəpəki nəzər saldı, cibindən çıxardığı papirosu barmaqları arasında övkələyib iylədi, başını qaldırıb göyə baxdı və papirosu qaytarıb cibinə qoydu. Sonra əsnəyib boğuq səslə:

– Hansı vaqonadı? – onlardan soruşdu.

Oğlan gödək, yoğun boynunu burub stansiya rəisinin təzə qaloşlarına baxdı, bileti çıxarmaq üçün əlini cibinə soxdu.

– Doqquzuncu. Necə ki?

– Hə - ə, – stansiya rəisi mızıldanıb yenə əsnədi. – Doqquzuncu deyirsən? Hə–ə-ə... Doqquzuncu. Yaman sarsaq havadı. Oh–oh–ohh...

O çevrilib gölməçələrin qırağı ilə stansiyanın yük bölməsinə tərəf getdi. Qatar meşənin arxasından tez çıxdı, sürəti azalda-azalda yaxınlaşdı, bir dəfə də yorğun və nazik fitlə qışqırdı. Oğlan ayağa qalxıb papirosunu tulladı, qızın üzünə baxdı: qız gülümsəmək istəyirdi, amma dodaqları sözünə baxmırdı, əfsənirdi.

– Yaxşı görək, bəsdir! – oğlan dedi və çamadanını götürmək üçün əyildi. – Eşitmirsən? Bəsdir, deyirəm!

Onlar perron boyu yavaş-yavaş qatara qarşı getdilər. Qız paltosunun qollarını didişdirə-didişdirə oğlanın üzünə baxırdı, tələsə-tələsə, dili topuq vura-vura deyirdi:

– Sən orada özünü qoru, ağırlıq qaldıranda ehtiyatlı ol. Damarın-zad partlayar... Özündən muğayat ol, çox gücə salma özünü. Mənə noolasıdı ki? Mən gözləyəcəm. Qəzetlərdə sənin adını izləyəcəm. Sən mənə görə narahat olma. Bu da elə-belə... Səni sevirəm, ona görə ağlayıram. Fikirləşirəm ki...

– Yaxşı, qurtar görüm, – oğlan çəmkirdi. – Dedim, gələcəm.

Parovoz yeri titrədə-titrədə isti, nəm buxar püskürüb onların yanından keçdi. Sonra getdikcə yavaşıyan yorğun vaqonlar keçməyə başladı: biri, ikisi, üçü...

– Odur ey, doqquzuncu! – qız tələsik dedi. – Burada gözləyək!

Vaqon yumşaq cırıltı ilə onların yanında dayandı. Tamburda dəbərcələnən əzgin, ağsifət sərnişinlər ciddi maraqla çölə baxmağa çalışırdılar. Pəncərə arxasında zolaqlı pijama geymiş kök, üzütüklü bir kişi xırdaca, şiş alnını qırışdırıb hirslə çərçivəni laxladırdı. Çərçivə onun gücünə tabe olmadığı üçün sərnişinin sifəti əzabla qırışırdı. Nəhayət, o, pəncərəni açdı, tez də başını çölə çıxarıb qıyıq bir təbəssümlə bu kiçik stansiyaya baxanda qızı gördü və təbəssümünü səyirdib cır səslə qışqırdı:

– Ay qız, bu hansı stansiyadı?

– Lundanka, – bələdçi boğuq səslə cavab verdi.

– Bazar var burada? – yenə də qıza baxa-baxa pijamalı kişi soruşdu.

– Yoxdu, – yenə də bələdçi dilləndi. – İki dəqiqə dayanırıq.

– Olmadı ki! – sərnişin qızdan gözünü çəkmədən heyrətləndi.

– Bağlayın pəncərəni, – içəridə şıltaq səslə kişidən xahiş etdilər.

Pijamalı kişi çevrilib perrona ətli kürəyini göstərdi, sonra yazıqcasına gülümsəyərək pəncərəni bağladı və həmin dəqiqə də yox oldu. Elə bil onu yer uddu.

Oğlan çamadanı vaqonun pilləkəninə qoyub qıza tərəf döndü:

– Bəlkə vidalaşaq? – ağır səslə mızıldanıb əllərini cibinə soxdu.

Qızın göz yaşları yanaqlarından axdı. O hıçqırıb üzünü oğlanın çiyninə sıxdı.

– Mən darıxacağam, – pıçıldadı. – Tez-tez məktub yaz... Eşidirsən? Ya-az... Gələcəksən, elə deyilmi?

– Dedik də-ə... – oğlan qorxurmuş kimi könülsüzlüklə dedi. – Üzünü sil. Eşitmirsən?!

– Eybi yox, – qız təngənəfəs və dələ çevikliyi ilə göz yaşlarını silə-silə, həsrətlə oğlanın üzünə baxa-baxa pıçıldadı. – Mən burada tək-tənha qalıram. Dediklərimizi yaddan çıxarma.

– Yadımdadı. Mənə nə var ki! – oğlan qalın səsilə deyib başını qaldırdı, ətrafa göz gəzdirdi.

– Mən isə... Bütün ömrüm boyu sənin üçün... Sən bunu bil!

– Dedik də, – oğlan yerə baxa-baxa etinasızcasına dodaqlarını tərpətdi..

İki dəfə titrək, nəm çəkmiş zəng səsi eşidildi.

– Vətəndaş, xahiş edirəm vaqona keçəsiniz, yoxsa qalacaqsınız, – bələdçi dedi və tələsik tambura qalxdı.

Qızın sifəti ağardı, əlini ağzına təpdi.

– Vasya! – o qışqırdı və heç nə görməyən baxışlarını sərnişinlərin üstünə səpdi. Onlar tez çevrilib ona baxdılar. – Vasya! Öp məni...

– Öpüm də-ə... – oğlan mızıldandı, kiminsə tənəli baxışından çəkinirmiş kimi arxaya çəpəki nəzər salıb qıza tərəf əyildi. Sonra qəddini düzəltdi, sanki ağır bir işi yerinə yetirib pilləkənə sıçradı. Qız astaca inlədi, titrəyən dodağını dişləyib əlləri ilə üzünü qapadı, ancaq tez də əllərini çəkdi... Vaqonlar altdan fısıldaşdı, irəlidə parovoz boğuq səslə qışqırdı. Meşə tərəfdən o cür də boğuq və qısa əks-səda qayıtdı. Qatar astaca tərpəndi. Qalın şpallar cırıldadı. Oğlan pilləkəndə dayanıb çiskin dalğınlıqla qıza baxırdı, sonra onun sifəti bir az qızardı və o astadan qışqırdı:

– Eşidirsən?.. Mən daha gəlməyəcəyəm! Eşidirsən?..

O, dişlərini qıcadı, sinə dolusu hava udub pilləkəndəki çamadanı götürərək yanakı addımlarla tambura qalxdı.

Qız həmin an sanki birdən-birə əyilib ikiqat oldu, başını aşağı saldı... Onun böyründən vaqonlar ötüşdü, şpallar ağır-ağır nəfəs alırmış kimi fısıldaşdı, nəsə aramsız cırıldadı. Qız isə göz qırpmadan diqqətlə relsin üstündə təkərlərin tez-tez açıb-qapadığı rəngarəng mazut ləkəsinə baxırdı. Fikirli-fikirli, sıxıla-sıxıla, özü də hiss etmədən həmin ləkəyə yaxınlaşa-yaxınlaşa baxırdı, elə bil ləkə onu ovsunlayıb aldada-aldada özünə çəkirdi. O bütün gücünü toplayıb əlini dözülməz ağrı ilə sancan ürəyinə sıxdı, onun körpə, belə ağrılar üçün çox naşı dodaqları isə getdikcə ağardı.

– Kənara çəkil! – birdən onun başı üstündə vəhşi səslə bağırdılar.

Qız diksindi, göz qırpdı, rəngli ləkə işıqlandı, bozardı, şpalların cırıltısı, təkərlərin döyüntüsü qurtardı və qız başını qaldırıb gördü ki, arxasına dairəvi, qırmızı lövhə vurulmuş sonuncu vaqon səssizcə, sanki havada süzürmüş kimi uzaqlaşır. Qız başını sallaqqarın, etinasız göyüzünə tərəf qaldırdı, yaylığını ovucları ilə başından üzünə sürüşdürüb sərxoş adam kimi ləngər vura-vura əkə-bikə arvad səsilə uladı:

– Getdi-i-i!..

Qatar tezliklə yaxın meşənin arxasında görünməz oldu. Perronu sakitlik bürüdü. Əyri ayaqlarını sürüyə-sürüyə stansiya rəisi qıza yaxınlaşdı, onun arxasında dayanıb əsnədi:

– Getdi? – dedi. – Hı-ı-ı? Hamı çıxıb gedir.

Susdu, sonra ağzından yerə atdığı bəlğəmi ayağı ilə əzdi.

– Mən də çıxıb gedəcəm... – mızıldandı. – Verəcəyəm özümü cənub tərəflərə. Burada adam darıxır, yağışlar da bir yandan... Cənub isti olur. Şeylər var orada, nədir onların adı? Hə, sərv ağacları!

Qızın əndamına nəzər saldı, onun palçıqlı çəkmələrinə uzun-uzadı baxdı, sonra astadan, bir az da laqeydliklə soruşdu:

– Siz “Qırmızı mayak”dan deyilsiniz? Hə? Hı-ı-ı... Belə de-e... Çox sarsaq havadır.

Ayaqlarını sürüyə-sürüyə, ehtiyatla gölməçələrin arasından keçib getdi.

Qız bomboş perronda xeyli dayandı, irəli, çox yaxın bir məsafəyə dirənmiş baxışları ilə heç nə görə bilmədi: nə tünd, nəmiş meşəni, nə boz parıltı ilə uzanan dəmir yolunu, nə də yerə yapıxmış qırmızımtıl otları. O, oğlanın çil, kobud sifətini görürdü.

Nəhayət, köks ötürdü, yaş yanaqlarını silib atın yanına getdi. Atı açdı, quşqunu düzəltdi, otu çevirdi, bir dəfə də büdrəyəndən sonra arabaya dırmaşıb yüyəni tərpətdi. At azca gerilədi, tənbəl-tənbəl quyruğunu yellədi, güclə dönüb ağır addımlarla sarmaşıqlı çəpərin, ot tayalarının, kərpic kimi üst-üstə qalanmış şpalların yanından keçərək çöl yoluna tərəf getdi.

Qız nal kimi əyri boyunduruğun üstündən harasa baxa-baxa yerində tərpənməz oturmuşdu, sonra dönüb axırıncı dəfə stansiyaya baxdı və üzü üstə arabanın içinə uzandı.

Tərcümə: Səfər Alışarlı

Seçilən
13
kulis.az

1Mənbələr