AZ

Biləsuvarda gənc oğlan atasını döyən qonşusunu bıçaqladı— TƏFƏRRÜAT

Biləsuvar rayonunda 1992-ci il təvəllüdlü İbrahim şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Çingizə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 13 avqust 2023-cü ildə, saat 21:30-da Biləsuvar şəhəri, S.Vurğun küçəsində baş verib. 

İbrahim həmin küçədə yerləşən 1 nömrəli binanın həyətində şəxsi münasibətlər zəminində yəni, Çingizin onun atasının ailə üzvlərini söyüb-təhqir etməsinə irad bildirməsi səbəbindən aralarında yaranmış dava-dalaş zamanı yumruq və stulla atasının baş, sifət nahiyələrindən vuraraq ona xəsarət yetirib. 

İbrahim Çingizin atasını döyməsinin qarşısını almaq istəyib. Lakin Çingiz onun sağ çənəsindən yumruqla vurmaqla sağ çənə bucağı nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən əsəbləşib. İbrahim Çingizin üzərinə hücum edib, özü ilə gətirdiyi bıçaqla onun qarın nahiyəsindən vurub. 

Hadisəni törədən İbrahimin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İbrahim ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Abutalıb onun atasıdır və Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən ikimərtəbəli binada kirayə tutduqları evdə bacısı və azyaşlı uşaqları, anası ilə birlikdə yaşayırlar: “Çingizi Biləsuvar rayon sakini kimi tanıyıram və onun da yaşadığı mənzil Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən atamın kirayə tutduğu ikimərtəbəli binada yerləşir. Çingiz və mənim ailə üzvlərim ilə aralarında qohumluq əlaqələri, yaxud mübahisə və ya münaqişə, şəxsi ədavət və ya düşmənçilikləri yoxdur”. 


Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 13-də, saat 21 radələrində yaşadığı evdə olan zaman qızı evə gələrək atası ilə anası qonşuluqda yaşayan şəxslərlə mübahisə etdiklərini bildirib: “Arvadım ilə birlikdə oraya getdik və onların mübahisə etdiklərini gördük. Valideynlərimi sakitləşdirərək yaşadığımız mənzilə apardıb. Bundan təxminən yarım saat sonra atamgilin kirayədə yaşadıqları evdə olduğum vaxt mənzilin qapısı döyüldü. Atası qapını açanda qonşu Çingiz atama onunla işi olduğunu dedi, həyətə çıxmasını istədi. Həmin vaxt atam Abutalıb Çingizi evə dəvət edərək, hətta çay içməyi təklif etdi. Çingiz isə evə daxil olmadı. Bundan sonra atam Abutalıb Çingizlə birlikdə həyətə düşdü. Həyətdə Çingiz atamdan arvadı Ceyranı hansı səbəbdən söyüb təhqir etməsini soruşdu. Atam isə heç kimi söyüb-təhqir etmədiyini, əksinə Ceyranın azyaşlı uşağının onun arvadını söyüb təhqir etməsini, bu səbəbdən aralarında mübahisə yaranmasını bildirdi. Lakin Çingiz atamın sözlərinə inanmadığı üçün aralarında mübahisə yarandı. Mübahisə zamanı Çingiz atam Abutalıbı nalayiq ifadələrlə söyüb təhqir etdi, sonra isə yerə yıxaraq yumruqla, stulla bir neçə dəfə baş və sifət nahiyələrindən vuraraq döydü. Atamın döyüldüyünü görərək dava-dalaşa müdaxilə etdim, Çingizin qarşısını almağa çalışdım. Bu vaxt Çingiz yumruqla bir dəfə çənə nahiyəmdən vurdu. Zərbənin təsirindən yerə yıxıldım və həmin vaxt yerdən tapdığım ucu iti olan dəmir parçası ilə bir dəfə Çingizin qarın nahiyəsindən vurdum. Dəmir parçasını xatırlamadığım yerə atdım, oradan uzaqlaşaraq əmimin yaşadığı evə getdim. Ona baş verən dava-dalaşı, dava vaxtı Çingizə xəsarət yetirdiyimi bildirdim. Daha sonra əmim oğlu Murada idarə etdiyi avtomobillə hadisənin baş verdiyi yerə gedərək Çingizi xəstəxanaya aparmasını xahiş etdim. Murad da razılaşdı. Özüm isə qorxduğum üçün əmimin evində qaldım. Bundan qırx-qırx beş dəqiqə sonra əmim evə qayıdaraq məni Biləsuvar Rayon Polis Şöbəsinə apardı. Şöbədə atamın kirayə yaşadığı evin həyətində baş vermiş dava-dalaş zamanı qonşuluqda yaşayan Çingizə xəsarət yetirdiyimi bildirdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Çingizin sözlərinə görə, evlidir, himayəsində iki azyaşlı uşağı var və ailəsi ilə birlikdə Biləsuvar şəhərində yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm, yalnız usta kimi işləyərək ailəmi dolandırıram. İbrahimın atası Abutalıbla qonşuyuq, aramızda qohumluq əlaqəsi, şəxsi ədavət və ya düşmənçilik yoxdur. Məlum hadisəyədək aramızda əvvəllər hər hansı mübahisə və ya münaqişə olmayıb. İbrahimlə də münasibətim normal olub. Hadisə baş verən gün, axşam saatlarında Alim adlı şəxsin həyətində usta kimi işləyən zaman arvadım Ceyran zəng edərək Abutalıbın onunla mübahisə etdiyini, onu və uşaqlarını söyüb təhqir etdiyini bildirdi. Dərhal yaşadığım evə getdim, binanın ikinci mərtəbəsinə qalxaraq Abutalıbgilin qapısını döydüm. Abutalıb qapını özü açdı. Evə daxil olmadım. Abutalıba onunla həyətdə işim olduğunu dedim və birlikdə həyətə düşdük. Həmin vaxt İbrahim də arxasmızca həyətə düşdü. Həyətdə Abutalıbdan arvad-uşağımı hansı səbəbdən söyərək təhqir etdiyini soruşdum. Abutalıb isə yenidən qayınanamın yanında arvadım Ceyranın ünvanına nalayiq ifadələr işlətdi. Bu zaman aramızda mübahisə yarandı. Abutalıbla bir-birimizin ünvanına nalayiq ifadələr söylədik və əlbəyaxa olduq. Həmin vaxt Abutalıbın başına bir dəfə yumruqla vurdum və o yerə yıxıldı”. 

Zərərçəkmiş qeyd edib ki, bu zaman İbrahim arxadan üzərinə hücum edərək onu yumruqla vurmaq istəyib: “Mən də özümü müdafiə etmək üçün İbrahimə tərəf yumruq atdım. İbrahim cibindən bıçaq çıxardaraq üzərimə yenidən hücum etdi və qarın nahiyəmdən həmin bıçaqla xəsarət yetirəndən sonra əlində olan bıçağı yerə ataraq qaçdı. Ayağa qalxaraq  beş-altı metr irəli getdikdən sonra yerə yıxıldım. Hadisəni görən qonşularından biri dərhal təcili tibbi yardıma zəng edərək hadisə yerinə çağırdı. Lakin təcili tibbi yardım avtomobilinin gəlməsini gözləmədən hadisə yerinə gəlmiş Abutalıbın qardaşı oğlu idarə etdiyi “Nissan” markalı avtomobillə məni Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına apardı. Xəstəxanada əməliyyat olundum və bir neçə gündən sonra evə buraxıldım”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, təyin edilmiş cəzanın sərtliyindən narazı olduğunu deyib və barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq olunmasını istəyib. 

Şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayət təmin olunub. 

İbrahimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub və 3 il azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab olunub. 
Təqsirləndirilən şəxsin üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifələri qoyulsun vəzifəsi qoyulub. Təqsirləndirilən şəxsin üzərində nəzarəti Biləsuvar rayon icra və probasiya şöbəsi həyata keçirməsi tapşırılıb. 

Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilib. O, hazırkı hökm elan edildikdən dərhal sonra Ədliyyə Nazirliyi Penitensiar Xidməti 17 saylı Cəzaçəkmə Müəssisəsindən həbsdən azad olunub.

Fariz Məlikli
Demokrat.az
Seçilən
24
demokrat.az

1Mənbələr