AZ

Nəsimi rayonunda YAP-ın təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib TƏDBİR

Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 32 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının 32 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb: “Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 32 illik şərəfli yol ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir.”

Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı xalqın ümummilli lider Heydər Əliyevə olan inamının tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdiyini bildirib.

Millət vəkili Asif Əsgərov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov çıxışında qeyd edib ki, son 32 ildə partiya məfkurəsinin əsasını müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri təşkil edib.

Sonra Partiya sıralarına daxil olan bir qrup yeni partiya üzvünə partiya vəsiqələri təqdim edilib və bir qrup partiya fəalına təşəkkürnamələr təqdim edilib.

Daha sonra yeni partiya üzvləri adından ehtiyatda olan general-mayor Natiq Əliyev Yeni Azərbaycan Partiyasının bundan sonra da mühüm nailiyyətlərə imza atacağına əminliklərini ifadə edib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Seçilən
30
1
sesqazeti.az

2Mənbələr