AZ

“İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği” tədbirinin açılış mərasimi - FOTOLAR

COP29 çərçivəsində “İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği” tədbirinin yüksəksəviyyəli açılış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə qlobal iqlim fəaliyyəti çərçivəsində daha güclü su ölçüsü yaratmaqla İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoquna rəsmi start verilib.

Açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev susuzluq probleminin COP29 müzakirələrində prioritet məsələlərdən biri olduğuna diqqət çəkib: “Su iqlim problemlərinin aradan qaldırılmasında həlledici rol oynayır. Buna baxmayaraq uzun illər su problemi qlobal iqlim müzakirələrindən kənarda qalmışdı.

İqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllində susuzluq probleminə bütün aspektlərdən nəzər yetirməliyik. Çünki su həyatdır. Məhz bu səbəbdən COP29 Sədrliyi su məsələsini prioritetə çevirib”.

Daha sonra M.Babayev hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa dəvət edib: “Dialoqları sürətləndirmək tərəfdaşlığın artırılmasına təkan verəcək. Biz iqlim fəaliyyəti çərçivəsində su tərəfdaşları tapmalıyıq. Fəaliyyətlərə təkan üçün Bakı Dialoqu mühümdür”.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen bildirib ki, dünyada 3 milyarda yaxın insan su qıtlığından əziyyət çəkir: “Bir çox problem su çatışmazlığından yaranır. 2023-cü ildən bəri emissiyalar 1,3 faiz artıb. Qlobal istilik artımı həddinin 1,5 dərəcə səviyyəsində qalmasını təmin etmək üçün hələlik götürdüyümüz öhdəlikdən uzağıq, həmçinin istixana qazlarının emissiyasında artım qeydə alınır”.

İcraçı direktor emissiyaların azaldılmasına diqqət çəkib: “Biz emissiyanı azaltmasaq 1,5 dərəcə hədəfinə nail olmayacağıq. Tədbir görməliyik və su probleminin həlli həmin səylərin tərkib hissəsi olmalıdır. Uzunmüddətli dayanıqlığı, su resurslarının dözümlülüyünü təmin etmək üçün su resurslarının keyfiyyətinin idarə edilməsi həyata keçirilməlidir, həmçinin ətraf mühit və iqlim məsələlərinin toqquşduğu məqamları nəzərə almalıyıq”.

Daha sonra UNEP-in icraçı direktoru İnger Andersen və ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev İqlim fəaliyyəti üçün su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolunu imzalayıblar.

Qeyd edilib ki, niyyət protokolu təşəbbüsün gələcək fəaliyyətlərinin icrasına dəstəyi nəzərdə tutub.

Seçilən
14
2
sia.az

3Mənbələr