AZ

Böyük Britaniya su məsələləri üzrə Bakı Bəyannaməsini dəstəkləyir - Nazir

Böyük Britaniya Su məsələləri üzrə Bakı Dialoqunu dəstəkləyir.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ətraf Mühit naziri Meri Kriq COP29 çərçivəsində keçirilən "Su Gününün qeyd edilməsi: İqlim, təbiət və insanlar üçün xilasedici halqa" adlı yüksək səviyyəli tədbirdə bildirib.

"2023-cü ildə biz son 30 ilin ən quraq ilini müşahidə etdik. Bu, ciddi nəticələr doğurur. Sadəcə Rona və ya Dunay çaylarına baxmaq kifayətdir ki, bunun ərzaq sistemlərinə, nəqliyyata və təmiz enerji istehsalına necə böyük zərər vurduğunu görəsiniz. Məhz buna görə də Böyük Britaniya COP26-da konfrans çərçivəsində ilk Su Pavilyonunu təşkil etdi ki, suyun bu kontekstdə əhəmiyyətini gücləndirsin. Biz məmnuniyyətlə görürük ki, hər bir COP ilə suyun rolu daha da artır.

Bu gün də bu davam edir və Böyük Britaniya olaraq COP29 çərçivəsində su məsələri üzrə Bakı Bəyannaməsini dəstəklədiyimizi elan etməkdən məmnunluq duyuruq. Biz bu təşəbbüsü tam dəstəkləyirik və bu güclü "fəaliyyət çayı"nın Belemdən keçərək daha irəliləyəcəyini səbirsizliklə gözləyirik. Əlbəttə ki, bu asan bir vəzifə olmayacaq", – deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
62
42
hit.az

10Mənbələr