AZ

Hazırkı iqlim sammitindən çox təsirləndik - Milena Miliç

"Təşkilati məsələlərindən tutmuş müxtəlif ölkələrdən olan iştirakçılar arasında gedən kommunikasiyalara qədər hazırkı iqlim sammitindən çox təsirləndik".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Rusiyanın Saxalin bölgəsi qubernatorunun iqlim məsələləri və regionun davamlı inkişafı üzrə xüsusi nümayəndəsi Milena Miliç deyib:

"Biz gələcək xarici tərəfdaşlarla bir neçə görüş keçirdik, ümumi əlaqə və maraq nöqtələri tapdıq. Qazaxıstan və Malayziya ilə mümkün qədər sıx əlaqə qura bildik. Eləcə də Azərbaycanla, Asiya-Sakit okean ölkələrinin digər nümayəndələri ilə əməkdaşlıq imkanlarını müzakirə etdik. Bu, bizim üçün çox vacibdir, çünki biz iqlim dəyişikliyi layihələrinin və digər iqlim təşəbbüslərinin Saxalin regionunda, eləcə də bütün Rusiya Federasiyasında ən yaxşı təcrübələr nəzərə alınmaqla həyata keçirilməsində maraqlıyıq. Ona görə də başqalarının təcrübəsini öyrənməyə və öz təcrübəmizi bölüşməyə hazırıq.

Bir neçə ildir karbon neytrallığına nail olmaq üçün ilk iqlim təcrübəsi Saxalin ərazisində həyata keçirilir. 2025-ci ilin yekunlarına əsasən, biz emissiya və udma balansına nail olmaq vəzifəsini qoymuşuq. Bu, çox iddialı bir vəzifədir.

Ekspert icmasının işində bizim həm biznes, həm də dövlət dəstəyi tədbirləri var. Ümumiyyətlə, bu, beynəlxalq ictimaiyyətlə, ən təcrübəli ekspertlərdən tutmuş gənc mütəxəssislərə qədər müxtəlif nəsillərlə əməkdaşlıq üçün böyük sahədir. Saxalin Dövlət Universitetinin bazasında beynəlxalq səviyyəli kampus tikilir. Ümumiyyətlə, biz özümüz üçün çoxlu imkanlar görürük və burada açıq işgüzar ünsiyyət sayəsində üfüqlərimiz genişlənir".

Milena Miliç vurğulayıb ki, COP29 iqlim dəyişikliyindəki problemin həllində mühüm rol oynayacaq: "Hər şey bizdən, iqlim siyasəti sahəsində fəaliyyət göstərənlərdən, fəaliyyətlərini dəyişən şirkətlərdən asılıdır. Ümumiyyətlə, davranışına, vərdişlərinə, istehlakına və ümumiyyətlə, düşüncə tərzinə cavabdeh olan hər bir fərdi şəxsdən çox şey asılıdıtr. Mənə elə gəlir, biz indi elə bir zamandayıq, həqiqətən ekoloji təfəkkürə keçid müşahidə olunur".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
18
teleqraf.com

1Mənbələr