AZ

Azərbaycan haqlıdır:  “Fransanın törətdiyi soyqırımıları dünyaya çatdırır” - Makron təlaş içində...

“Fransa Azərbaycana düşmənlik edən ölkədir. Ermənistanı tam şəkildə dəstəkləyir. Ermənistanın absurd iddialarını özünün siyasi prioritetlərinə çevirib”.

Bu barədə Bakıvaxtı.az-a siyasi şərhçi Elçin Xalidbəyli noyabrın 20-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmasından danışarkən bildirib.

O qeyd edib ki, Fransa ermənidən daha çox ermənipərəst mövqedən çıxış edir:

“Bunun da əsas səbəblərindən biri odur ki, rəsmi Paris Cənubi Qafqazı özünün müstəmləkəsinə çevirmək niyyəti güdür. Hələlik yalnız Ermənistanı geopolitik müstəmləkə vəziyyətinə sala bilib. Afrikadan qovulan Fransa, özünə yeni müstəmləkə məkanı olaraq, Cənubi Qafqazı seçmiş kimi görünür. Amma Azərbaycan dövləti Fransanın bu məkirli planlarını boşa çıxarmaqdadır. Buna qarşı müqavimət göstərir və Fransanın Cənubi Qafqaza yerləşməsinin qarşısını almaqda davam edir”.

Müsahiimizə görə, ona görə də Fransa Azərbaycandan intiqam almağa, ölkəmizə təzyiq göstərərək, onun geri çəkilməsinə nail olmaq istəyir. E.Xalidbəyli qeyd edib ki, Azərbaycana qarşı beynəlxalq təzyiq və iftira kampaniyasının əsas təşkilatçısı məhz Fransadır:

“Təbii ki, Azərbaycan Fransa ilə rəqabət aparmaq gücündədir. Bununla yanaşı, rəsmi Parisin bu qərəzli mövqeyindən geri çəkiləcəyi inandırıcı görünmür, çünki Fransanın əsas hədəfi Cənubi Qafqaza yerləşməkdir və bunun da qarşısında əsas əngəl Azərbaycan dövlətinin prinsipial mövqeyidir. Fransa Cənubi Qafqazda olmamalıdır. Ona görə də bu rəqabət və qarşıdurma davam edir və davam edəcək”.

Elçin Xalidbəyli: Fransa bundan sonra da Azərbaycanla düşmənliyini davam etdirməkdə israrlı olacaq

Analitikin qənaətincə, Fransanın əsas problemi odur ki, Cənubi Qafqazdakı dövlətlərlə hüquqi, normal, qarşılıqlı münasibətlər qurmaq əvəzinə region ölkələri üzərində öz siyasi iradəsini diktə etmək niyyətinə düşüb:

“Bu da baş tutan iş deyil. Ona görə də Fransa Azərbaycana qarşı təzyiq kampaniyası həyata keçirməyə çalışır. Azərbaycanın da əlində Fransaya qarşı təsir mexanizmləri mövcuddur. Azərbaycan Fransanın beynəlxalq müstəmləkəçilik siyasətini dünya məkanında ifşa etməkdə davam edir və haqlıdır. Fransanın törətdiyi soyqırımıları, beynəxalq hərbi cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır və Makron hakimiyyəti Azərbaycanın bu istiqamətdəki addımlarından ciddi narahatdır. Ona görə də bu qarşıdurmanın yaxın zamanlarda arxa plana keçəcəyi qətiyyən inandırıcı görünmür”.

Həmsöhbətimiz hesab edir ki, Fransa bundan sonra da Azərbaycanla düşmənliyini davam etdirməkdə israrlı olacaq. Onun sözlərinə görə, əsas məsələ odur ki, ermənipərəst siyasətini açıq müstəviyə keçirən Makron hakimiyyəti dəyişməyincə, vəziyyət eyni qalacaq:

“Makron hakimiyyəti dəyişdikdən sonra Fransa-Azərbaycan münasibətlərində dəyişikliklərə ümid bəsləmək olar. Bu da Fransada hakimiyyətə gələcək yeni siyasi qüvvələrin müəyyən edəcəyi hədəflərdən asılıdır. Bununla belə Fransanın Cənubi Qafqaz siyasətində Makronun hakimiyyəti qədər ermənipərəsət siyasət yürüdən ikinci belə hakimiyyət olmayıb. Ona görə də Makron hakimiyyəti dövründə Azərbaycan-Fransa münasibətlərinin dəyişəcəyini gözləmək sadəlövhlük olardı”.

Qeyd edək ki, noyabrın 20-də Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.

Aydın Baxış

Seçilən
27
bakivaxti.az

1Mənbələr