AZ

Sahibkarlar üçün elektrik enerjisi islahatları: Sadələşdirilmiş qoşulma və yaşıl enerji - Cahid Mikayılov

Azərbaycan Respublikası Energetika Nazirliyinin Mətbuat sektorunun müdiri - Mətbuat katibi Cahid Mikayılovun Fins.az-a müsahibəsi.

- Azərbaycanda son dövrlərdə elektrik enerjisi şəbəkəsinə qoşulma sahəsində hansı əsas dəyişikliklər həyata keçirilib?

-  Son illərdə Azərbaycanda elektrik enerjisi şəbəkəsinə qoşulma sahəsində əhəmiyyətli islahatlar həyata keçirilib. Bu istiqamətdə Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. Elektrik şəbəkəsinə qoşulmada əlçatanlığın təmin edilməsi, müraciət prosesinin daha da sadələşdirilməsi məqsədilə “Bir pəncərə” prinsipi tətbiq edilib. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün KOB evləri, “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzləri  vasitəsilə birbaşa müraciət edilir.

Bundan əlavə, müraciətlərin elektronlaşdırılması ilə proseslərin daha sürətli və şəffaf olması təmin edilib. Artıq vətəndaşlar və sahibkarlar //e-gov.az və ya //e-service.azerishiq.az portalları vasitəsilə müraciətlərini edib, şəbəkəyə qoşula bilərlər.

Tarif (qiymət) Şurasının 2024-cü il 3 may tarixli müvafiq Qərarı ilə elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləği hər kVt güc üzrə müəyyənləşdirilib ki, bu da elektrik şəbəkəsinə qoşulma prosesinin rəsmiləşdirilmə mərhələsinin daha da sadələşdirilməsinə imkan yaradıb. Bununla yanaşı, tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkədən elektrik təchizatı şəbəkəsinə sadələşdirilmiş prosedurlar və şərtlərlə qoşulması 150 kVt-dan 200 kVt güc həddinə yüksəldilib.

- “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun funksiyaları və əsas prioritetləri hansılardır?

- Energetika Nazirliyinin rəhbərlik etdiyi İşçi qrupunun əsas məqsədi sahibkarlarlıq subyektlərinin tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji alması prosedurlarının sadələşdirilməsi, proseslərin optimallaşdırılması, nəticədə ölkəmizdə biznes sahəsinin inkişafına töhfə verməkdir. İşçi qrupunun prioritetləri arasında elektrik şəbəkəsinə qoşulma prosesində şəffaflığın təmin edilməsi, elektron müraciətlərin təşviq olunması və beynəlxalq təcrübələrin tətbiqi yer alır. Eyni zamanda, işçi qrupun fəaliyyətində prosedurların hüquqi çərçivəyə uyğunlaşdırılması və sayının azaldılması, qoşulma müddətinin tezləşdirilməsi, ictimaiyyətlə daha effektiv kommunikasiya və yaşıl enerji mənbələrinin istifadəsinin təşviqi də nəzərə alınır.

- Azərbaycanda elektrik enerjisi şəbəkəsinə qoşulma prosesində beynəlxalq təcrübədən hansı yanaşmalar nümunə götürülüb?

- Beynəlxalq təcrübədən öyrənilmiş əsas yanaşmalar arasında “Bir Pəncərə” modeli xüsusi yer tutur. Bu model müraciət edən şəxslərin prosedurları bir mərkəzdən asanlıqla idarə etmələrini təmin edir.

Digər tərəfdən, aktiv istehlakçı modeli də tətbiq olunub. Artıq istehlakçılar öz enerji tələblərini qarşılamaqla yanaşı, istehsal etdikləri yaşıl enerjini şəbəkəyə ötürə və bunun müqabilində əlavə gəlir əldə edə bilərlər. Həmçinin, müraciətlərin rəqəmsallaşdırılması və elektron platformalar üzərindən idarə edilməsi beynəlxalq standartlara tam uyğundur.

- Elektrik enerjisi şəbəkəsinə qoşulma prosedurunun sadələşdirilməsi ilə bağlı onlayn platformaların rolu nədən ibarətdir?

- Əvvəldə də adını çəkdiyimiz //e-gov.az//e-service.azerishiq.az kimi onlayn platformalar elektrik şəbəkəsinə qoşulmanın sürətləndirilməsində və müraciət edənlərin işini asanlaşdırmaqda mühüm rol oynayır. Bu platformalar vasitəsilə istifadəçilər evdən və ya iş yerindın çıxmadan müraciətlərini həyata keçirə, müraciətlərinin statusunu izləyə və tələb olunan məlumatları əldə edə bilərlər. Bu, şəffaflığı artırmaqla yanaşı, insan müdaxiləsini minimuma endirərək prosesin obyektivliyini təmin edir.

- Biznes mühitinin yaxşılaşdırılması üçün elektrik enerjisinə qoşulma sahəsində hansı konkret nəticələr əldə olunub?

- Sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması ölkəmizin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir və elektrik enerjisinə qoşulma sahəsində həyata keçirilən islahatlar biznes mühitinin yaxşılaşdırılmasına birbaşa töhfə verir. Məsələn, əvvəllər gücü 150 kVt-a qədər olan obyektlərin elektrik şəbəkəsinə qoşulması sadələşdirilmiş rejimdə həyata keçirilirdisə, indi bu güc 200 kVt-a qədər qaldırılıb, qoşulma müddəti isə 41 gündən 20 günə qədər azaldılıb. Qoşulma üçün prosedur sayı əvvəl 7 idisə, indi 2 prosedurda elektrik şəbəkəsinə qoşulmaq mümkündür. Eyni zamanda, indi gücü 150 kVt-a qədər olan bərpa olunan enerji qurğuları ilə yaşıl enerji istehsal etmək istəyənlər üçün aktiv istehlakçı modelinin tətbiqi bizneslərə öz enerji ehtiyaclarını daha səmərəli idarə etmək və əlavə gəlir əldə etmək imkanı verir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunda bu prosedurların daha da sadələşdirilməsi üçün müntəzəm olaraq müzakirələr aparılır, təkliflər hazırlanır və tədbirlər görülür.

Seçilən
11
fins.az

1Mənbələr