AZ

COP29: Razılaşmalar aqrar sektorun inkişafına müsbət təsir edəcək

Azərbaycanda COP29 konfransı öz işini davam etdirir. Bu gün konfransın 11-ci günüdür.

 

İqlim dəyişikliyinin ən çox təsir etdiyi sahələrdən biri də aqrar sektordur.  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, aqrar sektorun inkişafı bilavasitə iqlim şəraitindən, suvarmanın normal təşkilindən, topağın münbitliyindən və təbii hadisələrə qarşı mübarizənin düzgün şəkildə həyata keçirilməsindən asılıdır:

 

“Dünyada bu gün iqlim dəyişiklikləri baş verirsə, torpaqlar şorlaşırsa, təbii fəlakət, yanğın, daşqınlar baş verirsə, sözsüz ki, bu amillər kənd təsərrüfatının inkişafına özünün mənfi təsirlərini göstərməkdədir və göstərir. İqlim dəyişikliklərinin fəsadlarının qarşısının alınması bilavasitə kənd təsərrüfatında da özünün faydalı nəticələrini göstərə bilər. Səbəbsiz deyildi ki, Bakıda keçirilən COP29-da gündəmdə olan bir sıra vacib məsələlər-aqrar sektorun inkişafı, qida təhlükəsziliyi, kənd təsərrüfatında mütərəqqi texnologiyanın həyata keçirilməsi ilə əlaqədardır. Bu, panel iclaslarında da özünü göstərir. Bundan sonrakı tədbirlərdə də bu məsələnin gündəmdə olması planlaşdırılıb. Su qıtlığından son illər Azərbaycanda kənd təsərrüfatı sahələri xeyli qaydada çətinlik çəkib. Xüsusilə yay aylarında əkin suyunun çatışmazlığı ucbatından min hektarlarla əkin sahələrinə ziyan dəyir,nəticədə, məhsuldarlıq aşağı düşür”.

 

Komitə sədri vurğulayıb ki, COP29-da qarşıya qoyulan vəzifələr bilavasitə ölkədə aqrar sektorun inkişafında da özünü müsbət nəticələrini göstərəcək:

 

“COP29-da gündəmdə olan ən başlıca məsələ dünyada ərzaq təhlükəsizliyinin təmin olunması ilə əlaqədardır. Bir çox ölkələrdə aclıq və səfalət hökm sürür. 1 milyard 200 mindən artıq insan aclıq çəkir. Kənd təsərrüfatı məhsulları normal qaydada becərilib toplanılmırsa, iqlim dəyişiklikləri buna özünün mənfi təsirini göstərirsə, sözsüz ki, ərzaq təhlükəsizliyinin təminatından danışmaq qeyri-mümkündür. Ona görə də Azərbaycan, eləcə də dünyanın bir çox ölkələri Bakıda keçirilən COP29-dan yaxşı nəticələr gözləyirlər. İlk növbədə bu tədbirin əsas məqsədi ərzaq təhlükəsizliyinin təminini normal təşkil etmək və iqlim dəyişikliklərindən əziyyət çəkən ölkələrə maliyyə vəsaitinin göstərilməsidir. Ona görə də tədbir iştirakçıları öz bəyanatlarında maliyyə problemlərinin aradan qaldırılmasını, lazımı olan qərarların qəbul olunmasını başlıca vəzifə kimi qarşıya qoyublar. Sözsüz ki, aqrar sahənin inkişafı ilə bağlı Azərbaycanda  həyata keçirilən tədbirlər bilavasitə qida təminatının yaxşılaşıdırılması, kənd təsərrüfatında ziyan vericiliərin qarşısının alınması, məhsuldarlığın yüksəldilməsi ilə bağlıdır. Bu da tədbirin əsas məqsədlərindən biridir. Elə hesab edirəm ki, COP29-da qarşıya qoyulan vəzifələr bilavasitə ölkədə aqrar sektorun inkişafında da özünü müsbət nəticələrini göstərəcək”.

Seçilən
3
2
hokm.az

3Mənbələr