Kartofu İrandan 44 qəpiyə alıb, Rusiyaya 73 qəpiyə satırıq
Bu ilin ilk 9 ayı ərzində Azərbaycandan xarici ölkələrə 48 min 234,1 ton karof ixrac edib, əvəzində isə xarici ölkələrdən 84 min 302,8 ton kartof idxal olunub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricə satılan kartofun 1 kiloqramının orta gömrük dəyəri 71,4 qəpik (42 sent) olduğu halda, ölkəyə gətirilən kartofun qiyməti bundan ucuz olub.
Belə ki, bu ilin ilk 9 ayında xaricdən gətirilən kartofun 1 kiloqramının orta gömrük dəyəri 45 qəpiyə (26,6 sent) bərabər olub.
Qeyd edək ki, ixrac olunan kartofun böyük əksəriyyəti – 88%-i Rusiyaya satılır. İdxal olunan kartofun isə yarıdan çoxu – 55%-i İrandan alınır. Rusiyaya satılan karofun 1 kiloqramının orta gömrük dəyəri 73,3 qəpik (43 sent) olduğu halda, İrandan alınan karofun 1 kiloqramının orta gömrük dəyəri 44 qəpik (26 sent) olub.
Məlumat üçün qeyd edək ki, xaricdən gətirilən kartofun marketlərdəki orta satış qiyməti 90 qəpik, yerli karofun orta satış qiyməti isə 95 qəpik olub.
Murad Məmmədov