AZ

"Hazırda cinayət xəbərləriqarşımıza özümüzün idarəsindən asılı olmadan çıxır"— Psixoloq

"İnsan var olduğu andan zorakılıq və qətl hadisələri olub. Dövrün dəyişməsi, texnologiyanın inkişaf etməsi də bu hadisələrə öz təsirini göstərir. Soaial şəbəkələr olmadığı vaxtlarda televiziyada kriminal hadisələr üçün xüsusi verilişlər olurdu. Cinayət hadisələri bu verilişlərdə xəbər edilirdi. Verilişlər gecə saatlarında efirə getdiyi üçün yeniyetmələr və uşaqların izləmək ehtimalı azalırdı. Yetişkin insanlar isə öz istəklərinə görə izləyirdilər".

Bu sözləri Demokrat.az-a psixoloq Fidan Canbabazadə deyib: 


"Hazırda sosial şəbəkələrdə bu tərz xəbərlər bizim qarşımıza özümüzün idarəsindən asılı olmadan çıxır. İnsanlar sosial şəbəkələrdə nəinki xəbəri görür, bütün təffərrüatlarına qədər öyrənirlər. Bu baxımdan inkişafın müəyyən qədər zərərlərini görürük.

Əvvəllər də zorakılıq halları var idi. Sadəcə insanlar bunların hamısından xəbərdar ola bilmirdi. Hər şey ailə içində qalırdı. Bunun yaxşı tərəfləri də var. Yeniyetmələr tanımadıqlar insanlara güvənməklə başlarına nələrin gələ biləcəyindən xəbərdar olurlar".

O bildirib ki, uzun müddət hansısa məlumata məruz qaldıqda qorxmaq əvəzinə öyrəşməyə başlayırıq:

"Bir müddət sonra beynimiz onu öz fikrimizmiş kimi qəbul edir. Necə deyirlər, nə yeyirsən, nə izləyirsənsə ona çevrilirsən. Bizə faciəvi gələn şeylər zaman içində adiləşə bilir. Müasir dövrdə mütəxəssislər hər şeyi travma ilə əlaqələndirirlər. Belə olan halda hər bir travma səbəbindən belə bir şeyin olması labüdmüş kimi qəbul edilir. Biz daha çox kriminal hadisələrin xəbərlərini görürük. Nəticələr isə çox az paylaşılır. İnsanlar bilməlidir ki, hadisə törətdikdə onları hansı nəticələr gözləyir.

Cinayət törədənin travmalarını, yaşadıqlarını, sonraki həyatında daha güclü olmasını və.s öyrənirik. Bütün bunlar həmin insan kimi olan birinə dərs olmur, daha da zövq verir".

Onun sözlərinə görə, yaxşı olar ki, bu tip xəbərlər yayıldığı zaman həmin hadisəni törədən insanların taleyinin heç də ürəkaçan olmadığına diqqət çəkilsin:

"Serial, xəbər və.s kimi televiziya proqramlarında insanlara sadəcə hadisə göstərilir. Bir çoxları bundan zövq alır və sonrasını əsla düşünmür. Sonradan verilən cəzanın ağırlığı müəyyən mənada insanları dayandıra bilər. Bu xəbərləri çatdıracaq xüsusi kanallar, verilişlər olmalıdır. Sosial şəbəkələrdə də bunu etmək lazımdır. Həmim profillərə giriş üçün xüsusi şərtlər olmalıdır. Çünki hansısa xəbərin insan psixologiyasına necə təsir edəcəyini bilmirik. Bu xəbərlər cinayətə təşviq də edə bilər, intihara qədər apara da bilər".

Əfsanə Kamal
Demokrat.az 
Seçilən
8
demokrat.az

1Mənbələr