AZ

UEFA Kosovo millisinə texniki məğlubiyyət verdi

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş və yarımçıq qalmış Rumıniya – Kosovo matçı ilə bağlı qərar verilib.

Arena.az xəbər verir ki, bu barədə UEFA Apellyasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qərara əsasən, Kosovo milli komandasına bu oyuna görə texniki məğlubiyyət verilib. Kosovo Futbol Federasiyası həm də 6 min avro cərimə ödəməlidir. Rumıniya Futbol Federasiyası isə baş verənlərə görə 128 min avro cərimələnib. Rumıniya milli komandası növbəti ev matçını tamaşaçısız keçirəcək.

Xatırladaq ki, noyabrın 15-də qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilmiş bu oyunda qapılara qol vurulmamışdı. 90+3-cü dəqiqədə isə matç dayandırılmışdı. Buna rumıniyalı azarkeşlərin Serbiya şüarları səsləndirməsi səbəb olub. Kosovolu futbolçular onların bu hərəkətlərindən sonra meydandan çıxıblar və paltardəyişmə otağına yollanıblar. Həmin vaxt rumıniyalı Denis Alibeklə kosovolu Albion Rahmani arasında mübahisə yaşanıb. Bu isə iki komandanın oyunçuları arasında gərginliyə səbəb olub.

UEFA-nın bu qərarı kosovoluların ürəyincə olmayıb. Belə ki, Kosovo Futbol Federasiyası yığmaya texniki məğlubiyyət verməsinə etiraz əlaməti olaraq İdman Arbitraj Məhkəməsinə müraciət edəcək. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bəyanatda bunlar qeyd olunub:

“Biz bu qərarla razı deyilik. Futbolçularımız bu şəraitdə oynamaqdan imtina edərək böyük cəsarət və nümunəvi davranış göstərdilər”, – deyə paylaşımda vurğulanıb.

Rumıniya və Kosovo yığmaları C Liqasının 2-ci qrupunda mübarizə aparırdılar. Mövcud qərara əsasən, Rumıniya yığması 18 xalla qrup birincisi, Kosovo millisi isə 12 xalla 2-ci olub.

Seçilən
12
arena.az

1Mənbələr