AZ

Xuan Mata MLS klubunun həmsahibi oldu

“Vestern Sidney Uonderers”in ispan yarımmüdafiəçisi Xuan Mata ABŞ klubu “San Dieqo”nun ortaq sahiblərindən birinə çevrilib.

Arena.az bu barədə MLS klubunun rəsmi saytına istinadən məlumat verir:

“San Dieqo” Futbol Klubu, ispan futbol əfsanəsi və dünya çempionu Xuan Matanın tərəfdaş kimi ona qoşulması ilə klubun sahiblik dəstəsinə böyük bir əlavəni elan edir. Mata “Major League Soccer”də (MLS) pay sahibi olan ilk fəal beynəlxalq futbolçudur. O, Devid Bekhemə MLS klubunun sahibi olan ikinci beynəlxalq oyunçu olaraq qoşulur”, – “San Dieqo”nun bəyanatında deyilir.

Mata üçün “maraqlı fürsət”

Mata özü də “San Dieqo”nun həmsahibləri dəstəsinə qoşulmasını şərh edib:

“San Dieqo” futbol klubuna tərəfdaş kimi qoşulmaq inanılmaz tərəqqi yaşayan bir şəhərdə və liqada həqiqətən xüsusi bir məqam ərsəyə gətirməyə kömək etmək üçün maraqlı bir fürsətdir. Həm bu klub, həm də “Dream to dream”in (xəyala haqq) cəmiyyətə təsir, mükəmməllik və uzunmüddətli uğura canatma öhdəliyi mənim öz dəyərlərimə tamamilə uyğundur. Təcrübəmi və oyuna olan həvəsimi bölüşməyin və həm meydanda, həm də meydandan kənarda ruhlandırıcı bir klub təsis etmək üçün burada hər kəslə işləməyin intizarındayam”, deyə Mata vurğulayıb.

Xuan Mata “Real”ın məzunudur. Yarımmüdafiəçi “qaymaqlılar”ın əvəzedici komandasında oynasa da, əsas komandaya düşə bilməyib. 2007-ci ildə “Valensiya”ya keçmiş Mata “yarasalar”ın heyətində uğurlu çıxışı ilə yadda qalıb. DÇ-2010-da İspaniya yığması ilə qazandığı çempionluq Matanın karyerasının tərəqqisinə səbəb olub. Mata 2011-ci ildə “Çelsi”yə, 2014-cü ildə isə “Mançester Yunayted”ə transfer edilib və hər iki İngiltərə klubunun heyətində uğurla çıxış edib.

Maraqlıdır ki, Mata heyətində yer aldığı bütün komandalarla qənimətlər qazana bilib. İspan yarımmüdafiəçi ilk qənimətinə “Valensiya” ilə İspaniya Kubokunu (2007/08) qazanmaqla sahib olub və vurduğu 4 qolla həmin yarışın ən sərrast qolçusu olub. Ardınca “Çelsi” ilə İngiltərə Kubokunu (2011/12), UEFA Çempionlar Liqasını (2011/12), Avropa Liqasını (2012/13), “Mançester Yunayted”lə İngiltərə Kubokunu (2015/16), İngiltərə Liqa Kubokunu (2016/17), İngiltərə Super Kubokunu (2016/17), Avropa Liqasını (2016/17) qazanmış Mata, Türkiyədə “Qalatasaray”la Super Liqanın (2022/23) qalibi olub.

Matanın yığma komandada da uğurlu karyerası olub. Xuan 2009-cu ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 41 oyun keçirib. O, bu oyunlarda 11 qol vurub, 8 məhsuldar ötürmə verib və iki mötəbər yarışda – DÇ-2010-da və AÇ-2012-də qalibiyyət sevinci yaşayıb. Həmçinin Matanın muzeyində İspaniyanın U-19 və U-21 yığmaları ilə qazandığı Avropa çempionatının kubokları var.

Mata “Vestern Sidney Uonderers”in heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 4 oyun keçirib.

“Transfermarkt” internet-portalı Matanın transfer dəyərini 700 min avro məbləğində qiymətləndirir.

Seçilən
18
arena.az

1Mənbələr