AZ

"İtkin düşmüş şəxslər məsələsi dünya diplomatik fikrində yer alıb" — Politoloq

"Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş şəxslərlə bağlı məsələ Azərbaycanın müharibədən sonra mövcud olan problemləri içərisində ən vacibidir. Ölkəmiz dəfələrlə itkin düşən şəxslər problemini müxtəlif beynəlxalq görüşlərdə qaldırıb. Ancaq hər dəfə Ermənistandan rədd cavabı eşidir və ya yayındırıcı jestlərin şahidi oluruq".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib:

"Müharibədən sonra beynəlxalq vasitəçilərin də iştirakı ilə gedən danışıqlarda bir neçə dəfə bu məsələ qaldırılıb. Dünyanın ictimai və diplomatik fikrində bu fakt mövcuddur ki, Birinci Qarabağ müharibəsində Azərbaycanın 4 min vətəndaşı itkin düşüb. Bu məsələ ilə bağlı Ermənistan bu günə qədər konkret məlumatlar verməkdən imtina edir. Dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistanın siyasəti dəyişmir".

Politoloq qeyd edib ki, ciddi şübhələr var ki, Ermənistan həmin şəxslərin taleyi ilə bağlı məlumatlara malikdir:

"Bu yöndə Azərbaycan müxtəlif tədbirlər görür. Bu yaxınlarda "İtkin düşən şəxslərlə bağlı məlumatları bilmək ailələrinin hüququdur" mövzusunda tədbir keçirilib. Azərbaycan BMT-də bununla bağlı hər 2 ildən bir müəyyən sənədlər yayır. BMT Baş Assambleyası itkin düşmüş şəxslərlə bağlı qətnamə də qəbul edib. Bütün bunlar Azərbaycanın bu mövzuda siyasətinin artıq beynəlxalq miqyasda tam şəkildə qəbul olduğunu deməyə əsas verir. Bizim bu yöndə siyasətimiz Ermənistanı ifşa edən ciddi istiqamətlərdən biri kimi qəbul olunub. Dünya şübhə etmir ki, itkin düşmüş şəxslərlə bağlı məsələlər sırf Ermənistandan asılıdır. Təəssüf ki, Ermənistan bu məsələ ilə bağlı irəli gələn məsuliyyətində heç bir addım atmır. Azərbaycanın bu məsələdə siyasəti Ermənistan üzərində qalib gəlmiş hesab olunur. Çünki 4 min nəfərdən artıq şəxsin itkin düşməsi dünya ictimai və diplomatik fikrində artıq oturub".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
7
demokrat.az

1Mənbələr