“Barselona”nın “Betis”də icarə əsasında çıxış edən braziliyalı mərkəz hücumçusu Vitor Roke kumiri olan futbolçunun adını açıqlayıb.
Arena.az “Madrid Universal” dərgisinə istinadən məlumat verir ki, gənc hücumçu, “Əl-Nəsr”in və Portuqaliya yığmasının ulduz hücumçusu və kapitanı Kristiano Ronaldonu özünün futbol kumiri olaraq görür:
“Kristiano Ronaldo mənim kumirimdir. Mən Neymarı sehrinə görə çox sevirəm, amma Kristiano mənim kumirimdir”, deyə Roke vurğulayıb.
Xatırladaq ki, “Betis” Vitor Rokeni 2024/2025-ci illər mövsümünün sonuna qədər müddətə icarəyə götürüb. İcarə müqaviləsindəki maddə fubolçunu sonradan satın almaq hüququnu “Betis”ə təqdim edir.
“Barselona” Vitor Rokeni 40 milyon avro məbləğ müqabilində “Atletiko Paranaense”dən transfer edib. Kataloniya nəhəngi Roke ilə müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Barselona” gənc istedadın təzminat haqqını 500 milyon avro məbləğində təyin edib ki, bu da fantastik bir məbləğdir.
Vitor Roke böyük futbola “Amerika Mineyro” və “Kruzeyro”nun futbol məktəblərindən keçərək gəlib. 2022-ci ilin aprelində “Kruzeyro” Rokeni 4,7 milyon avro məbləğ müqabilində “Atletiko Paranaense”yə transfer edib. Burada Roke səviyyəsini artıraraq, adından söz etdirib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Roke “Barselona”nın heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 2 qol vurub.
Cari mövsümdə isə Vitor “Betis” üçün 14 oyunda 5 qol vurub.
Vitor Roke 2023-cü ilin martında Braziliya millisinin heyətində debüt edib, meydanda 25 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Roke Braziliyanın U-20, U-23 yığmalarında oynayıb. U-20 yığması ilə Roke Cənubiamerikan Çempionatının qalibi olub və həmin yarışın 6 qolla ən sərrast futbolçusu olub.
“Transfermarkt” internet-portalı 19 yaşlı braziliyalı mərkəz hücumçusunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.