Son vaxtlar dələduzluq hallarına çox rast gəlinir. Bunlardan biri də saxta falçılıqla məşğul olanlardır. Qəribə olan odur ki, insanlar hələ də buna inanır və nəticədə onlar bundan zərər çəkirlər.
Mövzu ilə bağlı Redaktor.az-a danışan astroloq Səbuhi Rəhimli bildirdi ki, saxtakarlıqla mübarizə ilə əlaqədar maarifləndirmə işləri aparılmır.
"Bununla bağlı maariflənmə zəif gedir, televiziyalarda lazım təbliğat getmir, insanlar dinimizi bilmir, bütün bunlar ondan irəli gəlir. İnsanların rifahı aşağı düşəndə belə qara-qura işlərlə məşğul olanlar peyda olur, onların rəzil günündən istifadə edirlər. Deyir ki, möcüzə o yerdə olur ki, insanlar ona inanır. İnsanlar təkmilləşməkdənsə, cahilliyə doğru gedirlər. Televiziyada bir ara onları reklam etdilər. İndi də sosial şəbəkələrdə var, falçılar, baxıcılar özlərini reklam edirlər və buna da bir tədbir görülmür. Halbuki konstitusiyamızda dələduzluqla məşğul olanlara qarşı müvafiq tədbirlər var. Cəza mühiti, qanunlar işlək olmadığına görə belə şeylər olur".
Astroloqun sözlərinə görə, indi insanların real xəbər və hadisələrə marağı azalıb.
"Digər ölkələrdə insanlar texnoloji işlər görür, kosmosda xariqələr yaradır, bizimkilər isə hələ cahilliklə məşğuldur. Məsələn, mən fərqli sensasion xəbərlərlə çıxış edirəm, məlumatlar verirəm. Buna baxış çox az gəlir. Ancaq bu cür hadisələrdən danışanların baxış sayı, popularlığı çoxdur. Görürsünüz, Xoşqədəmi, digər Zaurları. Xalq onların əleyhinə danışır, amma bir o qədər də populyarlaşırlar".
Türkan İSGƏNDƏRLİ