AZ

Azərbaycanda üzgüçülüklə məşğul olmaq üçün nə qədər xərcləməlisən? - ARAŞDIRMA

Son dövrlər ölkəmizdə üzgüçülüyə maraq artmaqdadır. Bu da əbəs yerə deyil. Digər idman növləri kimi burada da dövlətin dəstəyi ilə maddi-texniki baza gücləndirilib, mütəxəssislər yetişdirilib, təlim-məşq toplanışlarının sayı artırılıb və kütləviləşməsi istiqamətində bir sıra addımlar atılıb. Qalıb yalnız bunun ardını gətirmək. Təbii ki, söhbət üzgücülərimizin beynəlxalq arenadakı uğurlarından gedir. Bu növün inkişafı bizi Olimpiadalarda yeni zirvələrə də yüksəldə bilər. Yay olimpiya oyunlarında da üzgüçülüyün xüsusi çəkisi var və medal baxımından daha zəngindir.

İdman.biz-in əməkdaşı bu idman növünün sabahını araşdırıb, uğura gedən yoluna və bu yolda qarşıya çıxan problemləri ortaya çıxarıb.

Təbii ki, bu gün tələb və təklif modelindən dolayı artan tək maraq yox, həm də qiymətlərdir. Məlum məsələdir ki, üzgüçülüyün özünəməxsus xərcləri digər idman növlərindən həmişə fərqlənib, bu gün isə aktual sual həmin məbləğin keyfiyyətlə nə qədər mütənasib olmasıdır.

Üzgüçülükdən danışarkən, ağla ilk olaraq bu sahədə dünya standartların malik Bakı Su İdmanı Sarayı gəlir. Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində inşa edilən kompleks Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Kompleksin daxilində ölçüləri 50 x 25 m, dərinliyi 3 m olan Olimpik hovuz, 25 x 20 m, dərinliyi 6 m olan su polosu, suya tullanma və sinxron üzgüçülük üçün nəzərdə tutulmuş hovuz, ümumi sahəsi 2500 m² olan fitnes zalı və spa xidməti fəaliyyət göstərir.

Sarayın əsas fəaliyyət istiqaməti uşaq kurslarıdır. Burada üzgüçülük, su polosu, sinxron üzgüçülük, suya tullanma kimi bir sıra məşqlər keçirilir. Mərkəzdə üzgüçülüklə məşğul olmaq istəyən 4-5 yaşlı uşaqlar üçün qrup məşqləri həftədə 3 dəfə olmaqla 120 manat, 6-15 yaş arası uşaqlar üçün isə 80 manat nəzərdə tutulub.

Böyüklər üçün gündəlik hovuza giriş qiyməti 25 manat, aylıq isə 12 dəfə olmaqla 100 manat təşkil edir. Perspektivli uşaqlara güzəştlərin edilməsi ilə bağlı sualımıza isə Saraydan bildirildi ki, hazırda belə bir təcrübə tətbiq olunmur.

Bu idman növünün daha da inkişafı üçün digər qurğularda durum necədir? Ümumiyyətlə, hər ortagəlirli ailə öz uşağını üzgüçülüyə yazdıra bilərmi? Əgər uşaqda potensial varsa, ona hansısa güzəştlər edilirmi? Bu məqamları nəzərə alaraq, paytaxtın digər ərazilərində fəaliyyət göstərən üzgüçülük hovuzlarının qiymətləri ilə də maraqlandıq.

Məlum oldu ki, sözügedən xidmətdən istifadə üçün aylıq paketlərin qiyməti təxminən, 100-250 manat arasında dəyişir. Onlarda da demək olar ki, hovuzlara vətəndaşlar peşəkar kimi, həvəskar kimi gəlirlər.

İqtisadçı ekspert Elşad Məmmədov mövzu ilə bağlı İdman.biz-ə danışarkən bildirdi ki, təqdim olunan rəqəmlər olduqca yüksəkdir: “Üzgüçülüklə məşğul olmaq üçün ölkədə tələb olunan ortalama xərclər məqbul sayıla bilməz. Bu sahədə qiymətlər olduqca bahadır. Üzgüçülüyün sağlamlığa verə biləcəyi töhfələri nəzərə alsaq, düşünürəm ki, məsələyə aidiyyəti dövlət qurumlarının müdaxiləsi tələb olunur. Müvafiq infrastruktur hazırlanmalı, üzgüçülüyün daha geniş əhali kateqoriyaları üçün əlçatanlığı təmin edilməlidir.

Uzun müddət üzgüçülüklə peşəkar şəkildə məşğul olduğuma görə, əminliklə deyə bilərəm ki, bu idman növünün insan orqanizminə faydaları çoxdur. Hesab edirəm ki, Azərbaycanda üzgüçülüyün geniş yayılması üçün keyfiyyətli hovuzların sayı artırılmalı və güzəştli şərtlərlə ölkə əhalisinin istifadəsinə təqdim olunmalıdır. Bunun üçün imkanlar da mövcuddur”.

O, yaşayış binalarının tikintisi üçün razılıq verilərkən sözügedən mövzuya dair məqamların da nəzərə alınmasını təklif edib: “Həmin normativlərdə qeyd oluna bilər ki, müəyyən sayda yaşayış binaları üçün idman meydançası və üzgüçülük hovuzu tikilib vətəndaşların istismarına verilməlidir. Təbii ki, istifadəçilərin istismar xərclərini ödəməsi şərtilə. Bu, problemin həlli istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər. Sistemli iş aparılarsa, qeyd olunan yüksək məbləğlər olmayacaq”.

Uzun müddətdir üzgüçülüklə məşğul olan Hacı Qafarov ekspertdən fərqli düşünür. O, əməkdaşımızla söhbətində deyib ki, qiymətlərin münasib olduğunu düşünür: “Üzgüçülüyə səhhətimlə bağlı həkim məsləhəti ilə başlamışdım. Daha sonra sağlamlığım üçün xeyli faydalı olduğunu görüb, davam etdim. Ardıq doqquz ildir ki, həvəskar formada üzgüçülüklə məşğul oluram. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Bakıda kifayət qədər yaxşı üzgüçülük mərkəzləri mövcuddur. Üzgüçülüyə 2008-ci ildə başlamışam, həmin dövrlə müqayisədə həm infrastruktur, həm də gigiyenik cəhətdən kifayət qədər yaxşı mərkəzlər yaradılıb. Əlbəttə ki, keyfiyyət faktoru qiymətlərə də təsir göstərir”.

Onun sözlərinə görə, bu illər ərzində aylıq 30, hətta 220 manat da xərclədiyi vaxtlar olub: “Qiymət strategiyası barədə müəssisələrin fərdi yanaşmasına qarışa bilmərəm. Statistikaya nəzər saldıqda görə bilərik ki, xidmət keyfiyyəti yüksək olan məkanların qiymətləri də mütənasib olaraq yüksəlir. Açığı, qiymətlərin yüksək olduğunu düşünmürəm, əgər bir yerdəki qiymət digərindən yüksəkdirsə, bu da xidmət və həmin məkana yatırılmış investisiya ilə bağlıdır. Ümumilikdə isə xidmət əsaslı qiymətləndirmə edildikdə, hesab edirəm ki, bu sahədə təqdim olunan qiymətlər münasibdir”.

Bəs bu idman növü ilə peşəkar şəkildə məşğul olanlar hansı çətinliklərlə üzləşirlər?

Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Əbdürrəhmanov İdman.biz-ə deyib ki, son illər problemlərin həlli istiqamətində ciddi işlər görülür: “Regionlarımızda yerləşən olimpiya idman komplekslərində istedadlı uşaqlarla tam təmənnasız şəkildə məşğul olurlar. Seleksiya işləri əsasən mövsüm sonunda keçirilən yarışlara əsasən aparılır. Uğur qazanan uşaqlar endirimli qruplara cəlb olunur. Əgər idmançı özünü burada da yaxşı tərəfdən göstərə bilirsə, təmənnasız şəkildə dərslərdə iştirak edir”.

Onun sözlərinə görə, hazırda Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində otuza yaxın uşaq təmənnasız məşq edir: “Həmçinin digər regionlarımızda yerləşən komplekslərdə on beş - iyirmi perspektivli uşaq üçün pulsuz yerlər ayrılıb. Üstəlik, abunə qruplarda olan uşaqlar cəmi 30-40 manat ödəməklə dərs keçirlər. Biz suyun, qazın, hovuzun təmizliyi üçün istifadə olunan dərmanların və üstəlik, məşqçinin məvacibini hesablasaq, deyə bilərik ki, bölgələrdə üzgüçülük dərsləri aylıq 120 manatdan aşağı olmamalıdır. Paytaxtda da qiymətlərin münasib olduğunu düşünürəm. Məsələn, Su İdman Sarayına dövlət dotasiya ayırmasa, oradan istifadə edən şəxslər aylıq 500 manat ödəyərlər. Fikrimcə, bizdə hovuzların qiyməti digər ölkələrlə müqayisədə kifayət qədər münasibdir. Məsələn, biz bu yaxınlarda Estoniyaya yarışa gedəcəyik. Yarışdan iki gün öncə məşq etməliyik və bunun üçün hovuzun bir saatına 300 avro ödəməli olacağıq. Yaxud da qonşu ölkə Türkiyədəki qiymətlərə baxaq. Ərzurum şəhərində hovuzun bir zolağının saatı 1100 türk lirəsidir (təxminən 55 manat). Orada olarkən günə 660 manat pulumuz çıxırdı. Avropada isə abunəlik minimum 8 avrodan başlayır. Söhbət sadəcə gəlib üzməkdən gedir. Əgər sən məşq edəcəksənsə, bu pulun üç qatını ödəməlisən”.

Yığmanın baş məşqçisi bu idman növünün ölkəmizdə hazırkı durumundan və gələcək perspektivlərindən də söz açıb. O bildirib ki, son dövrlər üzgüçülüklə məşğul olan qızların sayı artmaqdadır: “Artıq yığma komandanın tərkibində qızlarla oğlanların sayı bərabərdir. Ümumi dəyərləndirmədən çıxış etsək, deyə bilərəm ki, ölkəmizdə üzgüçülüyə olan maraq məni qane etmir. Üzgüçülük çox perspektivli idman növüdür. Əgər sən bu sahədə müəyyən nəticələr əldə etmisənsə, qarşılığını ala bilirsən. Dünyanın bir çox ölkəsində atletika, şahmat, basketbol və üzgüçülüklə məşğul olanlara xüsusi imtiyazlar verilir. Məsələn, bir üzgüçümüz bu yaxınlarda Amerika universitetlərindən birinə pulsuz qəbul qazandı və orada təqaüdlə təhsilini davam etdirəcək”.

Təcrübəli mütəxəssis üzgüçülüyün inkişafı istiqamətində Gənclər və İdman Nazirliyi ilə Üzgüçülük Federasiyasının böyük layihələrini də xatırladıb: “Onların içərisində “Üzməyi öyrənək” layihəsinin adını xüsusilə qeyd etmək istərdim. Sözügedən layihə çərçivəsində seçilmiş orta məktəblərin şagirdləri bir ay müddətinə təmənnasız şəkildə üzgüçülük məşğələləri keçirlər. Bu kimi tədbirlərin təşkili üzgüçülüyün kütləviləşməsinə mühüm təsir göstərir”.

Gənclər və İdman Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda nazirliyin balansında fəaliyyət göstərən idman müəssisələrinin qırxında üzgüçülük hovuzu mövcuddur.

Onlardan biri də Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzidir.

İdman.biz-ə danışan mərkəzin üzgüçülük üzrə məşqçi-müəllimi Xəqani Mikayılov isə yaxşı infrastrukturun olmasına baxmayaraq, insanların bu idman növünə marağını qənaətbəxş hesab etmir: “Mərkəzimizdə gözəl şərait qurulub. 50 metr uzunluğunda müasir standartlara cavab verən üzgüçülük hovuzumuz var. Hazırda idman bölməsində 26 uşaqla peşəkar şəkildə məşğul oluruq. Ümumi saya baxdıqda isə deyə bilərəm ki, ay ərzində altmış-yetmiş nəfər həvəskar üzgüçülüyə maraq göstərir. Əlbəttə ki, fərdi şəkildə məşğul olanlar da var. Təəssüf ki, Mingəçevirdə üzgüçülüyə maraq o qədər də çox deyil. Məşğul olanlarların da əksəriyyəti sağlamlıq məqsədilə həkimin göstərişinə əsasən məşğul olurlar”.


Mövzu ilə bağlı suallarımızı cavablandıran fizioterapevt reabilitoloq Gülnar Əhmədli isə saytımıza bildirdi ki, üzgüçülük orqanizm üçün olduqca faydalıdır: “Üzərkən bütün əzələ qrupları eyni anda çalışır, hətta mimikalar belə. Üzgüçülük sağlam orqanizm üçün daha faydalıdır, nəinki onurğasında problem olan insanlara. Məsələn, bizdə bəzən elə başa düşülür ki, skleroz, kifozun müalicəsində üzgüçülük tətbiq olunmalıdır. Ancaq bu belə deyil. Əgər onurğa əyriliyi varsa, xəstə birinci müalicə olunmalı, sonra üzgüçülüyə yazılmalıdır. Əksi olduqda müalicə zamanı problemlər yarana bilər. Üzgüçülüyün onurğa ilə yanaşı, oynaq sisteminə, qan dövranının yaxşılaşmasına müsbət təsiri var. Eyni zamanda tənəffüs sistemi xəstəliklərinin qarşısını almaq üçün də bu idman növü məsləhət görülə bilər”.

Həkimin sözlərinə görə, üzgüçülüyə üç yaşından yuxarı yerimə tam formalaşandan sonra başlamaq daha məqsədəuyğundur.

Mütəxəssislərin fikirlərindən belə qənaətə gəlmək olur ki, bütün güzəşt və imtiyazlara baxmayaraq, üzgüçülüklə məşğul olmaq ciddi maliyyə tələb edir. Hətta bir ailədən 1 nəfər deyil, 2-3 nəfər bu idman növünü sevsə belə, bəzən bu arzu olaraq da qalacaq. Ancaq üzgüçülüyün tələblərindən danışarkən, perspektivlərini də unutmamalıyıq. Necə deyərlər, könlü balıq istəyənin quyruğu suda gərək.

Aytac Sahəd
İdman.biz

Məqalədə:
Seçilən
6
idman.biz

1Mənbələr