AZ

Yeni Azərbaycan Partiyası ötən 32 il ərzində böyük inkişaf yolu keçib

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

21 noyabr ölkəmizin siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci il dönümüdür. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaranan Yeni Azərbaycan Partiyası özünü bütün mənalarda təsdiqləyərək, yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Xalqımızın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində Yeni Azərbaycan Partiyası yarandıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı, partiyanın sıraları sürətlə genişləndi. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü, onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu.Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrilən Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi Yeni Azərbaycan Partiyasının xalq arasındakı nüfuzunu getdikcə artırdı. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətindən biri də odur ki, o, zəngin idarəçilik irsi yaratmaqla, gələcək nəsillərin bundan yararlanması üçün geniş imkanlar açmışdır. Ulu öndər Azərbaycanın gələcəyini düşünməklə verdiyi çox dəyərli tövsiyəsi ilə xalqı düz yola istiqamətləndirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Ulu öndərə sonsuz inamı olan xalq verilən dəyərli tövsiyədən bəhrələnərək düzgün seçim etməklə, Azərbaycan xalqının bitib-tükənməz sevgisini qazanmış cənab İlham Əliyevi özünə lider seçdi. Bu gün Cənab Prezidentimiz İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri eyni zamanda onun Sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Yeni Azərbaycan Partiyasının proqramında partiyanın inkişaf tarixinə və uğurlarına nəzər salınır, onun Heydər Əliyev yoluna və irsinə sadiqliyi, qarşısına qoyduğu məqsəd və vəzifələri böyük məsuliyyətlə, layiqincə yerinə yetirdiyi vurğulanır. Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbələr bu partiyanın cəmiyyətdəki yerinin möhkəmliyini, dövlətçiliyimizin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə xalq dəstəyini, insanların bu təşkilata olan yüksək etimadın göstəricisidir. Bu gün böyük qürur hissi duyuruq ki, Ulu Öndər Heydər Əliyevin ideyaları Yeni Azərbaycan Partiyasınin sədri Prezident İlham Əliyev tərəfindən daha müvəffəqiyyətlə həyata keçirilir.

Yeni Azərbaycan Partiyası 2021-ci il martın 5-də keçirilmiş VII qurultayında partiyanın qarşısına yeni hədəflər və vəzifələr qoyulmuşdur. Prezident İlham Əliyevin dediyi kimi: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var”. Prezident İlham Əliyevin sədrliyi ilə uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, eləcə də bölgənin ən güclü siyasi partiyasına çevrilib. Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 32 il ərzində bütün potensialını dövlətə, xalqa xidmətə yönəldərək, mühüm uğurlara imza atıb. Bu partiya Azərbaycanın ictimai-siyasi həyatında hər zaman alternativsiz siyasi təşkilat kimi nüfuzunu gündən-günə artırır, daha da güclənir, yeni-yeni nailiyyətlər əldə edir. Fəxrlə demək olar ki, ölkəmizin ictimai-siyasi, sosial va mədəni hayatında əldə olunan hər bir uğur, məhz Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq dünyada və regionda baş verən hadisələri real qiymətləndirərək, realist siyasət həyata keçirməsi nəticəsində əldə olunmuşdur.Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi və yenilməz Azərbaycan Ordusunun yüksək qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanıldı. Cənab Prezidentin rəhbərliyi altında Müzəffər Ordumuzun 44 gün ərzində icra etdiyi “Dəmir Yumruq” əməliyyatları şanlı tariximizə Zəfər ili kimi qızıl həriflərlə yazıldı və Vətən həsrəti çəkən xalqımızın 30 illik həsrətinə son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi, bizə qalib bir xalq adını qazandırmış oldu. Bu Qələbə təkcə Azərbaycana ərazi bütövlüyünü bərpa edə bilmək imkanını deyil, regionda sülhün bərqərar olmasına, ölkənin beynəlxalq nüfuzunun artmasına və yeni iqtisadi imkanların yaranmasına da zəmin yaratdı. Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi və hərbi siyasət, həmçinin Müzəffər, rəşadətli Milli Ordumuzun şücaəti düşməni istər hərb, istərsə də siyasət meydanında ağır məğlubiyyətə uğratdı. Bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi. Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Beləliklə, zaman göstərdi ki, Prezident, Ali Baş Komandan, Partiyamızın sədri İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Ali Baş Komandan bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qalibiyyət bəxş etdi. Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan möhtəşəm, parlaq və xoşbəxt gələcəyə doğru inamla irəliləyir. Əminliklə deyə bilərik ki, həmişə olduğu kimi, bundan sonra da müdrik və qədirbilən xalqımız Yeni Azərbaycan Partiyasının sədri, Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməklə daha böyük zəfərlər əldə edəcəkdir.

Seçilən
35
yeniazerbaycan.com

1Mənbələr