AZ

Səbail rayon təşkilatında partiyanın yaranmasının 32-ci ildönümü qeyd olunub - FOTOLAR

Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında partiyanın yaranmasının 32-ci ildönümü qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül düzərək əziz xatirəsini yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Yeni Azərbaycan Partiyasının yaranmasından və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. SİA xəbər verir ki, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək partiyanın yaranma tarixinə və fəaliyyətinə nəzər salıb. Bildirib ki, 1993-cü ildə Azərbaycanda ictimai siyasi vəziyyət gərgin xarakter almışdı. Bir tərəfdən mərkəzi hökumətin Azərbaycana qarşı mənfi münasibəti, digər tərəfdən isə Ermənistanın vəziyyətdən sui-istifadə edərək ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etməsi və silahlı hücuma başlaması vəziyyəti daha da gərginləşdirdi.

Azərbaycan xalqı bu vəziyyətdən çıxış yolunu yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Xalqın ziyalıları o dövrdə Naxçıvanda yaşayan Heydər Əliyevə müraciət etdilər və partiya yaradılması qərara alındı. Heydər Əliyevin siyasi nüfuzu o qədər böyük idi ki, YAP yarandıqdan qısa müddət sonra hakimiyyətə gəldi.

Daha sonra “91-lər”in üzvü Tahir Məmmədov Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yollardan və partiyanın yarandığı zamanlarda şahidi olduğu hadisələrdən söhbət açıb.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə çıxışında diqqətə çatdırıb ki, 1993-cü ilin iyununda ölkədəki ictimai-siyasi vəziyyət daha ağırlaşmışdı və xalq təkidli tələblə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etdi. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq atəşkəs rejimi yaradıldı, ictimai-siyasi sabitlik yaradıldı və iqtisadi inkişafın əsası qoyuldu.

Azərbaycan Elm və Təhsil İnstitunun baş direktoru Səyyarə İbadullayeva bildirib ki, hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün sahələrdə dinamik inkişaf yolunu keçib, gənclərimiz bu gün bu həqiqətləri görür və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasını daha böyük həvəslə və inamla izləyirlər.

Partiya fəalı Rizvan Vahabov qeyd edib ki, Azərbaycanın bu gün əldə etdiyi qələbələr və qazandığı uğurların arxasında Heydər Əliyevin siyasi kursunun uğurlu davamı dayanır. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqlə davam etdirərək ata vəsiyyətini yerinə yetirdi və Azərbaycanın suverenliyini bərpa edərək Qarabağı işğaldan azad etdi. Bu gün Qarabağda böyük quruculuq işləri həyata keçirilir. Qarabağdan didərgin düşən vətəndaşlarımız tədricən öz doğma yurdlarına qayıdırlar.

Sonda bir sıra şəxslərə partiya vəsiqələri təqdim edilib.

Seçilən
35
sia.az

1Mənbələr