AZ

“Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

“Sumqayıt” təmsil etdiyi şəhərin 75 illiyi ilə bağlı tədbir keçirəcək. Belə ki, Misli premyer-liqasının 14-cü turunda “Şamaxı” nı qəbul edəcək komanda azarkeşlərin stadiona biletsiz girişini təmin edəcək.

Belədə sumqayıtlıların stadiona axın edəcəyini və komandanın “şirlər”i dolu tribunalar önündə məğlub etməyə çalışacağını proqnozlaşdırmaq olar.
Bəs anşlaqı mümkündümü? Təşkilatçılıq işləri necə tənzimlənəcək? Əlamətdar günlə bağlı əlavə tədbirlər nəzərdə tutulubmu?

“Football-plus.az”ın suallarını “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev cavabladı:

“Bəli, klub olaraq, həmin oyun günü “açıq qapı” elan edəcəyik. Bilet satışı həyata keçirilməyəcək. Azarkeşlər həmişəki qaydada yoxlandıqdan sonra stadiona buraxılacaq. Stadionun tutumundan daha çox tərəfdarın gələcəyini düşünmürük. Ötən mövsüm “Qəbələ” ilə keçirilən matçda da sumqayıtlılar stadiona biletsiz buraxılmışdı. Həmin vaxt arenaya buraxılmayan azarkeşlərin sayı xeyli az oldu. Yəni elə demək olar ki, stadionun tutumu qədər azarkeş gəlir. Daha çox olduğu təqdirdə mühafizəçilər və ya polis əməkdaşları tərəfindən tərəfdarlara yer olmadığı bildirilir. Əlavə tədbirlərə gəlincə, konsert proqramı keçirilməyəcək. Amma oyunun başlamasına iki saat qalmış əyləncəli oyunlar olacaq.Həmçinin seçilən beş azarkeş fasilədə meydanda yarışacaq. Onlar topu mərkəzdən qapıya göndərməyə çalışacaqlar. Birinci və ikinci yeri tutanlara hədiyyələr veriləcək. Ümid edirik ki, tərəfdarlarımız həm yaxşı oyun izləyəcək, həm də əyləncəli vaxt keçirəcək”.


Qeyd edək ki, matç noyabrın 24-ü, saat 19.00-da başlayacaq.

KƏNAN BAHADIR
Seçilən
46
football-plus.az

1Mənbələr