AZ

QHT sədri: "Dünyanın ekoloji nəbzi Azərbaycanda vurur"

Azərbaycanın paytaxtı Bakı şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti 29-cu sessiyası artıq başa çatmaq üzrədir. Noyabr ayının 11-dən başlayaraq dünyanın 196 ölkədən 72 min nəfə yaxın iştirakçı bir araya gələrək bəşəriyyətin qlobal ekoloji problemlərinin həlli üçün indiyə kimi görülmüş işləri qiymətləndirir, eyni zamanda zamanın çağırışlarına uyğun yeni qərarlar qəbul etmək  məqsədi ilə yollar arayırlar. Azərbaycanı istəməyən xarici qüvvələrin hər cür səyinə baxmayaraq bu günlər planetimizin ekoloji nəbzi Xəzərin sahilində, doğma Bakımızda vurur. Dünya dövlətlərinin ən ali nümayəndələri, 80 prezident, vitse-prezident və Baş nazir, beynəlxalq aləmdə tanınmış elm və düşüncə sahibləri, vətəndaş cəmiyyətinin  təmsilçilərinin saatları Bakı vaxtı ilə işləyir

Dünya xalqlarının ən böyük təsisatı hesab olunan Birləşmiş Millətlər Təşkilatının Bakı şəhərində keçirilmiş növbəti COP-un yekunları istər dövlət, istərsə də digər qurumlarda hələ uzun müddət müzakirə olunacaqdır. Təbii ki, müasir dövrün qlobal  çağırışlarınin-ekoloji tarazlığın bərpası, təbii ehtiyatlardan səmərəli istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi və digər aktual məsələlərin həlli yollarının  təşviq edilməsi bir daha da aktuallasacaqdır.

COP-29 tədbirini müstəqillik əldə etdikdən sonra  ölkəmizdə  keçirilən  ən böyük  hadisə olmaqla,  həm də beynəlxalq ictimaiyyətin respublikamıza xüsusi hörmətinin və dəstəyinin bir göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxışında bildirmişdir ki, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük.

Dünyada coğrafi məkan etibarı ilə o qədər də böyük olmayan Azərbaycanın davamlı inkişafı, ətraf mühitin qorunması sahəsində əldə etdiyi uğurlar və qarşıdakı illər üçün müəyyən edilmiş hədəflər, qlobal enerji, xüsusən bərpa olunan  enerji istehsalındakı fəaliyyəti dünyada təqdir edilməkdədir.

Cop29-da dünyanın ekoloji mənzərəsinin real  vəziyyəti  bütün açıqlığı ilə müzakirə olundu və yeni dövrün çağırışları səsləndi və bir mənalı olaraq qeyd edildi ki, iqlim dəyişiklıyinin zərərli təsirlərinin azaldılması, dünyanın yeni, yaşıl ekoloji standartlarının yaranması üçün bütün dövlətlərinin səylərinin birləşdirilməsinə, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və həmrəyliyə ehtiyac vardır. Xüsusən, Afrikanın geridə qalmış, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən dövlətlərinə, iqtisadiyyatı təbii resursları istismar etmək üzərində qurulmuş digər dövlətlərə ekoloji layihələr üçün maddi dəstəyin göstərilməsi barədə  səylər artırıldı.

Dünya gələn il Brazıliyada keçiriləcək COP30-a neçə gedəcək? Sanırıq ki, bütün hallarda qəbul edilmiş qərarların təşviqi və icrasında qeyri- hökumət təşkilatları da öz fəallıqları ilə töhfə verə  bilərlər. Bakının ev sahibliyi etdiyi sammitdə dünyanın müxtəlif ərazilərində çalışan on min nəfər vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib. Respublikamızda ekoloji sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da sammitdə kifayət qədər təmsil olundular. Bunların sırasına bölgələrdə çalışan QHT-lərin təmsilçiləri də  qoşulmuş və beynəlxalq təşkilatlarda şalısan həmkarları ilə bir araya gəlmiş və faydalı əməkdaşlıq əlaqələri yarada biliblər.

Cop29 çərçivəsində Milli QHT Foruma aid və digər pavilyonunda hər gün müxtəlif məzmunlu məsələlər müzakirə olunurdu. Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri kimi biz də bir neçə məsələlərin müsakirəsində iştirak etdik. Azərbaycan Respublikasınin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Yaşıl zonada “Watter” konfrans zalında baş tutan forumda Xəzəryanı ölkələrdən olan bir sıra QHT nümayəndələri, tanınmış beynəlxaq ekspertlər iştirak etdiyi “Xəzər dənizi və davamlı inkişaf: ətraf mühitin mühafizəsi” adlı beynəlxalq konfrans çox maraqlı və canlı keçdi. Bildirildi ki, Xəzər dövlətləri ayırmır, əksinə birləşdirir, ona görə də dənizin  üzləşdiyi problemlərin həlli də həmrəylik, birgə fəaliyyət, səfərbərlik tələb edir.

Milli QHT forumun pavilyonunda Formun və Pan-Afrikan İqlim Ədalət Alyansı “İnklüziv iqlim fəaliyyəti: Afrika və Azərbaycan QHT-lərinin birgə iqlim fəaliyyətləri üçün maliyyələşmə mexanizmləri” adlı tədbir də ekoloji problemlərin həlli istiqamətində birgə əməkdaşlığın yeni nümunəsi oldu. Ümumiyyətlə, sammitdə iştirak və gündəlik müxtəlif informasiya mənbələrindən aldığımız digər məlumatlar onu deməyə əsas verir ki, beynəlxalq ictimaiyyət ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin bərpa olunması, təbiət dəyən zərərin azadılması üçün  karbon emissiyasının azaldılması, iqlim maliyyəsi, adaptasiya və yaşıl enerjiyə keçid təşəbbüslərini dəstəklədi yeni sənədlər imzalandı. Qeyd edildi ki, bunların həlli məqsədi ilə beynəlxalq həmrəyliyin  nümayiş olunması olduqca vacibdir.

Hesab edirəm ki, COP-29 konfransının nəticələrinin təşviqində və geniş ictimaiyyətə çatdırılmasında  vətəndaş cəmiyyətinin təmsilçilərinin  mühüm rolu olacaqdır. Bura məlumatlandırma və maarifləndirmə, lobbiyə fəaliyyəti, şəbəkələşmə, sosial ədalət məsələləri, təcrübə mübadiləsi və başqa fəaliyyət sahələrini aiddir

Bölgədə fəaliyyət göstərən “Ana Kür” İctimai birliyimiz 2010-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçməklə əsasən Kür çayının ekosisteminin qorunmasına, su resursların səmərəli istifadəsinə və çay hövzəsində baş verən ekoloji problemlərin öyrənilməsi ilə məşğuldur və indiyə kimi dövlətimizin maliyyə dəstəyi ilə 10-dan çox ekoloji layihə həyata keçirmişdir. Lakin Cop29-un fəaliyyətini yaxından izlədikdən sonra sanıram ki, yeni dövrün çağırışlarına cavab vermək üçün  beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə xaricdə fəaliyyət göstərən həmkarlarımızla əməkdaşlıq genişlənməlidir.

 

Rüstəm Məlikov

“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri

Seçilən
19
qht.az

1Mənbələr