Demokrat.az xəbər verir ki, ölkənin şərqində cəbhədə rus ordusuna qarşı çətin günlər keçirən və torpaqlarını itirən Ukraynaya daha bir yardım gəlib. Ukraynaya ilk dəfə uzaqmənzilli ATACMS raketləri ilə Rusiya ərazisinə hücum etməyə icazə verən ABŞ rəhbərliyi ölkəyə piyada əleyhinə minaların göndərilməsini də təsdiqləyib.
Mütəxəssislər bir müddətdir ki, ABŞ administrasiyasına şərq cəbhəsinin çökə biləcəyi ilə bağlı xəbərdarlıq edirdilər. Rusiya ordusunun 2024-cü ildə əvvəlki ilə nisbətən 6 dəfə çox torpaq əldə edəcəyi bildirilir.
“Washington Post” qəzetinin 2 ABŞ rəsmisinə əsaslanan xəbərinə görə, Co Bayden administrasiyası Rusiyanın son həftələrdə Ukraynanın cəbhə xəttində hücumlarından dərin narahatdır və bunu “təcili ehtiyac” olaraq görür.
Pentaqon minaların Ukraynaya verilməsinin Vaşinqtonun Rusiya hücumlarını ləngitmək üçün atacağı ən faydalı addımlardan biri olduğuna inanır.
Rəsmilərin sözlərinə görə, Ukraynaya təhvil veriləcək minalar “qeyri-daimi” tiplidir. Minalar öz-özünə məhv olur. Onların batareyaları günlər və həftələr ərzində gücünü itirir, təsirsiz hala gəlir.
Rəsmilər Ukraynanın əhalinin sıx məskunlaşdığı ərazilərə mina qoymayacağına söz verdiyini də vurğulayıb. Bununla belə, sözügedən minalardan istifadənin Ukrayna ərazisi ilə məhdudlaşacağı və ölkənin şərqinə yönəldilməsi gözlənildiyi bildirilir.
Əfsanə Kamal
Demokrat.az