AZ

32 ildir xalqa şərəflə xidmət edən Yeni Azərbaycan Partiyası



Ümummilli lider Heydər Əliyevin dediyi kimi dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyası 32 ildir ki, xalqa şərəflə, yorulmadan, usanmadan xidmət edir və bu xidmətdən fəxarət keçirir. Kifayət qədər çətin siyasi dönəmdə təsis edilən Yeni Azərbaycan Partiyasının qısa müddətdə uğur qazanacağı, xalqın partiyasına çevriləcəyinə o zaman çoxları inanmır, hətta buna ağız büzənlər də olurdu. Yalnız müəyyən qism insanlar YAP-ın xalqın partiyasına çevriləcəyinə şübhə etmirdi, onun quruculuq prosesində iştitrak edirdi. Yeni Azərbaycan Partiyasının qısa müddətdə ölkədə uğur qazanacağı, Azərbaycanın siyasi həyatının əsas avanqardına çevriləcəyinə inananlar özləri də iki qrupa bölünürdü.

Birincisi, partiyanın qurucusunun Ulu Öndər olduğunu bilib Onun rəhbərliyi altında YAP-ın uğurlar qazanacağına əmin olub bu prosesə ürəkdən qoşulanlar. Hansı ki, həmin şəxslər Heydər Əliyev idarəçilik məktəbini yaxşı bilir, Onun imzası olan hər bir işin uğurla nəticələnəcəyinə əmin idilər. Ona görə də Yeni Azərbaycan Partiyasının yaranmasında yaxından iştirak edirdilər.

İkincisi, Heydər Əliyevin varlığından ehtiyat edərək onun yaradacağı partiyanın qısa zamanda xalqın partiyasına çevriləcəyindən ehtiyat edib bu prosesə mane olmağa çalışanlar.

Bütün cəhdlər, maneələrə baxmayaraq Ulu Öndər Heydər Əliyevin ətrafında toplaşan cəsarətli insanlar 1992-ci il, noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasını təsis etməyə nail oldular. Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Həmin dövrdə Heydər Əliyevin Bakıya gəlməsinə o zamankı hakimiyyət ciddi cəhdlə mane olduğu üçün 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.

Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanda deyil, o cümlədən dünyada tək-tək rast gəlinən partiyalardan idi ki, yarandığı qısa bir müddət sonra dövlət idarəçiliyində mühüm rol oynamağa başladı, xalqın inam və etimadı ilə YAP-ın rəhbərliyi ölkənin ən ali kürsüsünə dəvət edildi. Beləliklə, 1993-cü ildə ölkəni bürüyən xaos, anarxiya, vətəndaş müharibəsindən xilas yolunu Azərbaycan xalqı Heydər Əliyevin Bakıya dəvət edilməsi və həmin ilin oktyabrında Ona etimad göstərərək dövlət başçısı seçməsində gördü. 1995-ci ildə keçirilən parlament seçkiləri ilə isə Yeni Azərbaycan Partiyası hakim partiyaya çevrildi.

Artıq 32 ildir ki, Yeni Azərbaycan Partiyası xalqın partiyası olaraq Azərbaycan adlı gəminin sükanını çox uğurla, müvəffəqiyyətlə idarə edir. Bu gün Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarını uğurla davam etdirir, onun zamanında müdrikcəsinə cızdığı, müəyyənləşdirdiyi yolla gedir. Ümumilli lider Heydər Əliyevin siyasətinin bu gün Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hakim partiyanın timsalında Azərbaycanı yeni-yeni zəfərlərə, uğurlara aparır.

Arzuman Muradlı, "Milli İnkişaf" İctimai Birliyinin sədri, YAP Səbail rayon təşkilatı İdarə Heyyətinin üzvü
Seçilən
14
newscenter.az

1Mənbələr