AZ

Azərbaycan Avropa çempionatında: rəqəmlər nə deyir?

Monteneqronun Petrovaç şəhərində keçirilmiş Avropa çempionatı Azərbaycan şahmatı üçün Rauf Məmmədovun ilk “20-lik”də yer alaraq Dünya Kubokuna vəsiqə qazanması və 10 şahmatçımızın Top-100-də yer alması ilə əlamətdar olub.

İdman.biz qitə çempionatını və Azərbaycan şahmatçılarının iştirakının statistik göstəricilərini nəzərdən keçirib.

Avropa çempionatında 42 ölkədən 388 şahmatçı iştirak edib. Onlardan 119-u qrossmeyster, 3-ü qadın qrossmeyster olub. Bu sırada yarışa 22 şahmatçı ilə qatılan Azərbaycanın 9 təmsilçisi qrossmeyster, 1-i qadın qrossmeyster olub.

Azərbaycan iştirakçı sayına görə turnirin 4-cü komandası olub. Yarışda daha çox şahmatçı Türkiyə (41), Serbiya (24) və Polşa qatılıb.

Turnirin ən reytinqli iştirakçısı FİDE reytinqində 27-ci olan sloveniyalı Vladimir Fedoseyevdir. Lakin bu şahmatçı turniri 14-cü pillədə başa vurub. Qalib adını isə ilk turdan liderliyi ələ keçirib sonadək qoruyan, iştirakçılar arasında 33-cü olan, FİDE reytinqində isə ilk 100-lüyə belə daxil olmayan serbiyalı Aleksandr İndjiç (9 xal) qazanıb.

Azərbaycanın ilk “20-liy”ə düşərək Dünya Kubokuna vəsiqə qazanan yeganə şahmatçısı 7,5 xalla 14-cü olan Rauf Məmmədov olub. Top-20-də ən çox şahmatçı ilə (3) Almaniya və Rumıniya təmsil olunub.

İlk “100-lüy”ə gəlincə, burada Azərbaycan əlçatmaz olub. Top-100-də 10 şahmatçımız yer alıb. Bu sırada 7,5 xallı Məhəmməd Muradlı (22-ci yer), Eltac Səfərli (29), Vasif Durarbəyli (31), 7 xallı Misrəddin İsgəndərov (35), Aydın Süleymanlı (53), 6,5 xallı Xəzər Babazadə (74), Riad Səmədov (81), Vüqar Əsədli (82) və Əhməd Əhmədzadənin (90) adları var.

Ölkələr arasında sonrakı məhsuldarlıq Ermənistan (8), Almaniya (7), Türkiyə (6) və Rumıniyadadır (6).

Çempionatın Top-100-ündə yaşı 18-dən aşağı olan 12 şahmatçı mübarizə aparıb. Onlardan ən yaxşı nəticə 34-cü yeri tutan ukraynalı İqor Samunenkovdadır. Ümumi yekunda 81-ci olan şahmatçımız Riad Səmədov 18 yaşlılar arasında 11-ci nəticə göstərib.

Azərbaycanın 22 şahmatçısından 13-ü turnirdəki reytinq sıralamasındakı mövqeyindən daha üstün nəticə göstərib. Ən böyük fərq iştirakçılar sırasında 100-cü reytinqə malik olmasına baxmayaraq 35-ci yeri tutan Misrədddin İsgəndərovdadır. İmkanından ən aşağı çıxış edən isə start siyahısında 191-ci olmasına baxmayaraq, yekunu 281-ci pillədə vuran Orxan Abdulovdur.

Turnir şahmatçılarımızın FİDE reytinqində göstəricilərinə də təsir edib. 13 şahmatçımız reytinq xallarını artırıb, 9-u azaldıb. Ən çox artım Ümid Aslanovdadır (+27,20). Şahin Vəliyev (24,20) və Ayan Allahverdiyeva da (19,80) xallarını xeyli artırıblar. Ən böyük itki isə turniri cəmi 2 xalla başa vuran Orxan Bağırovdadır (-97,60)

Son Avropa çempionatı ilə müqayisədə ötənilki qitə yarışında 19 təmsilçimizdən 5-i ilk “100-lük”də qərarlaşmışdı ki, onların da 3-ü Top-100-ün son “10-luğ”unda yer almışdı. Ən yaxşı nəticəni isə 7,5 xalla 17-ci olmuş Nicat Abasov göstərmişdi.

Vüqar Məmmədov
İdman.biz

Seçilən
24
idman.biz

1Mənbələr