AZ

COP29-un uğurları Fransanı özündən çıxarır...

Image

Məlum olduğu kimi, Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.

Bu xüsusda, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb. Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətə çatdırılıb. Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub. Onu da qeyd edək ki, diplomatik müstəvidə gərginliyin artmasına səbəb yenə Fransanın düşmənçilik hərəkətləridir. Belə ki, Azərbaycanın Fransadakı səfiri bu ölkənin xarici siyasət idarəsinə çağırılıb. Burada səfirimizə guya Azərbaycanın Fransaya qarşı düşmənçilik siyasəti aparması ilə bağlı etiraz təqdim edilib. Amma bu xüsusda hansısa ciddi əsas da təqdim edilməyib.  Halbuki, Fransa Azərbaycana qarşı düşmənçilik siyasətinin miqyasını genişləndirir. Məhz Fransanın təhriki ilə Avropa Parlamentində oktyabrın 24-də Azərbaycana qarşı daha bir qətnamə qəbul edilib. Qətnamədə bir sıra məqamlarla yanaşı, Azərbaycanla əməkdaşlığa yenidən baxılması ilə bağlı çağırışlar da yer alıb. Fransanın ətraf mühit naziri Anyes Panye-Rünaşe Bakıda keçirilən COP29 qlobal iqlim dəyişikliyi konfransına qatılmaqdan imtina edib. O, iddia edib ki, qərarına Azərbaycan prezidentinin "qəbuledilməz" hücumları səbəb olub. Nazirin dediyinə görə, ölkə prezidenti və baş naziri onun Bakıda konfransa şəxsən getməməsini dəstəkləyir. Halbuki, prezident İlham Əliyev yalnız həqiqətləri sadalayıb. O, Fransanı Yeni Kaledoniya daxil, dənizaşırı ərazilərdə cinayətlər və insan haqları pozuntularında ittiham edib. Bu il həmin ərazidə səsvermə islahatına etirazlarda 13 nəfər öldürülüb. COP29 çərçivəsində bu həqiqətlərin bəyan olunması Fransanı özündən çıxarıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə bildirib ki, fransalı nazirin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gəlməyəcəyi ilə bağlı verdiyi qərar yanlışdır. O qeyd edib ki, fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır: “Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması yanlış addımdır”. C.Bayramov vurğulayıb ki, Azərbaycan heç vaxt iqlim mövzusunu Fransa ilə olan digər məsələlərə qarışdırmır və COP29 öncəki tədbirlərin hamısına Fransa nümayəndələri dəvət olunublar.

İndi görünən odur ki, COP29-un uğurla həyata keçməsi də Fransanı belə demək olarsa, dəliyə çevirib. COP29-un yüksək səviyyədə baş tutduğunu bura qatılan iştirakçılar da etiraf edirlər. Xatırladaq ki, COP29-da iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir. Onların hamısı tədbirin gedişindən məmnunluq ifadə edirlər. Bununla yanaşı, paytaxtımızda hazırda dünyada çox aktual olan iqlim dəyişmələri ilə bağlı müzakirələr aparılır və önəmli qərarlar qəbul olunur. Azərbaycan bir qayda olaraq beynəlxalq təhdidlərə qarşı qlobal həmrəyliyin gücləndirilməsi təşəbbüslərindən çıxış edir, ümumi məqsədlərə çatılması naminə fəallıq göstərir və bu işə özünün sanballı töhfələrini verir. Bu da beynəlxalq səviyyədə təqdir olunur. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulmasına çalışır. Hazırda qlobal istiləşmə və güclü sənaye inkişafı fonunda iqlim dəyişmələrindən bütün ölkələr təsirlənir. Ancaq bu, kiçik ada dövlətləri üçün bir mövcudluq məsələsidir. Buna görə də Azərbaycan o mövqedən çıxış edir ki, artıq müzakirələrdən işə keçilməli, kiçik ada dövlətlərinə real kömək göstərilməli, xüsusilə də maliyyələşmə məsələləri həllini tapmalıdır. Azərbaycanın enerji transformasiyasına çox həssas yanaşdığına diqqət çəkən ekspertlər vurğulayır ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə sanballı töhfələr verməklə yanaşı, bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalının artırılmasını da özünün prioritet hədəflərindən biri kimi müəyyənləşdirib. Abşeron yarımadası, işğaldan azad olunmuş ərazilərimiz, Naxçıvan bərpaolunan enerji mənbələri ilə zəngindir. Bu potensialdan səmərəli istifadə etməklə qeyd olunan mənbələrdən getdikcə daha çox həcmlərdə ekoloji cəhətdən təmiz enerji əldə olunacaq. Ölkəmizin yeni ixrac potensialı yaranacaq. Yaşıl enerjinin Avropaya ixracı məqsədilə Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsinə dair razılaşma əldə olunub. Liderlər Sammitində bildirildiyi kimi, ölkəmiz, həmçinin ixrac bazarlarına diqqət yetirir və öz tərəfdaşları ilə birgə çalışır ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirsin. Bunun sayəsində ölkə yaşıl enerjini Avropaya nəql edəcək. Bütün bu uğurlara isə qısqanclıqla yanaşanlar da az deyil və Fransa da onların başında gəlir. Amma bu dəfə də Fransanın Azərbaycanla bağlı siyasəti iflasa uğramaqdadır.

Tahir TAĞIYEV





Seçilən
19
baki-xeber.com

1Mənbələr