AZ

Kamran Bayramov: “Cırtdan” dövlətin ölkəmizə qarşı qarayaxma kampaniyasına qoşulması gülüş doğurur

Vətən müharibəsində tarixi Qələbəmizdən və 2023-cü ildə qəhrəman silahlı qüvvələrimizin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən, ərazilərimizdə separatçıların kökünün birdəfəlik kəsilməsindən, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpasından sonra Azərbaycanın dünyadakı nüfuzu daha da yüksəlib. Təbii ki, bu da Azərbaycanın uğurlarını gözü götürməyənləri, Qərbin və Avropanın ermənipərəst dairələrinin, xüsusilə Fransa kimi riyakar dövlətlərin ciddi təşvişinə səbəb olub. Dövlətimizə qarşı həyata keçirməyə çalışdıqları təxribatlarla heç nəyə nail ola bilmədiklərindən əvvəlcə bəzi beynəlxalq təşkilatları ortalığa atdılar. Amma istədiklərinə nail ola bilmədiklərindən indi də “cırtdan”lara üz tutublar. 

Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov  açıqlamasında bildirib. 

K.Bayramov qeyd edib ki, həmin “cırtdan”lardan biri - Lüksemburq Deputatlar Palatası Azərbaycanın əleyhinə, qərəz, şər-böhtanla dolu qətnamə qəbul edib.

Qeyd edək ki, bu “cırtdan” dövlətin qəbul etdiyi birinci qərəzli qətnamə deyil. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi 2024-cü il mayın 16-da Lüksemburqun Deputatlar Palatasının qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul etməsinə, reallıqlara ədalətsiz yanaşılmasına etirazını bildirmişdi.

Dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilən Azərbaycan haqqında ABŞ-ın, Qərbin bəzi dairələrinin narahatlıq keçirmələri, təşvişə düşmələri başa düşüləndir. Çünki Azərbaycan qüdrətli liderə, dünyanın 50 ən güclü ordularından birinə malikdir. Lüksemburqun isə ölkəmizə qarşı qarayaxma kampaniyasına qoşulması yalnız gülüş doğurur. İndiyə qədər bu “dövlətin” özünün ana dilinin olmaması, fransız dilini əsas dil kimi müəyyən etməsi, Cənubi Qafqaz regionuna yanaşmasında “fransız üslubu”nu davam etdirməsi və “nəyinsə” xətrinə həqiqəti təhrif etməsi “cırtdan”ın elə “cırtdanlığından” xəbər verir.  “Cırtdanlar” bu gün dünyada özünü demokratiyanın beşiyi kimi təqdim edən Fransanın öz vətəndaşlarına qarşı törətdiyi irqi ayrı-seçkiliyi görmürlərmi?  Fransız polisinin miqrantlara qarşı sərt münasibətindn, zorakılığından xəbərsizdirlərmi? Ümumiyyətlə, polis özbaşınalığı, irqi zəmində qətllər, İslamofobiya artıq bu gün Fransanın dövlət siyasətinə çevrilib. Bu proseslərin başında isə Emmanuel Makronun repressiv siyasəti durur. Məhz Makron rejimi dövründə qanunlarla edilən dəyşikliklərlə polislərin etirazçılara şiddət göstərməsinə şərait yaradılb. Dinc nümayiş zamanı  17 yaşı yenicə tamam olmuş bir gənci ictimaiyyətin gözü önündə  güllələyən polis bu gücü Makrondan alır. Demokratiyadan, insan haqlarından danışan Fransada irqi və dini diskriminasiyanın normal sayılması gerçəklikdir.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın Lüksemburqdan dörd dəfə böyük olan əraziləri 30 il ərzində Ermənistanın işğalı altında qalanda bu gün qətnamə qəbul edənlər harada idilər? İşğal dövründə 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü, 8 şəhər və yüzlərlə kənd, saysız-hesabsız tarixi, dini və mədəni abidələrimiz darmadağın edildi və yer üzündən silindi. Təəssüf ki, özlərini humanitar dəyərlərin və fundamental hüquqların qarantı kimi qələmə verən Lüksemburq parlamenti bu otuz ildə lal və kar olmamağa üstünlük verdi. 

K.Bayramov əlavə edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz torpaqlarını işğaldan azad edib, beynəlxalq hüququ təkbaşına təmin etdikdən sonra ölkəmizə qarşı qərəzli olan bütün kar-korların “dili” açılıb. Amma onlar dərk etməlidirlər ki, nə qədər şər-böhtanla dolu, qərəzli qətnamələr qəbul etsələr də bu, müstəqil siyasət həyata keçirən Azərbaycanı öz haqq yolundan döndərə bilməz. Bu gün Lüksemburqdan dörd dəfə böyük olan azad olunmuş ərazilərimiz sürətlə bərpa olunur və yenidən qurulur. Ata-baba yurdlarından didərgin salınmış soydaşlarımız böyük coşqu ilə isti ocaqlarına qayıdırlar. Dünyanın əksər dövlətlərinin başçıları, diplomatik korpusların əməkdaşları, QHT rəhbərləri və aparıcı media nümayəndələri işğaldan azad edilmiş ərazilərə gedir, oradakı yenidənqurma, həmçinin erməni vandallığının qalıqları ilə tanış olurlar. Ona görə də Luksemburq Deputatlar Palatasının qəbul etdiyi qərəzli qətnamə lazımsız kağız parçasından başqa bir şey deyil.
Seçilən
13
demokrat.az

1Mənbələr