“Rusiyanın qonşu Skandinaviya ölkələri mümkün Üçüncü Dünya Müharibəsi ilə bağlı həyəcan təbili çalıb. Vətəndaşlarına müharibə və böhranla bağlı məlumatlandırmalar edən Skandinav ölkələri hazırlıqlara başlayıb. Digər ölkələr də vətəndaşlarına müharibə ilə bağlı məsləhətlər verib”.
“Skandinaviya ölkələrinin ikisi və Baltikyanı ölkələr faktiki olaraq NATO üzvüdürlər. Hətta sonuncular elə İsveçlə Finlandiyadır.Üçüncü Dünya müharibəsi dedikdə də mümkün Rusiya- NATO qarşıdurmasından bəhs olunur. Belə bir müharibənin baş verəcəyini real hesab etmirəm. Rusiya bu qədər dövlətlə müharibəni gözə ala bilməz. Nüvə silahından istifadə etsə belə, bu qədər ölkəyə nüvə silahı atmaq planetin məhvi deməkdir. Rusiyanın belə bir şeyi gözə alacağını düşünmürəm. Təbii olaraq vəziyyətin gərginliyini göstərmək üçün atılan addımdır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
Siyasi şərhçi qeyd edib ki, bir çox hallarda Avropa ölkələri əslində bu tipli bəyanatlarla bir növ daxildəki bu problemlərdən insanların diqqətini yayındırmağa çalışır.
“Ümumiyyətlə, ənənəvi bir siyasi metoddur. İqtidarlar bir çox hallarda müharibə ilə daxili auditoriyanı hər zaman nəzarətdə saxlamağa çalışırlar. Bu, Qərb üçün də belə keçərlidir. Hər nə qədər demokratik və inkişaf etmiş ölkələr olsalar da, onlar da əslində bundan istifadə edirlər. Qərb üçün hər zaman ənənəvi bir düşmən dövlət obrazı olub. Bu gün də Rusiyadır. Amma Rusiyanın tərəfindən baxdıqda Rusiya bu qədər böyük bir müharibəyə hazır deyil. Hələ Ukrayna müharibəsində belə tam qələbə qazanmamışkən, NATO-nun qarşısını almaq nə deməkdir? NATO ilə müharibə aparmaq faktiki olaraq mühasirəyə düşmək kimi bir şeydir. Çünki Rusiyanın Uzaq Şərqdəki regionları Amerika, Kanada ilə sərhəddir.Digər tərəfdən NATO ölkələrini nəzərə alsaq, deyə bilərik ki, Rusiya belə bir müharibəyə hazır deyil. Belə bir müharibəyə girmək də intihardan başqa bir şey deyil”.