COP29 konfransının təşkilatçılığı və ümumi mühit barədə fikirlərim müsbətdir. Tədbirdə iştirak edən gənclərin fəallığı və yardımsevərliliyi məni heyrətləndirir. Səhər tezdən, günorta və ya axşam, ümumiyyətlə, fərqli saatlarda belə gülər üzlə istiqamət verən və kömək edən gəncləri görmək möhtəşəm hissdir. Tədbirdə təşkilatçılıq çox mükəmməldir. Şəhərdəki yeməklər çox ləzzətlidir və Hindistan mətbəxinə yaxınlığı ilə diqqət çəkir. Nəqliyyat vasitələri də çox rahatdır, baxmayaraq ki, bəzi tarixi səbəblərə görə küçə adlarının yazılışı bizdəkindən fərqlidir.
Hafta.az xəbər verir ki, bu fikirləri azertac-a açıqlamasında COP29 çərçivəsində ölkəmizə gələn Qlobal İqlim Fəaliyyətinin hindistanlı nümayəndəsi Sheela Bharat Patel söyləyib.
Konfrans iştirakçısı əlavə edib ki, tədbirin təşkili və logistika baxımından hər şey yüksək səviyyədədir. “Qlobal problemlərin həllində hələ çox iş görülməlidir. Bu, mənim COP konfranslarında beşinci iştirakımdır və gözləntilərim əsasən maliyyə ilə bağlıdır. İqlim maliyyələşdirilməsi çətin, xüsusən də Qlobal Cənub ölkələri üçün aktualdır. Məlumdur ki, bu problemlər tez zamanda həll olunmayacaq. Amma biz davam etməliyik. Qlobal Şimal ölkələri tarixən Qlobal Cənubdan sərvət daşıyaraq özlərini inkişaf etdirib. Bunun nəticəsində kiçik ölkələr, xüsusən Hindistandan kiçik olanlar, böyük borc problemləri ilə üzləşib”.
O, iqlim dəyişikliyi ilə mübarizədə ədalətin daha ön planda olmasının vacibliyini qeyd edib. S.B.Patel vurğulayıb ki, konfranslardan sonra iştirakçılar bəzən ümidsiz ayrılsa da, mübarizə əzmi itməməlidir. “Biz dünyanın bərpası üçün çalışmalıyıq. Sadəcə, zənginlərin problemlərdən qaçmaq üçün kosmosa getməsi həll yolu deyil. Dünya səkkiz milyard insan üçün ədalətli şəkildə yaşanacaq bir yer olmalıdır”, - deyə o əlavə edib.