AZ

Ermənilərin Azərbaycanda 30 illik “enerji cinayətləri”nin araşdırılması başladı...

Image

Əli Mustafa: “Ermənilər fərqindədilər ki, törətdikləri ekosidə görə bir gün cavab verəcəklər”

Azərbaycan 2024-cü il noyabr 19-da Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq, Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim edib. 

Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı məlumatda bildirilir ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub. Bunun əksinə, Ermənistan həmin resurslardan öz mənfəəti üçün istifadə edib. Bundan əlavə, Ermənistan Azərbaycanın Xudafərin və Qız Qalası layihə sahələrinə girişinə mane olmaqla bu mühüm hidroenergetika layihələrinin tamamlanmasını 30 il gecikdirib və Azərbaycanın bərpaolunan enerji sektorunun inkişafına maneçilik törədib.

Bu arada ermənilər Azərbaycanın bu iddiasından bərk narahat olmağa başlayıb. İddia edirlər ki, guya Azərbaycan Enerji Xartiyasının məzmununu və məqsədini təhrif etməyə çalışır: “Onların məqsədi enerji sektorunda davamlı investisiya və ticarət çərçivəsini gücləndirməkdir və Azərbaycan tərəfi bunu hansısa yolla “Dağlıq Qarabağ münaqişəsi” ilə əlaqələndirməyə çalışır”.

Göründüyü kimi, erməni tərəfi bununla Azərbaycanın qaldırdığı iddianı təhrif etməyə çalışır. Guya Azərbaycan Enerji Xartiyasını pozur.

“Azərbaycan Ermənistanın cəzalandırılmasını və yaxud da kompensasiya ödənilməsini tələb edə bilər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa hesab edir ki, erməni tərəfinin səsləndirdiyi fikirlərin nə hüquqi, nə də siyasi əsası var: “Azərbaycan haqlıdır və doğru olaraq beynəlxalq hüquqa istinad edərək Haaqa Məhkəməsinə müraciət edib. Bu, əsla Enerji Xartiyasını pozmur. Tam əksinə, ermənilərin törətdikləri vandalizm aktları ifşa olunduğuna görə onlar bu qədər narahatdırlar. Fakt ondan ibarətdir ki, Ermənistan ərazilərimizi işğal edəndən sonra həm də ekoloji terrorla məşğul olub. Meşələri qırıblar, yeraltı və yerüstü sərvətləri talayıblar, ətraf mühütü çirkləndiriblər. Faktiki olaraq ortada işğal faktı var. O üzdən, haqlı olaraq Azərbaycan Ermənistanın cəzalandırılmasını və yaxud da kompensasiya ödənilməsini tələb edə bilər. Ona görə də ermənilərin nə deməsinin, irəli sürdükləri arqumentlərin heç bir önəmi yoxdur. Ermənilər fərqindədilər ki, törətdikləri ekosidə görə bir gün cavab verəcəklər. Baxmayaraq ki, bəzi beynəlxalq qurumlar bəzən Ermənistanın tərəfini tutur, amma ortada ciddi faktlar var. Erməni tərəfi illər əvvəl düşünmürdü ki, Azərbaycan həm ərazilərini işğaldan azad edəcək, həm də beynəlxalq məhkəmələrdə öz haqqını tələb edəcək. Onların məsuliyyət məsələsini gündəmə gətirəcək. Hesab edirəm ki, bu çox doğru həmlədir. O üzdən, ermənilərin etirazlarına rəğmən, bunun üzərinə getməliyik. Nə qədər çətin və ağır proses olsa da, çalışmalıyıq ki, Ermənistan törətdiyi cinayətlərə görə cavab versin”.

Vidadi ORDAHALLI





Seçilən
26
baki-xeber.com

1Mənbələr