AZ

Uşaqlara nənə-babalarının adlarını verənlər AZALIB - SƏBƏB

Azərbaycanda yenidoğulan körpələrə ad qoyulması məsələsi uzun illər ailəvi və ictimai dəyərlərə söykənib. Yaxın keçmişədək nənə və babaların adlarının nəvələrə qoyulmasına sıx-sıx rast gəlinirdi. Ancaq son dövrlərdə bu tendensiyanın azalması müşahidə edilir.

 

Nənə və babaların adlarının nəvələrə verilməsi ailə ağsaqqallarına hörmətin simvolu idi. Bu praktika ailə üzvləri arasında mənəvi bağları möhkəmləndirir və dədə-baba adətlərinin yaşadılmasını təmin edirdi. Son illərdə gənc ailələr arasında yenidoğulanlara adqoyma məsələsində əhəmiyyətli dəyişikliklər müşahidə olunur. Müxtəlif təsirlər nəticəsində valideynlər xarici mənşəli və daha müasir adlara üstünlük verirlər.

 

Modern.az mövzu ilə bağlı Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri, sosioloq Üzeyir Şəfiyevlə həmsöhbət olub.

 

Onun sözlərinə görə, adlarla bağlı məsələ çox həssas məsələdir: 

 

“Ad valideyn tərəfindən uşağa verilən ilk hədiyyədir. Bu hədiyyə çox qiymətli, yadda qalan və mahiyyətli olmalıdır. Çünki ad uşağın inkişafı boyu ona təsir edir. Onun şəxsiyyət kimliyinin, xarakterinin formalaşmasına və sosiallaşmasına təsir edir. Adların psixoloji siraət gücü var. Ad mahiyyətli olmalıdır ki, uşaq onun məsuliyyətini başa düşsün və onun şəxsiyyət kimi formalaşmasında adın təsiri olsun. Azərbaycan xalqının tarixinə boylananda görürük ki, adı igidlər əməlləri ilə qazanardılar. İslam dini gələndən sonra ərəb ekspansiyası nəticəsində türk adları sürətli şəkildə ərəb adları ilə əvəz olundu. Bu da heç yaxşı hal deyil. Bu gün baxırıq ki, adların üçdə ikisindən çoxu ərəb adlarıdır. Bu niyə belə olmalıdır?! Azərbaycanda xritstianlıq da, atəşpərəstlik də olub. Bu o demək deyil ki, biz bütün dinlərin təmsilçilərinin adlarını övladlarımıza qoymalıyıq".

 

Sosioloq qeyd edib ki, valideynlər bu məsələdə məsuliyyətsizlik edir: “Bəzən valideynlər baxdığı hansısa filmin, serialın “qəhrəman”ının adını övladına qoyurlar. Bəlkə heç valideyn özü də bu adın mənasını bilmir. Gələcəkdə də uşaqdan adının mənasını soruşanda mənasını deyəm bilmir. Bu o deməkdir ki, valideynlər öz hüquqlarından sui-istifadə edirlər. Bizim Konstutisiyamızda və Ailə Məcəlləsində yazılıb ki, valideynlik hüququ uşaqların mənafeyinə zidd ola bilməz. Bəzən valideynlər elə adlar qoyurlar ki, uşaq gələcəkdə o adlara görə utanır, dostları tərəfindən replikalara məruz qalır. Yaxud da uşaqlara köhnə, mürəkkəb adlar qoyurlar. Həmin adlar ulu nənələrinin, babalarının adları olur ki, artıq arxaikləşiblər. İndi o adlar işlənəndə qəribə səslənir, uşaq adına görə utanır. Yaxud da hansısa idealogiyanın təsirində adlar qoyulurdu. Məsələn sovetlər dövründə bu təsir altında uşaqlara "İnqilab", "Sovet", "Kombayn" kimi adlar qoyulurdu. Bu çox yanlış yanaşmadır. Adlar mili mahiyyət kəsb etməlidir. Azərbaycan kifayət qədər şərəf tarixinə imza atmış, xüsusi şəxsiyyətlərimiz olub. Məsələn ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin adlarını yaşatmaq lazımdır. Yaxud incəsənət tarixində, ictimai-siyasi sahədə böyük xidmətləri olan tarixi şəxsiyyətlərin adlarını yaşatmalıyıq. Adlar milli mahiyyətli olmalıdır ki, uşaq adından motivasiya alsın. Adların şüuraltı mesajları, ötürmələri var. Əfsuslar olsun ki, bəzi valideynlər bunun fərqində deyil. Uşaqlar bir ömür bunun cəzasını çəkir ya da bir zaman sonra adını dəyişir".

 

Ü.Şəfiyevin fikrincə, dövlət bu məsələdə ciddi nəzarət həyata keçirməsi lazımdır:

 

“Adlar qoyularkən bunun mahiyyət dəyərləndirməsi aparılmalıdır. Çox yaxşı olar ki, Azərbaycan rəhbərliyi birmənalı şəkildə -ov, -yev soyadlarının kütləvi şəkildə dəyişdirilməsi ilə bağlı yanaşma təqdim edilsin ki, soyadların asan şəkildə dəyişdirilməsi mümkün olsun. Bu şəkildə milli soyad sonluqlarını rahat şəkildə götürə bilərik. Biz qalib, müzəffər xalqıq. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Çox yaxşı olar ki, bizə yad olan bu soyadlar imtina olunsun və milli soyadlarımız yenidən bərpa olunsun”.

Seçilən
14
modern.az

1Mənbələr