AZ

Qərbi azərbaycanlı ziyalılarımız

Görkəmli alim, fədakar insan, vətənpərvər ziyalı

Tanınmış hüquqşünas alim, hüquq üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müdiri Qəhrəman Behbudov hər dəfə Naxçıvandan Bakıya xidməti ezamiyyətə gələndə bir tələbə yoldaşı kimi görüşərək çay süfrəsi arxasında əyləşib dərdləşirik. Hər görüşümüzdə də doya-doya yaşadığımız tələbəlik dövrünün-ömrümüzün o bahar çağlarının, təravətli illərinin xatirələrinə körpü salır, sevimli müəllimlərimizi xatırlayır, ömrün ötən günlərini kitab kimi vərəqləyib həsrətlə anırıq.

Qəhrəman müəllimlə növbəti görüşlərimizin birində hər zaman xatirəsini əziz tutduğumuz ustad müəllimlərimizdən biri olan AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, Əməkdar müəllim Zəhmət Əfülfət oğlu Şahverdiyevi bir daha yada saldıq.  Həmsöhbətim danışdıqca mən xəyalən bir qərinədən çox “yol gedərək” keçmişə səyahət etdim. İstəkli müəllimimizlə bağlı şirin xatirələr sanki nəvazişlə könlümü oxşadı, ilıq yaz günəşinə şevrilib qəlbimi isindirdi, ağrı-acımı, qayğı və problemlərimi bir anlığa unutdurdu.

“Nərimanov parkı”nın yaxınlığındakı çox da dəbdəbəli olmayan “Çay evi”ndə xatirələr dəryasının ənginliklərinə baş vurduqca həm Zəhmət müəllimin 104 №li auditoriyadakı uca səslə, qarşısındakı kağız-kuğuza baxmadan əzbərdən, yorulmadan, usanmadan söylədiyi, bizim də hədsiz maraqla, nəfəsimizi çəkmədən dinlədiyimiz mühazirələri, həm də səliqəli geyimi, təvazökar, ötkəm və ağayana siması bir anlığa gözlərimin önündən kino lenti kimi keçib gedirdi.

Sevimli müəllimimiz haqqında danışdıqca, yaddaş quyusuna enib xatirələrimizi çözələdikcə, o vətənpərvər pedaqoq-alimin keçdiyi şərəfli həyat yoluna, məhsuldar elmi-pedoqoji fəaliyyətinə nəzər saldıqca hiss edirdim ki, bütün bunlar öz-özlüyündə beynimdə dolaşaraq bir yazıya dönüşür. Bir anlığa fikir və düşüncələrim məhz belə bir mövzu ətrafında dolaşdı. Həmin andaca hisslərimi dilə gətirdim. Bunu çox ehtiyatla tələbə yoldaşıma, Qəhrəman müəllimə bildirəndə o, razılıq hissi ilə “Bax, bu çox əla olar” dedi.

Bir məsələni bəri başdan etiraf edim ki, ömrünün 50 illini elmə, təhsilə həsr edən, qiymətli elmi tədqiqatları ilə tarixşünaslığımızı daha da zənginləşdirən Zəhmət Şahverdiyev haqqında yazmaq o qədər də asan məsələ deyil. Bu iş yüksək məsuliyyət, həddindən artıq diqqətcillik və dəqiqlik tələb edir. Çünki əsas həyat amalı, qayəsi Vətənə, müstəqil Azərbaycanımıza, elm və təhsilimizin inkişafına xidmət fəlsəfəsindən qaynaqlanan görkəmli alimin ömür salnaməsinin hər səhifəsi şərəfli və qürurvericidir.

Müdriklərimizdən eşitmişik ki, fəzilətli, istedadlı, işıqlı zəka sahibi olan insanların çətin və keşməkeşli həyat yolu qürur və iftixarla dolu olur. Zəhmət müəllim də məhz belə bir ləyaqətli, gələcək nəsillərə nümunə olacaq şərəfli bir ömür yolu keçib.  Elmi ictimaiyyətin, tələbələrinin, onu tanıyanların yaddaşında vətənpərvər alim, əsl təhsil fəadisi, alicənab, prinsipial, xeyirxah insan, nümunəvi ailə başçısı kimi qalıb.

Tanrı bu böyük insanı cəfakeş və zəhmətkeş yaratmışdı. O, həqiqət aşiqi idi. Sözünü qırmızı deyərdi hər kəsə. Onun fikirlərində, sözlərində alt məna yox idi. Hamı Zəhmət müəllimi gözü-könlü tox, təvazökar insan kimi tanıyrıdı. Haqsızlıq, ədalətsizlik onu məhvərindın çıxarırdı. Zahirən zəhmli, ötkəm görünsə də həddindən artıq təvazökar və qayğıkeş idi. Böyük alim çətinliyə, dara düşən tələbələrə daim təmənnasız kömək edər, sinəsini irəli verib qapıları döyər, müşküllərə əncam çəkər, ürəklərdə ümid işığı yandırardı. Görkəmli alim sözün bütün çalarlarında bir şəxsiyyət kimi əsl sadəlik və müdriklik nümunəsi idi.

Zəhmət Əbülfət oğlu Şahverdiyev 1942-ci il noyabrın 11-də əzəli torpaqlarımız, qədim yurd yerimiz olan Qərbi Azərbaycanın Dərələyəz mahalının Kotanlı kəndində anadan olmuşdur. 1949-1958-ci illərdə Kotanlı kəndində səkkizillik, 1958-1961-ci illərdə qonşu Qovuşuq kəndində tam orta məktəbi bitirmişdir. O, 1966-cı ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun əyani şöbə üzrə tarix ixtisasının birinci kursuna daxil olub, buranı 1970-ci ildə fərqlənmə diplomu ilə bitirmişdi. O, elə həmin il Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin göndərişi əsasında həmin institutun Naxçıvan filialına müəllim təyin olunmuşdu.1968–1970-ci illərdə həmin institutda “Beynəlxalq münasibətlər üzrə mühazirəçi” ixtisası almışdır.

O, 1975-1979-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix institutunun aspiranturasını bitirib. Gənc aspirant 1984-cü ildə həmin institutda “XIX əsrin 70-90-cı illərində Azərbaycanda aqrar münasibətlər və kəndlilərin vəziyyəti” (Naxçıvan və Şərur-Dərələyəz qəzalarının materialları əsasında) mövzusunda namizədlik, 2011-ci ildə isə “XIX əsr və XX əsrin əvvəllərində Naxçıvanın siyasi vəziyyəti, regionun sosial iqtisadi və mədəni inkişafı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Z.Şahverdiyev 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin professoru, 2014-cü ildən isə AMEA-nın müxbir üzvü idi. 

Zəhmət müəllim səmərəli elmi fəaliyyəti dövründə 100-dən artıq elmi fundamental məqalənin, 12 monoqrafiyanın (o cümlədən iki dərslik), iki proqramın (magistr və bakalavr hazırlığı üçün) müəllifi idi.  Görkəmli alim, həmçinin 5 dissertasiyanın opponenti, 20-dək elmi işin rəyçisi olmuşdur.

Ömrünün 50 ilini elm və təhsilə həsr edən Z.Şahverdiyev 1970–1973-cü illərdə Naxçıvan Dövlət Pedoqoji İnstitutunda (indiki NDU) müəllim, 1974–1975-ci illərdə həmin institutda tədris hissə müdiri, 1974–1978-ci illərdə müəllim, 1982–1986-cı illərdə baş müəllim, 1984–86-cı illərdə Tarix kafedrasının müdiri vəzifələrində çalışıb. O, 1996-1997-ci illərdə Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinin dekan müavini, 1998-2005-ci illərdə isə həmin fakültənin dekanı vəzifəsini icra edib.

Geniş erudisyaya, güclü məntiqə, aydın müşahidə və analitik qabiliyyətinə malik olan Z.Şahverdiyev uzun müddət NDU-da Azərbaycan tarixi kafedrasının müdiri olub. O, həmçinin “Naxçıvan tarixi” (3 cilddə) adlı kitabın XIX əsr və XX əsrin əvvəllərini əhatə edən fəsillərin müəllifi və rəhbəridir. İstedadlı alim, həmçinin NDU-nun Elmi əsərləri və AMEA Naxçıvan Bölməsinin “Xəbərlər” jurnalının redaksiya heyətinin üzvü idi.

Görkəmli alimin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.  Prezident İlham Əliyevin 16 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə Z.Şahverdiyev “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 noyabr 2002-ci il tarixli qərarı ilə çoxillik səmərəli elmi-tədqiqat fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində nailiyyətlərinə görə Fəxri fərmanla təltif olunub. Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının  2009-cu il 14 yanvar tarixli qərarı ilə “İlin alimi” fəxri adını almışdı.

Görkəmli alim, gözəl insan, vəfalı dost, vətənpərvər ziyalı Zəhmət Şahverdiyev 2022-ci il martın 5-də Bakı şəhərində vəfat etmişdir.

Dərələyəz dağlarının havası kimi saf, billur bulaqlarının suyu kimi dupduru, sözü, özü bütöv Zəhmət müəllim ömrünün sonuna kimi Qərbi Azərbaycan yanığısı, Dərələyəz həsrəti ilə yaşadı. Onun Rövşən Dərələyəzli ilə bilikdə nəşr etdirdiyi “Dərələyəz taleyi. Şəhidlər və döyüşçülər” kitabında erməni qəsbkarlarının və onların havadarlarının xalqımızın başına gətirdikləri misli görünməmiş müsibətlər hərtərəfli əks olunub.

Zəhmət müəllim həm də nümunəvi ailə başçısı idi. Onun böyük oğlu Səbuhi Şahverdiyev uzun müddət hüquq -mühafizə orqanlarında çalışaraq qanunlarımızın keşiyində layiqincə dayanmış, dövlətimizə, xalqımıza sədaqətlə xidmət etmişdir. Prezident İlham Əliyevin 7 may 2018-ci il tarixli Fərmanı ilə Səbuhi Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin olunmuş, 2023-cü ilə qədər bu vəzifəni uğurla icra etmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri olan Səbuhi Şahverdiyev hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunun Elmi-Tədris Mərkəzinin rəisinin müavini vəzifəsində çalışır. Zəhmət müəllimin digər övladları da ictimai həyatın müxtəlif sahələrində çalışaraq, ölkəmizin inkişafı, xalqımızın rifahı üçün əllərindən gələni əsirgəmirlər.

İnanırıq ki, doğma Vətənini ülvi məhəbbtlə sevən, əsl vətəndaş, yüksək mənəviyyatlı pedoqoq-alim, xalqına, dövlətinə, dövlətçiliyinə sədaqətlə xidmət etmiş, əsl təhsil fədaisi olan bu unudulmaz şəxsiyyətin biblioqrafiyası tezliklə aidiyyatı qurumlar tərəfindən nəşr olunacaq, yubileyləri qeyd olunacaq. Ümid edirik ki, Naxçıvan şəhərinin müvafiq səlahiyyətli orqanları məhsuldar tədqiqatları ilə tarix elmimizə böyük töhfələr vermiş tanınmış tarixçi alim Zəhmət Şahverdiyevin barelyefinin vaxtilə yaşadığı evə vurulması üçün lazımı addımları atacaqlar.

Nəhayət, bu kiçik həcmli yazı istedadlı tarixçi alim, vətənpərvər ziyalı Zəhmət Şahverdiyevə tələbəsinin unudulmaz müəlliminə təkcə vəfa borcu deyil, həm də onun işıqlı xatirəsinə bir ithafdır.

Bəli, görkəmli alim, işıqlı zəka sahibi, parlaq şəxsiyyət olan Zəhmət Şahverdiyev öz missiyasını layiqincə yerinə yetirərək ulu Tanrının  ona bəxş etdiyi ömür payını şərəflə-şanla, təmiz ad-sanla yaşadı. Nə yaxşı ki, bu dünyada əbədi iz qoymaq xoşbəxtliyi Zəhmət müəllimə də qismət oldu. Ruhun şad, məkanın cənnət olsun, unudulmaz böyük ustad!..

Zahid Rza, 
“İki sahil” qəzetinin şöbə müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Həsənbəy Zərdabi mükafatçısı

Seçilən
14
ikisahil.az

1Mənbələr