Məşhur amerikalı aktyor, "Qladiator II" filminin ulduzu Denzel Vaşinqton uzun illər ərzində alkoqol istifadəsi ilə bağlı çətinliklər yaşadığını açıqlayıb. Aktyor spirtli içkilərdən tamamilə imtina edərək sağlam həyat tərzinə necə keçdiyindən danışıb.
Qaynarinfo "Esquire" jurnalına istinadən xəbər verir ki, aktyor 10 il ərzində müntəzəm olaraq alkoqol qəbul etdiyini bildirib. Denzel xüsusilə şərabın böyük pərəstişkarı olduğunu, hər gün bu içkini içdiyini deyib. Hətta bu həvəs onu 10 min şüşə şərab saxlanılan bir şərab zirzəmisi tikməyə də vadar edib.
Aktyor içki qəbulunu məhdudlaşdırmağa çalışsa da, bu, asan olmayıb. Belə ki, şərabın bir şüşəsinin təxminən 4 min dollara başa gəlməsinə baxmayaraq, Denzel birdəfəyə iki şüşədən artıq içki almamağa çalışıb, çünki daha çox aldıqda özünü saxlaya bilməyib.
Denzel illərlə davam edən alkoqol asılılığından necə qurtulduğunu açıqlayıb. O bildirib ki, əvvəllər şərab onun həyatının ayrılmaz bir hissəsi olub:
"Şərab mənim işim idi. Gündə iki şüşə içə bilirdim. Şərab dadımı və buna bağlı hər şeyi mükəmməl şəkildə təşkil etmişdim - işin əvvəlində belə idi. Bu, çox incə bir həvəs idi. Mən ən yaxşı şərabları içirdim", deyə Vaşinqton bildirib.
"Oscar" mükafatçısı etiraf edib ki, bir gün asılılıqda olduğunu və həddindən artıq içki qəbulunun sağlamlığına ziyan vurduğunu anlayıb. O, tamamilə spirtli içkilərdən imtina etmək qərarını 60 yaşında verib. Bu ilin dekabrında onun tamamilə sağlam həyat tərzinə keçməsindən 10 il ötəcək.
"Bədənimə çox ziyan vurmuşdum. İndi təmizəm. Bu ilin dekabrında 10 il olacaq. 60 yaşımda dayandım və o vaxtdan bəri bir damla da içməmişəm. İndi hər şey mənim üçün aydın görünür. 70 yaşımda bu, gerçəkləşdi", deyə aktyor vurğulayıb.
Denzel Vaşinqton əlavə edib ki, hazırda düzgün və sağlam qidalanmağa diqqət edir, həmçinin idmanla məşğuldur. Sağlam və güclü qalmaq üçün şəxsi məşqçi ilə idman zalında çalışır.
Aydın