Almaniyada müflisləşmələrin sayında kəskin artım qeydə alınıb: 2024-cü ilin oktyabrında müflisləşmə ilə bağlı müraciətlərin sayı ötən ilin oktyabr ayı ilə müqayisədə 22,9% artıb.
Valyuta.az xəbər verir ki, bu barədə Federal Statistika İdarəsi bildirib.
Bu tendensiya son bir neçə ayda da davam edib.
"Yüksək enerji xərcləri, ixtisaslı kadr çatışmazlığı, həddindən artıq vergi və bürokratik təzyiq - bütün bunlar şirkətlərin maliyyə vəziyyətini pisləşdirir", deyə kiçik biznes üzrə ekspert Mark Evers "Bild" ilə söhbətində bildirib.
Analitiklər Almaniyada korporativ iflasların sayının 2024-cü ildə 20 mini keçəcəyini proqnozlaşdırırlar.
Halle İqtisadi Tədqiqatlar İnstitutunun professoru Stefan Müller izah edib ki, bir çox şirkətlər dövlət yardımı almağı dayandırdıqdan sonra vəziyyət kritikləşib:
"Biz uzunmüddətli iqtisadi tənəzzülün və artan xərclərin təsirlərini görürük. Pandemiya zamanı aşağı faiz dərəcələri və dövlət dəstəyi dövründən sağ çıxan şirkətlər indi ciddi təzyiq altındadır".
Böhrandan ən çox təsirlənənlər nəqliyyat və logistika sektorları olub. Həmçinin mehmanxana və restoran biznesində və tikintidə yüksək iflaslar qeydə alınıb.
Paşa Məmmədli