AZ

Polis rəisi ilə biznes ortaqlığı etdi, həbsə düşdü

Xaçmaz sakini deyir ki, borcunu istədiyi üçün şərlənib

"Bunlara rast gələnədək işlərim çox gözəl gedirdi. Baxdım ki, hamısının mənə borcu var, bunlarla işləmək mümkün deyil, pullarımı götürüb aralanmaq istədim, pullarımı qaytarmaqdansa, özümü həbs etdirdilər”.

Bunu Meydan TV-yə uzun illər Xaçmazda taxıl biznesi ilə məşğul olmuş və həbsdən yeni çıxmış Ceyhun Əsgərov deyir.

Ceyhun Əsgərov Xaçmazda yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O danışır ki, Xaçmazın keçmiş yol polisinin bölmə rəisi olmuş, hazırda Siyəzən polisinin mühafizə xidmətində işləyən Elnur Quliyevlə iş ortağı olub. Elnur Quliyev ona borclanıb. 

Ceyhun Əsgərov borcunu geri tələb edəndə keçmiş ortaq borc sohbətini onu həbs etdirməklə "bağlamağa” çalışıb: "Bu Elnur Quliyev bilirsiz kimdir? Yadınızdadırsa, sosial şəbəkələrdə rüşvətalma videosu yayılmışdı. 2022-ci ilin avqustunda nazir onu sərəncama götürdü, sonra da Siyəzənə mühafizə xidmətinə göndərdi. Elə aramızda borc məsələsi də o, rəis vəzifəsindən qovulandan sonra yarandı”.

Ceyhun Əsgərovun sözlərinə görə, Xaçmazda taxıl biznesilə məşğul olub. 2019-cu ilədək işləri yaxşı gedib. Həmin ildə təsadüfən Elnur Quliyevlə tanış olub. Hər şey də bundan sonra başlayıb: "Elnurla həmin ildən 2022-ci ilin sonunadək biznes ortaqlığımız olub. O, rəis vəzifəsindən qovulanda mənə borcu qalmışdı. Dedi, iş var idi, qazanırdım, işdən çıxarıldım, qazanc da əldən çıxdı, müflisləşmişəm. Bir az pul ver, başqa rayona yol polisi rəisi vəzifəsinə gedim, yaxşı qazancım olacaq, qaytararam. Pulu verdim, nə rəis getdi, nə də pulu qaytardı. 2022-ci ilin dekabrın sonunda Bakıda banklardan birindən 220 min manat pul götürürdü ki, guya mənə qaytaracaq. Dedi, bank əmlak istəyir, anamın adına bir əmlak alqı-satqı elə, anam o əmlakı qoyub pul götürsün, bank filialının müdiri tanışdır, pulu götürəndən on gün sonra əmlak sənə qaytarılacaq. Filialın müdiriylə məni inandırdılar, razılaşdım. Xaçmazın Sayat kəndində özümə məxsus 11 hektar 40 sot torpağı qiymətləndirmə idarəsinə göndərdilər, torpağa 220 min manat qiymət qoyuldu. Dekabrın 30-da torpağı anası Quliyeva Səbirənin adına alqı-satqı elədik. Bankdan mənə vermək adıyla götürdükləri 220 min manatdan isə mənə cəmi 100 min manat vedi. Yalvardı ki, başqa borclular da başının üstünü kəsdirib, ödəməsə, gedib şikayət edəcəklər. Beləliklə də, 120 min manatlıq borcdan qalıq qaldı, 220 min manatlıq da torpağım. Borcu bağlamaqdansa, daha da artdı”.

Ceyhun Əsgərovun sözlərinə görə, elə həmin ərəfələrdə Elnur Quliyev başqa bir bankdan pul götürmək üçün ona məxsus bahalı maşını da girov qoyub, 50 min manat götürüb. Borc 470 min manata çatanda o, 2023-cü ildə Elnur Quliyevdən Daxili İşlər Nazirliyinə şikayət edib. Nazirliyin Daxili Təhqiqatlar İdarəsindən rayona gələrək onunla görüşüblər: "Vəli Orucov gəlmişdi, mənimlə də danışdı, onunla da görüşdü, gəldi dedi ki, bunlar sənin pulunu qaytaracaqlar. Bu qədər gözləmisən, 2-3 ay da səbr elə. Razılaşdım. 3 ayın tamamında Elnura zəng vurdum, dedim, vaxt bitdi, nə xəbər? Dedi ki, get, əlin hara çatır, şikayət elə, Daxili Təhqiqatlar İdarəsinə 5 min dollar verib işimi həll eləmişəm. Mən dərhal Vəli Orucova zəng vurdum, o isə Elnurun dediklərini yalan adlandırdı. Mən bu məsələlərlə məşğul olmaqda ikən, bir də xəbər tutdum ki, Elnurun "çörək kəsmisiz”, "yoldaşlıq eləmisiz”, "oğlum, səbrli ol” deyən 70 yaşlı anası məndən Xaçmaz polisinə şikayət ərizəsi verib”.

Ceyhun Əsgərov iddia edir ki, Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənovun həmin ərəfələrdə Rusiyadan gələn və sələmə pul verən Manaf adlı yaxın qohumu da ona borcludur. Həmin şəxsdən də pullarını geri tələb edirmiş.

Rəisin göstərişi ilə ona qarşı Cinayət Məcəlləsinin 178.4 maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs-qətimkan tədbiri seçilib: "Manaf da bizim şəbəkə biznesimizdə ortaq idi. Bunlara rast gələnədək işlərim çox gözəl gedirdi. Baxdım ki, hamısının mənə borcu var, bunlarla işləmək mümkün deyil, pullarımı götürüb, aralanmaq istədim, pullarımı qaytarmaqdansa özümü həbs etdirdilər. Guya mən Elnurun anası Səbirə Quliyevadan 2020-ci ildə iş görmək adıyla 600 min manat almışam, həmin ilin sonunda qaytaracağıma söz versəm də, qaytarmamışam. Guya həmin pulu ərindən miras qalmış obyekti girov qoyaraq mənə verib. Araşdırıb gördülər ki, həmin obyekt 12 ildir bankda girovdadır, üç dəfə də məhkəməyə verilib. Bundan heç nə çıxmayanda gətirib taxılda işləyən işçilərimi üzümə qoydular ki, guya işlədib, pullarını verməmişəm. Saxtakarlıqla 11 ay həbsdə saxladırlar. Dəfələrlə baş prokurora etdiyim müraciətlərdən sonra barəmdəki həbs-qətimkan tədbiri polis nəzarətinə verilmə qətimkan tədbiri ilə əvəz olundu”.

Ceyhun Əsgərov deyir, 3 aydır ki, həbsdən azad olunaraq, polis nəzarətinə verilib. Cinayət işi Xaçmaz rayon Polis Şöbəsindən alınaraq Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinə verilib. Ona onun Elnur Quliyevə qarşı polisə verdiyi 470 min manatlıq şikayətinə isə baxılmır: "Adamın on ədəd iri TIR-ı var, məndən aldığı pullarla Xudatın rəisi ilə şərikli yüz min dollarlıq mal vurub xaricə. Adam biznesini davam etdirir, əmlakları, hər bir şəraiti, hamısını da məndən aldığı pullarla qurub. Ancaq mənim pulumu qaytarmır, deyir, o pulu aparıb istintaqa, məhkəməyə verərəm, sənə yox”.

Meydan TV Elnur Quliyevlə əlaqə saxlaya bilməyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, Xaçmaz rayon sakini Ceyhun Əsgərovun iddiaları şəxsi mülahizələrdir, törətdiyi dələduzluq əməllərinə bəraət qazandırmaq niyyətindən irəli gəlir.

Məlumatda deyilir ki, C.Əsgərovun qanunsuz əməlləri barədə müxtəlif vaxtlarda vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılaraq araşdırma aparılıb: "Araşdırmalar zamanı müəyyən olunub ki, C.Əsgərov qulluq mövqeyindən sui-istifadə edərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan taxıl alıb-satmaqla yaxşı gəlir əldə edəcəyini yalan vəd etməklə Səbirə Quliyevanı aldadaraq 2020-ci ilin dekabr ayının sonlarında 598.400 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. İstintaq araşdırmaları ilə C.Əsgərovun daha 20 nəfəri eyni üsulla aldadaraq ümumilikdə 4 milyon 335.446 manat dəyərində özgə əmlakını ələ keçirməsi də aşkar edilib”.

Məlumatda vurğulanır ki, şübhəli şəxs qismində axtarışa elan olunmuş Ceyhun Əsgərov ötən il sentyabrın 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq aidiyyəti üzrə təhvil verilib və müvafiq qərarla barəsində həbs qətimkan tədbiri seçilib: "Cari il avqustun 12-də C.Əsgərovun həbsdə saxlama müddətinin uzadılması ilə bağlı verilmiş vəsatət təmin edilmədiyindən onun barəsində "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilib. İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.

DİN hesab edir ki, zərərçəkmişin övladının onlar arasında yaranan mübahisəli məsələ ilə hər hansı əlaqəsi yoxdur.
Seçilən
36
arqument.az

1Mənbələr