AZ

“Diriliş Ərtoğrul” kinoeporeyasının baş qəhrəmanı Engin Altan COP29-da

O, dünya ictimaiyyətinin 21 nüfuzlu nümayəndəsindən biridir

Türk və müsəlman dünyasının sevə-sevə tamaşa etdiyi “Diriliş Ərtoğrul” kinoepopeyasında baş rolun ifaçısı, Türkiyənin məşhur aktyoru Engin Altan Düzyatan Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Beynəlxalq Məşvərət Şurasında öz ölkəsini təmsil etmək üçün Bakıya gəlib. Engin Altan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımları təbliğ etmək vəzifəsi daşıyan dünya ictimaiyyətinin 21 nüfuzlu nümayəndəsi arasında yer alıb. Beynəlxalq aləmdə apardığı ictimai fəaliyyəti onu həm də bir xadim səviyyəsinə yüksəldib. Məşhur aktyor Azərbaycanda COP29 kimi nəhəng bir tədbirin keçirilməsini yüksək qiymətləndirərək deyib: “Azərbaycanı təbrik etmək lazımdır, bu mühüm tədbiri çox qısa müddətdə yüksək səviyyədə təşkil edib və buraya gələn hər kəsi məmnun etməyi bacarıb.”

Vurğulamaq lazımdır ki, məşhur kinoaktyor və ictimai xadim Engin Altan Düzyatan bundan əvvəl keçirilən COP28-in də işində iştirak edərək başçılıq etdiyi nümayəndə heyətinin xoş məramını bildirib.

İqlim dəyişmələrinə qarşı mübarizənin çox vacib proses olduğunu söyləyən aktyor qeyd edib: “Çünki bilirik ki, gələn il ABŞ COP-dan və Paris Sazişindən ayrılmağı düşünür. Bu il xüsusilə, ada ölkələrinin ehtiyacı olan məbləğ üçün danışıqlar davam edir. İqlim dəyişmələrinin təsirlərini dünyanın müxtəlif yerlərində hiss edirik. Amma ən böyük çətinliyi, əslində, ada ölkələri çəkir. Çünki dəniz səviyyəsinin bir metr qalxması ilə ölkələr yoxolma təhlükəsi ilə üz-üzədir. Ümid edirəm ki, bu danışıqların nəticəsi yaxşı olacaq, ada dövlətləri və digər ölkələr üçün lazımi vəsait tapılacaq. Əlbəttə ki, burada dövlətlər arasında da mühüm danışıqlar aparılır. Bu danışıqların yaxşı keçməsini və hər kəsi məmnun edəcək nəticələrlə başa çatmasını arzulayıram. Burada vətəndaşlar və dövlətlər olaraq bizim də üzərimizə bir sıra vəzifələr düşür. Fərdi şəxslər olaraq əlimizdən gələni etməliyik. Dövlətlər də əllərindən gələni etdiyi müddətdə ümidvaram ki, bu prosesi daha da yavaşladıb və problemləri aradan qaldırmaq istiqamətində hamımız birlikdə addım atacağıq”.

Fikirlərindən də açıq görünür ki, bəşəri hisslərlə yaşayan sevimli aktyorumuz imkanı olan ölkələri öz ölkəsindən min kilometrlərlə uzaq ada dövlətlərində yaşayan və əhalisi anormal iqlim dəyişikliklərindən əziyyət çəkən kiçik xalqlara və millətlərə kömək əlini uzatmağa çağırır. O, böyük imkanları olan bir çoxlarının etmədiyi jesti edərək bildirir ki, insanların dəhşətli iqlim dəyişmələrindən xilas edilməsi üçün öz maddi köməkliyini də göstərəcəkdir. Qoy böyük türk oğlunun bu nümunəsi milyonlara, milyardlara sahib olan iş adamlarına və digərlərinə dərs olsun. Bu gün türklərə və müsəlmanlara terrorçu damğası yapışdırmağa cəhd edən dairələr humanizmi, “insan insana dost və qardaşdır” prinsipini üstün tutan türklərin humanizmindən ibrət götürsünlər. Bədxahların yeritdikləri dini, milli, irqi ayrı-seçkilik insanları qarşı-qarşıya qoymaqdır, onları dəhşətli sunamilər, daşqınlar, meşə yanğınları və digər qorxunc təbii fəlakətlər qarşısında köməkdən məhrum etməkdir. Bu, dinlərin buyuruqlarının, beynəlxalq konvensiyaların tövsiyələrinin kağız üzərində qalmasıdır.

Bu gün bəşəriyyətə kömək əlini uzadanlar Bakıya toplaşaraq çətin vəziyyətə düşmüş kiçik xalqları gələcək müsibətlərdən xilas etmək üçün öz yarımlarını təklif edirlər. Kənardan həsədlə baxan və vicdanını çoxdan ititmişlər isə...

Vəli İlyasov, “İki sahil”

Seçilən
9
ikisahil.az

1Mənbələr