AZ

“Cüt bacılar”ın pozğunluğu

Şah üsuli-idarəsi çağlarında Tehranla Paris arasında isti münasibətlərin mövcudluğu heç kəsə sirr deyil. İranın elit təbəqəsinin fransızsayağı həyat tərzi keçirməsi, az qala, normaya çevrilmişdi. Yəni, İranda hürriyyət Fransadakı demokratiyadan heç də geri qalmırdı. Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizəyə qalxmış və monarxiyanın qəbrini qazmış Ayətullah Xomeyninin təqiblərdən canını qurtarıb əvvəl Türkiyəyə, sonra İraqa və nəhayət, məhz Fransaya pənah aparması və oradan müxalifətin lideri kimi geri dönüşü yaşlı nəslin yadında olar. Fransaya kapitalist, SSRİ-yə kommunist rejimi yaradacağını vəd edən Xomeyni sonda İranda İslam Respublikası qurmaq barədə qərarını açıqladı.

Bu tarixi arayışı ona görə oxucuların nəzərinə çatdırırıq ki, iki ölkə arasında münasibətlərin yeni dönəmdə maraqlı tərəfləri üzə çıxıb. Fransa və İran arasında tarixi əlaqələr indi başqa bir formada, həm də gizli müstəvidə davam edirmiş. Həmin əlaqələrin bir qolu Ermənistanın vasitəçiliyi ilə həyata keçirilirmiş. Bunu Azərbaycanın nüfuzlu media qurumlarından biri üzə çıxarıb. Əslində, Parisin Tehranla ənənəvi əlaqələrini və qarşılıqlı maraqlarını nəzərə alsaq, burada təəccüblü heç nə yoxdur. Yaxın vaxtlara qədər “TOTAL” və “Peugeot” kimi tanınmış fransız şirkətləri Qərbin sanksiyalarına baxmayaraq, İranda fəaliyyətlərini davam etdirirdilər. Bəs, Parislə Tehran arasında gizli əlaqə kanalı kimi Ermənistandan hansı keyfiyyətdə istifadə olunur? Sayt hələlik bu məsələyə tam aydınlıq gətirməyə tələsmir.

* * *

Məsələni bizim üçün maraqlı edən tərəfi ondan ibarətdir ki, Fransa Ermənistanı silahlandırmaq planlarını daha çox İranın vasitəçiliyi ilə həyata keçirir. Məlum olduğu kimi, “Sezar” artilleriya sistemlərinin bir hissəsi, eləcə də digər silahlar məhz İran ərazisi vasitəsilə Ermənistana çatdırılıb. Bundan başqa, İran vətəndaşlarının Fransa kəşfiyyatına işləmək üçün cəlb edilməsi prosesində Ermənistan mühüm halqa rolunu oynayırmış. Bu, Hayastan ərazisini belə əməliyyatların icrası üçün ən əlverişli məkanlardan birinə çevirib. Fransanın Ermənistan vasitəsilə İrana daha hansı mesajları ötürdüyü barədə əllərində ətraflı məlumatın olduğunu yazan sayt məqamı yetişdikdə, bu məlumatların dərc olunacağını açıqlayıb.

Bu günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İranlı həmkarı Abbas Araqçi və Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışıqları olub. Təsdiqlənməmiş məlumata görə, noyabrın 7-də Paşinyan Budapeştdə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşündə İrana müəyyən mesajların çatdırılması ilə bağlı göstəriş alıb.

Yeri gəlmişkən, Ermənistan hakimiyyətində gözlənilməz “istefa dalğasını” da bu hadisələrlə əlaqələndirənlər az deyil. Maraqlıdır ki, daxili müxalifətə qarşı sərt repressiyaların aparılmasında baş nazir Nikol Paşinyanın keçmiş məktəb yoldaşı və yaxın silahdaşı daxili işlər naziri əsas rollardan birini oynayıb. İndi o da istefaya göndərilənlərin arasındadır. Baş verənlərə baxmayaraq, Paşinyana öz adamı kimi baxan Qərb hələlik susur. Yerli ekspertlərin fərziyyələrinə görə, Fransa və İran arasında Ermənistan vasitəsilə aparılan məxfi danışıqlara dair məlumatların kənara sızması məhz istefaya göndərilənlərin əli ilə baş verib. Onların arasında, həmçinin Paşinyanın əhatəsində qalanların sırasında ABŞ və Qərbin digər strukturları ilə yaxından bağlılığı olan kadrların da adları çəkilir. İntəhası, Paşinyan onlarla yolları ayırmağa qərar verib.

Fransa Yaxın Şərq və Afrikadakı çoxillik “təcrübəsindən” istifadə edərək, Ermənistanı, faktiki olaraq, yeni müstəmləkəsinə çevirmək üçün Paşinyandan eninə-uzununa istifadə edir. Bu hadisələr Makron rejiminin ikiüzlülüyünü nümayiş etdirməklə yanaşı, hətta onun müttəfiqləri sayılan Qərb ölkələrini də çaşdırıb. Parisin İranla pərdəarxası sövdələşməsi Avropa İttifaqında İrana qarşı yeni sanksiyaların müzakirə olunduğu dövrə təsadüf edir. Belə məlum olur ki, “cüt bacılar” – Makron Ermənistan vasitəsilə Tehranla gizli danışıqlar aparır.

Bu, eyni zamanda, Fransanın NATO müttəfiqi ABŞ-yə, o cümlədən, məlum olduğu kimi, rəsmi Vaşinqtonun İrana qarşı siyasətini sərtləşdirmək niyyətində olan yeni seçilmiş Prezident Donald Trampa xəyanət etmək mənasına gəlir.

Bu arada daha bir maraqlı detal ortaya çıxıb. Ermənistan Cinayət Məcəlləsinin 393-cü maddəsinin 3-cü hissəsinin 2-ci bəndi və 399-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndi ilə başlanmış cinayət işi çərçivəsində İstintaq Komitəsinin və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Ermənistana xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daha bir faktın üstü açılıb.

Ermənistan baş prokurorluğunun mətbuat xidmətindən “Armenpress”-ə verilən məlumata görə, istintaqın əldə etdiyi məlumata əsasən, noyabrın 11-də saat 05:00 radələrində İrəvan şəhərinin 52 və 32 yaşlı sakinləri “Mitsubishi Grandis” markalı avtomobillə Meqriyə gediblər. Onlar Ermənistan–İran dövlət sərhədinin Meğri-Agarak hissəsində İrandan Ermənistana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni qəbul ediblər. Daha sonra İran–Ermənistan dövlətlərarası avtomobil yolunda, daxil olmuş əməliyyat məlumatlarını həyata keçirmək məqsədilə MTN əməkdaşları tərəfindən avtomobil göstərilən yerdə saxlanılıb və bir neçə bağlama müəyyən edilərək götürülüb. Müstəntiq cinayətin törədilməsinə bilavasitə əsaslı şübhələr yarandığından həmin şəxslərin həbsinə qərar verib.

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri, o cümlədən, təyin olunmuş ekspertizanın rəyinə əsasən, avtomobilə baxış nəticəsində yuxarıda qeyd olunan bağlamaların içərisindən ümumi çəkisi 10 kiloqram 294 qram olan narkotik maddə– marixuana aşkar edilib. Ermənistanın narkotik vasitələrin Şərqdən Qərbə daşındığı tranzit ölkəyə çevrildiyini hamı bilir. Burada, necə deyərlər, “no comment”.

İ.HƏSƏNQALA
XQ

Seçilən
16
xalqqazeti.az

1Mənbələr