AZ

Saçların ağarması prosesini dayandırmaq mümkündürmü?

İnsanların saçları müxtəlif yaşlarda ağarmağa başlayır. Başqa sözlə, bu, həmişə yaşlanma ilə əlaqəli deyil. Digər amillər stress, ağır xəstəlik və vitamin çatışmazlığı ola bilər. Bəs bu prosesə hansısa yolla təsir etmək və onu tərsinə çevirmək mümkündürmü? Mütəxəssislər bu məsələni araşdırıblar.

Bir çox insanlar ilk ağ saçlarını aşkar etdikdən sonra dərhal boyanmaq üçün bərbərdə görüş təyin edirlər və bununla da problemi gizlətməyə çalışırlar (bəziləri üçün bu, bir problem deyil). Bəs ağ saçlardan qurtulmağın başqa yolları varmı?

Ümumiyyətlə, qəbul edilir ki, boz saçlar üz qırışları və oynaq ağrıları ilə yanaşı, qocalmanın çoxsaylı əlamətlərindən biridir. Ancaq bu, bəzən yeniyetməlik dövründə də görünə bilər - bu o demək deyil ki, 16 yaşında bir insan artıq "həyatı görmüş" sayılır.

Ağ saçlar necə yaranır?

Saçımızın rəngi iki piqmentdən birinin - eumelanin və feomelaninin saç follikullarında mövcudluğundan və konsentrasiyasından asılıdır. İlk piqment nə qədər çox olarsa, saçın rəngi bir o qədər tünd olur. İkinci piqment nə qədər çox olsa, rəng bir o qədər qırmızıya çevrilir. Sarışınlarda və kürənlərdə eumelaninin tam olmaması və az miqdarda feomelanin konsentrasiyası müşahidə olunur.

İllər keçdikcə saç follikulunun hüceyrələri daha az piqment istehsal etməyə başlayır - və bu, tamamilə təbii bir prosesdir. Nəticədə, saç təbii “rənglənməyi” dayandırır və bozumtul və ya hətta demək olar ki, tamamilə ağ rəng alır.

Saçların ağarmasının qarşısını almaq mümkündürmü?

Təəssüf ki, bu sualın dəqiq cavabı hələlik yoxdur. Trixoloqlar və dermatoloqlar saç follikullarında baş verən proseslərin geri dönməz olduğuna əmindirlər.

Bəzi mütəxəssislər isə düşünürlər ki, çox şey vəziyyətdən asılıdır. Ağ saçlar artan stresdən qaynaqlanırsa, o zaman onların əmələ gəlməsi prosesini dayandırmaq həqiqətən mümkündür. 2021-ci ildə aparılan bir araşdırmaya görə, bunu etməyin ən asan yolu stresə məruz qalmanı azaltmaqdır. Təcrübə çərçivəsində alimlər tünd saçlı və ağarma əlamətləri göstərən müxtəlif yaşlarda olan bir qrup insanı müşahidə ediblər. Stress səviyyələrinin azalması ilə tədqiqatın müəllifləri bütün iştirakçılarda ağarmanın müvəqqəti dayanmasını və əvvəlki saç rənginin bərpasını müşahidə ediblər və könüllülərdən bəzilərində biri iki həftə ərzində stress olmadan saç piqmentasiyası tamamilə bərpa olunub.

Saçların ağarmasını dayandırmağın və ya qarşısını almağın ikinci yolu oksidləşdirici streslə mübarizə aparmaqdır. Siqaretdən tutmuş ətraf mühitin çirklənməsinə qədər müxtəlif amillər buna səbəb ola bilər və bu, qaragilə, yerkökü, ispanaq, zoğal, nar kimi əhəmiyyətli miqdarda antioksidantları olan qidalar qəbul etməklə aradan qaldırıla bilər. Bu məsələ hələ də öyrənilsə də, ağ saçlarla mübarizənin bu üsulunun effektivliyinə dair bəzi sübutlar var.

Bununla belə, çox da ümidli olmağa dəyməz. Dünya əhalisinin yarıdan çoxu təbii olaraq 50 yaşına kimi “bozlaşmağa” başlayır, genetik meyli olan insanların tükləri isə daha tez boz rəngə çalmağa başlayır. Lakin elm adamları hələ də dayanmırlar: saç follikullarında melaninin yaşa bağlı azalmasını dayandırmaq üçün tibbi prosedurlardan necə istifadə etmək variantlarını fəal şəkildə axtarırlar.

2023-cü ildə bəzi mütəxəssislər follikullarda, melanositlərdə melanini sintez edən hüceyrələrin yaşla ölmədiyini kəşf etdilər. Onlar sadəcə "donurlar" və piqment istehsalını dayandırırlar. Beləliklə, onları aktivləşdirərək, saçlarınızın rəngini bərpa edə bilərsiniz.Bəs onları necə aktivləşdirməli? Amma bu suala cavab tapmaq xeyli zaman alacaq.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
19
ikisahil.az

1Mənbələr