AZ

Əcnəbilər COP29-un əhəmiyyətini yüksək qiymətləndirirlər

COP29 konfransında müzakirə edilən mövzular bəşəriyyət üçün önəm daşıyır. Ölkəmizə gələn əcnəbilər də bildirirlər ki, Bakı konfransının nəticələri bütün dünya üçün əhəmiyyətli olacaq.

Anyagva Tobechukvu Elvis nigeriyalıdır. COP29-da ölkəsini təmsil edir. Bu gün təbii ekosistemlərin bərpası üçün ağacların əkilməsi, su hövzələrinin təmizlənməsini vacib sayır:

– Ətraf mühit problemlərinə dair ictimaiyyəti məlumatlandırmaq bu gün mühüm əhəmiyyət daşıyır. Media nümayəndələri də COP29-un yüksək səviyyədə təşkilinə öz töhfələrini verirlər. Ekoloji cəhətdən məsuliyyətli həyat tərzini təbliğ etmək üçün maarifləndirmə kampaniyalarında hamı fəallıq göstərməlidir. Alim və mühəndislər su təmizləmə sistemləri, günəş panelləri və ekoloji problemləri həll etmək üçün digər yeni texnologiyaların yaradılmasına çalışmalıdırlar.

Konfransda yaşıl dünya ilə bağlı məsələlərin müzakirəsi olduqca maraq kəsb edir. Hamı təmiz dünya istəyir. Amma necə? Bu gün dünyamızın qeydinə qalmırıqsa, onu böhrana sürükləyiriksə, gələcəkdə təmiz dünyamız olmayacaq. Planetdə su çatışmazlığının qarşısının alınması ilə ciddi şəkildə məşğul olmaq lazımdır. Düşünürəm ki, neft çıxarışını da dayandırmaq lazımdır. Çünki bu, torpağı korlayır. Dünyanın yaşıl örtüyünün qorunmasına diqqət çəkməliyik.

Qonaq Azərbaycanın yaşıl dünya uğrunda səylərini xüsusilə qiymətləndirdiyini dedi:

– Bu mötəbər tədbirin belə yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarıq. Dünya mediası COP29-u geniş işıqlandırır. Ölkənizdə media strukturunun inkişafını da xüsusi qeyd edərdim. Hər şey əladır. Azərbaycanla yaxından tanışlıqdan çox məmnun oldum. Burada insanlar çox qonaqpərvər və səmimidirlər. Hərdən yolu itirdikdə kömək edirlər. Sənə hər an yardıma gəlməyə hazırdırlar.

Vladimir Zuyev Qreysman Moskvadan gəlib. İlk dəfərdir Azərbaycanda olur. Bakının onu yaxşı mənada təəccübləndirdiyini deyir:

– Son illər Azərbaycanın inkişafı ilə bağlı çox sayda məqalələr oxumuşdum. Amma bu səviyyədə olduğunu bilmirdim. Bakı xüsusilə gözəldir. Müasirliyi ilə zövq oxşayır. Bununla belə, Şərq mədəniyyət nümunələrinə xas ornamentləri də yaşadır.

Şəhərinizdə diqqətimi çəkən məqamlardan biri də məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar və müxtəlif dini məbədlərin fəaliyyəti üçün bərabər imkanların yaradılmasıdır. Bu da onu göstərir ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşamağa davam etdiyi tolerant ölkədir. Mən özüm inanclıyam. Bakıda bir neçə kilsədə oldum, dua etdim, şam yandırdım.

Ölkənizin təhlükəsiz olması buraya qonaq gələn hər bir kəsin ürəyincədir. Gecənin istənilən vaxtında ürəyimiz istərsə, şəhərə çıxıb gəzirik. Küçələr gecələr əla işıqlandırılır. Hazırda şəhərə dünyanın hər yerindən çoxlu qonaq gəlib. Hər şey çox yaxşıdır. Bakılılar istiqanlı və mehribandırlar. İstənilən zaman dəstək verməyə, kömək etməyə hazırdırlar. Bakının gecələri füsunkardır. Şəhərinizlə yaxından tanışlıqdan məmnun olduq.

Bakıda təşkil edilən COP29-a böyük ümidlərimiz var. Yaşıl dünya xəyallarımızdadır. İnanırıq ki, bir gün gerçək olacaq. Azərbaycanın qısa müddət ərzində belə böyük tədbirin yüksək səviyyədə təşkilinə nail olması, onun artan gücündən xəbər verir.

Malintle Kheleli Lesotodan gəlib. COP29-un iştirakçısıdır. Ətraf mühitin mühafizəsi üzrə mütəxəssisdir:

– Heç vaxt belə yüksək səviyyədə keçirilən COP tədbiri görməmişdim. İclaslarda mövzu ilə bağlı maraqlı müzakirələr gedir. Nəqliyyat, xidmət məsələlərində xırda detala qədər hər şey düşünülüb. İştirakçıların iclaslarda fəallığı təqdirəlayiq haldır.

Afrika iqlim dəyişikliyindən çox əziyyət çəkir. Bu, belə davam edərsə, böyük təhlükələrlə üzləşə bilərik. Çünki iqlim böhranı getdikcə daha böyük və dağıdıcı itkilərə gətirib çıxarır.

Artıq noyabrın 22-də Bakını tərk edəcəyəm. Azərbaycan çox gözəl ölkədir. İnsanları səmimidir, gülərüzdür. Şəhəri başdan-başa gəzdim. Bakı ilə bağlı çox gözəl xatirələr qalacaq. Gələcəkdə yenə də ölkənizdə olmaq istərdim. Növbəti dəfə ailəm ilə gələcəyəm.

Aylin Kar qardaş Türkiyədən Bakıya gəlib. Özünü vətənindəki kimi hiss etdiyini deyir:

– COP29 kimi beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi Türk dünyası adına böyük uğurdur. Türkiyə və Azərbaycan arasında dərin tarixi, mədəni və siyasi əlaqələrə əsaslanan xüsusi bir bağlılıq var. Bu əlaqə, “bir millət, iki dövlət” prinsipi ilə ölçülür və həm Azərbaycan, həm də Türkiyənin xalqları üçün çox böyük əhəmiyyət kəsb edir. Qardaşlıq anlayışı, yalnız tarixi və mədəni ortaq dəyərlərə deyil, həm də qarşılıqlı dəstək, güvən və əməkdaşlığa əsaslanır. Bu gün dünyanın birlik və həmrəyliyə hər zaman olduğundan daha çox ehtiyacı var. İqlim böhranı ilə mübarizədə dövlətlər bir-birlərinə dəstək olmalı, öz bilik və texnologiyalarını digər dövlətlərlə bölüşməlidirlər. Bu problemlərin həll edilməsi üçün liderlər bir araya gəlməli və müzakirələri genişləndirməlidirlər.

Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi COP29 burada olan hər kəs üçün çox böyük bir imkandır ki, dünyamızı narahat edən problemlərin həll yolları ilə bağlı müzakirələr aparsın. Qardaş Azərbaycan bu konfransa ev sahibliyi etməklə qlobal müstəvidə mühüm töhfə verib.

Madiyar Kazanqapov Qazaxıstandandır. Aktau şəhərindən qonaq gəlib. Şəhərimizi çox bəyəndiyini deyir:

– Dostumla 3 gündür Bakıdayıq. Belə bir mötəbər tədbirin keçirildiyi bir vaxtda Bakıda olmaq bizə xoş oldu. Düzdür, düşünürdük şəhərdə qarışıqlıq olacaq. Amma belə deyil. Bakı çox səliqəli şəhərdir, “göydələn”ləri ilə göz oxşayır. Bakının rəmzlərindən olan İçərişəhər, Qız qalası, “Alov qüllələri” və digər yerlərdə olduq. Yeməkləriniz çox ləzzətlidir.

Azərbaycan son illər bütün sahələrdə çox inkişaf edib. Beynəlxalq əlaqələri genişlənib. COP29-un yüksək səviyyədə olması üçün böyük işlər görüb. Azərbaycanda tədbirlər qaydasında və yaxşı bir şəkildə təşkil edilir. Öz ölkənizlə qürur duya bilərsiniz.

Leyla QURBANOVA,
Vüsalə ƏLİYEVA,
Rizvan FİKRƏTOĞLU,
Cavid QAÇAYEV
XQ

Seçilən
24
50
xalqqazeti.az

10Mənbələr