AZ

Araz Məmmədov: Milli sərhədçi kadrların yetişdirilməsi və irəli çəkilməsində Heydər Əliyevin böyük rolu olub

"XX əsrin əvvəllərində Azərbaycanın sərhəd mühafizə qüvvələrinin formalaşdırılması Şərqdə ilk demokratik respublikanın adı ilə bağlıdır. Sərhədlərin mühafizəsinin dövlətin təhlükəsizliyi üçün mühüm amil olduğunu nəzərə alaraq Azərbaycan höküməti 1918-ci ilin iyul ayının 22-də qəbul etdiyi qərarla Poylu stansiyasında respublikadan kənara qaçaqmalçılığın qarşısının alınması üçün “Poylu” sərhəd postu yaradılmış, bundan sonra Salahlı və Şıxlı sərhəd postları yaradılmışdır. Milli parlament 1919-cu il avqustun 18-də 99 sərhəd mühafizə postunun yaradılmasını nəzərdə tutan "Azərbaycan Respublikasının sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanun qəbul etdi".

Bu fikirləri Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov media- tur zamanı DSX-nin Sərhəd Qoşunları Komandanlığında jurnalistlər üçün keçirilən brifinqdə dedi.

A. Məmmədov bildirdi ki, qanun qəbul edildikdən bir müddət sonra qaçaqmalçılıqla mübarizə məsələləri əsasən respublikanın quru sərhədlərində aktual olması səbəbindən yerli şəxslərdən ibarət mühafizə dəstələri təşkil edilərək dövlət sərhədinin mühafizəsinə başlanıldı: "Lakin Azərbaycan Demokratik Cümhuriyyətinin süqutu ilə digər sahələrdə olduğu kimi sərhəd mühafizəsi istiqamətində də görülən işlər yarımçıq qalmışdır. Müstəqillik illərindən sonra sərhəd mühafizəsi sahəsində əldə edilmiş bütün uğur və nailiyyətlərin kökü ötən əsrin 60-80-ci illərində xalqımızın böyük oğlu ümummilli lider Heydər Əliyevin qəbul etdiyi taleyüklü qərarlarla bağlıdır". 

General-leytenant diqqətə çatdırdı ki, ulu öndər Heydər Əliyev Sovet hakimiyyəti dövründə sərhəd dəstələrinə mütəmadi səfərlər edib, sərhədçilərin problemləri ilə yaxından maraqlanıb. Dahi şəxsiyyət Heydər Əliyevin göstərdiyi səy və bacarıqlarının nəticəsində respublika büdcəsi hesabına Naxçıvan, Göytəpə, Lənkəran sərhəd dəstələrinin ərazisinin abadlaşdırılması, yaşayış evlərinin tikilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi həyata keçirilib.  Qeyd olunan dövründə milli sərhədçi kadrların yetişdirilməsi və irəli çəkilməsində Dahi öndərin böyük rolu olub. Onun xüsusi diqqəti nəticəsində Sovet hakimiyyəti dövründə Sərhəd Qoşunlarında onlarla azərbaycanlı zabit zastava rəisi, sərhəd komendantı, hərbi hissə komandiri vəzifələrində xidmət edirdi.

Rizvan FİKRƏTOĞLU
XQ

Seçilən
42
xalqqazeti.az

1Mənbələr