AZ

"Lamborghini"nin yaradıcısı kimdir? - Həyatı və uğur hekayəsi - SƏHƏR OXUSU

Küçələrdə parlaq sarı bir "Lamborghini" avtomobili görmək diqqətimizdən yayınmaz.

Bəs dünyanın ən bahalı avtomobil markalarından biri olan "Lamborghini"nin qurucusu kimdir?

Valyuta.az "Lamborghini" markasının yaradıcısı Ferruçço Lamborghininin hekayəsini təqdim edir

⇒ "Lamborghini" markasının qısa tarixi

"Lamborghini" dünyaca məşhur İtalyan lüks idman avtomobil markasıdır. Şirkət 1963-cü ildə Ferruçço Lamborghini tərəfindən təsis edilib. İlk illərdə ərazi avtomobilləri istehsal edən şirkət daha sonra tamamilə idman avtomobillərinə yönəldi və ərazi avtomobilləri departamentini "Audi"yə satdı. Şirkətin inzibati mərkəzi və zavodu İtaliyanın Bolonya şəhərində yerləşir.

2011-ci il məlumatlarına əsasən, "Lamborghini" ildə 1711 avtomobil istehsal edir və 830 işçiyə sahib idi. Marka bu gün də dünya bazarında ən nüfuzlu avtomobil istehsalçılarından biri hesab olunur.

⇒ Avtomobil yaradıcısının gənclik illəri

Ferruçço Elio Arturo Lamborghini (Ferruccio Elio Arturo Lamborghini) 28 aprel 1916-cı ildə İtaliyanın Çento şəhərində dünyaya gəlib. Ailəsi kənd təsərrüfatı ilə məşğul olsa da, Ferruçço texnika və mexanika sahəsinə böyük maraq göstərib. Bu marağı səbəbilə o, texniki peşə məktəbinə daxil olub və təhsilini bu istiqamətdə davam etdirib.

İkinci Dünya Müharibəsi zamanı Ferruçço İtaliya Hərbi Hava Qüvvələrində xidmət edib. 1944-cü ildə ingilislər tərəfindən əsir götürülən "Lamborghini" motor bölməsində işləməyə təhkim edilib. Əsirlik dövrü onun üçün qiymətli bir təcrübə olub. Burada avtomobil və motor texnologiyaları ilə daha yaxından tanış olan Lamborghini nasaz nəqliyyat vasitələrini təmir etməyi və fərqli hissələrdən avtomobil yığmağı öyrənib.

⇒ Lamborghini ilk olaraq traktor istehsal edirdi

Müharibədən sonra evinə qayıdan Ferruçço Lamborghini, qalmış avadanlıqlardan istifadə edərək kiçik bir qarajda kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün traktorlar dizayn etməyə başlayıb. Bu dövrdə "Lamborghini" markası yalnız traktor istehsalı ilə tanınırdı.

1940-cı illərin sonlarında Ferruçço tamamilə öz ehtiyaclarını ödəyə bilən bir motor fabriki qurur. Traktor istehsalı onun ən uğurlu fəaliyyət istiqamətinə çevrilir.

⇒ Avtomobil həvəskarlığı və ilk yeniliklər

Bu dövrdə Ferruçço "Fiat" markalı avtomobilləri öz zövqünə uyğun yenidən tərtib edir. Məşhur "Fiat Topolino" modeli onun diqqətini çəkir. Hətta o, özünün hazırladığı "Fiat Topolino" ilə 1948-ci ildə Mille Miglia Dizayn Yarışmasına qatılır. Lakin yarış zamanı baş verən qəza avtomobili istifadəyə yararsız hala salır.

1949-cu ildə Ferruçço Lamborghini sıfırdan traktor istehsalına başlayır. Bu dəfə o, kənardan alınan materiallardan istifadə etmir. Hər bir hissəni özü istehsal edərək tamamilə öz texnologiyasını inkişaf etdirir. "Lamborghini" markalı traktorlar İtaliyada o qədər məşhurlaşır ki, fabriki ziyarət etmək üçün digər şirkətlər və mühəndislər axın etməyə başlayır. Çünki onlar bu texnologiyanın necə işlədiyini öyrənmək istəyirdilər.

⇒ Traktor istehsalından sərvətə

Traktor istehsalı Ferruçço Lamborghiniyə böyük sərvət qazandırdı. Bu gəlirdən istifadə edərək o, kondisioner və mərkəzi istilik sistemləri istehsalına da başlayır. Bu sahələrdə də böyük uğur qazanan Ferruçço, İtaliyanın ən zəngin iş adamlarından biri olur.

Zənginləşdikdən sonra onun lüks avtomobillərə marağı artır. Bu maraq "Mercedes SL300", "Jaguar" və "Ferrari" kimi lüks avtomobilləri satın alması ilə özünü göstərirdi.

⇒ Ferrari və Lamborghini münasibəti

Ferruçço Lamborghininin "Ferrari" markalı avtomobilində sürət qutusu ilə bağlı problem yarandıqda, o, məsələni birbaşa "Ferrari"nin qurucusu Enzo Ferrari (Enzo Ferrari) ilə müzakirə etmək istəsə də Enzo, Ferruççonun görüş tələbinə mənfi cavab verir və onu ciddiyə almır.

Bu rədd cavabı Ferruççonu qəzəbləndirərək onu hərəkətə keçirir. O, "Ferrari" avtomobilindəki sürət qutusunun öz "Lamborghini" traktorlarında istifadə edilən sürət qutularına çox bənzədiyinin fərqinə varır. Problemi həll etmək üçün öz traktor fabrikasında "Ferrari" avtomobilinə uyğunlaşdırılmış bir sürət qutusu istehsal edir.  Bununla da modifikasiya edilmiş avtomobil daha heç bir texniki nasazlıq yaşamır

⇒ Lamborghininin yeni məqsədi

Traktor istehsalından əldə etdiyi yüksək gəlir Ferruççoya avtomobil sənayesinə daxil olmaq üçün şərait yaradır. O, lüks idman avtomobilləri istehsalına qərar verir. Bu məqsədlə "Ferrari" şirkətinin keçmiş işçiləri olan Giotto Bizzarini, Franco Scaglione və Gian Paolo Dallara ilə əməkdaşlıq edir. Komandanın əsas məqsədi isə Napoli ilə Milano şəhərlərini birləşdirən məşhur İtalyan "Autostrada del Sole" avtomobil yolunda 150 mil/saat sürətə çata biləcək lüks və güclü GT avtomobili hazırlamaq idi.

Nəticədə, cəmi 4 ay ərzində "Lamborghini"nin ilk lüks avtomobili olan 350GT dizayn edildi və 1964-cü ildə satışa çıxarıldı. Bu avtomobil qısa müddət ərzində 13 ədəd satılaraq uğur qazandı.

⇒ Rəqabətin başlanğıcı

Sadə bir traktor istehsalçısından dünyanın ən məşhur avtomobil markalarından birinin qurucusuna çevrilən Ferruçço Lamborghini, bu gün "Ferrari"nin ən ciddi rəqibi kimi tanınır. Onun hekayəsi uğurlu olmaq üçün edilən tənqidlərə və çətinliklərə qarşı dözümlü olmağın əhəmiyyətini göstərir.

⇒ Şəxsi həyatı

Ferruçço Lamborghini 1947-ci ildə Kleyliya Monti (Clelia Monti) ilə ailə qurur. Bu evlilikdən Antonio adlı bir oğlu dünyaya gəlir. Təəssüf ki, Kleyliya doğum zamanı vəfat etdi. Daha sonra Ferruçço Annita Borqatti (Annita Borgatti) ilə ikinci dəfə ailə qurur, lakin bu nikah da uzun sürmür. Üçüncü evliliyində isə onun Patrisiya adlı bir qızı dünyaya gəlir

Oğlu Antonio sonradan Yaponiyaya köçərək "Lamborghini" adı altında moda dizaynı sahəsində fəaliyyətə başlayaraq bu adın nüfuzunu yeni bir istiqamətdə davam etdirir.

⇒ Şərabçılıq və avtomobil muzeyi

Ferruçço Lamborghini İtaliyanın Trasimeno gölü sahilində geniş bir torpaq sahəsinə sahib idi. Bu ərazidə illik istehsal gücü 800.000 şüşə olan bir şərab fabriki qurur. Bundan başqa, fabrikdə onun şəxsi avtomobillərinin nümayiş olunduğu bir muzey də fəaliyyətə başlayır.

⇒ Son illəri və irsi

Ferruççonun ölümündən əvvəl "Chrysler" şirkəti "Lamborghini" markasını satın alır. O dövrdə onun hazırladığı müasir "Diablo" modelinə "Countach" adı verilir. Bu model Ferruçço Lamborghininin idarə etdiyi son avtomobil olur.

Ferruçço Lamborghini 20 fevral 1993-cü ildə, 77 yaşında vəfat edib.

Bir neçə il sonra isə oğlu Antonio atasının xatirəsini əbədiləşdirmək üçün onun şəxsi əşyalarından ibarət bir muzey yaradır. Bu gün Ferruçço Lamborghini tərəfindən istehsal olunan traktorlar və avtomobillər İtaliyanın Funo di Argelato şəhərindəki muzeydə nümayiş etdirilir.

Davud / Valyuta.az / SƏHƏR OXUSU

Seçilən
20
valyuta.az

1Mənbələr