Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başlayan “Dəmir Yumruq” döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının heyətindən 1843 hərbi qulluqçu iştirak edib.
Publika.az-ın Şəmkirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov Şəmkir Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.
O bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Аli Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilib:
"Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi Dövlət Sərhəd Xidmətinin hərbi birləşmələri tərəfindən işğaldan azad olunduqdan sonra ilk dəfə Ermənistanla dövlət sərhədinə çıxaraq strateji cəhətdən əhəmiyyətli olan “Bartaz”, “Şükrataz” yüksəklikləri azad edilib. İşğaldan azad olunmuş həmin ərazilərdə dərhal Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən dövlət sərhədinin mühafizəsi təşkil olunub.
44 günlük Şanlı Vətən Müharibəsində isə 10 nəfər hərbi qulluqçusu qəhrəmanlıq və şəxsi şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb".