AZ

Konfrans iştirakçıları Azərbaycanın COP29-a ev sahibliyini yüksək dəyərləndirirlər

Onlar öz unudulmaz təəssüratlarını “İki sahil”in əməkdaşları ilə  bölüşdülər

 Azərbaycanın ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına xüsusi əhəmiyyət verdiyi paytaxtımızda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində bir daha diqqətə çatdırılır. Bu mötəbər tədbirdə iştirak etmək üçün dünyanın dörd bir yanından gələnlər ölkəmizin qlobal problemin həllində səylərini yüksək dəyərləndirirlər.

Konfrans iştirakçıları  Azərbaycanın təşkilatçılığından  məmnunluqlarını qəzetimizin əməkdaşları ilə söhbətlərində ifadə ediblər. COP29 çərçivəsində ölkəmizdə qonaq olan Şərqi Afrika nümayəndəsi Abdoulsamad Said Arreh Bakıda olmaqdan məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edir. O bildirib ki,COP29-da verilən qərarlar nəticəsində ölkələr dünyada qısamüddətli deyil, həm də davamlı və uzunmüddətli inkişafa təsir göstərə biləcək layihələr üçün zəruri maliyyəni əldə edəcəklər: “COP29-da veriləcək bir neçə vacib qərar var ki, bunu biz afrikalılar səbirsizliklə gözləyirik. Bizə Azərbaycan, İngiltərə və digər böyük ölkələrin kömək etməsini gözləyirik. Reallıq budur ki, iqlim dəyişmələri ilə mübarizədə bizim kimi həssas ölkələrin bu köməyə ehtiyacı var”.

Şərqi Afrikadan olan digər nümayəndə Ahmed Aly Mohamed  Azərbaycanda keçirilən COP-un əvvəlkilərdən daha məhsuldar təşkil olunduğunu diqqətə çatdırıb: ”Çünki Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir, onların həlli yolları müzakirə olunur. Tədbir çox yüksək səviyyədə təşkil olunub və bütün fəaliyyətlər ardıcıllıqla həyata keçirilir. Bakı gözəl şəhərdir və ölkədə mühüm beynəlxalq nümayəndələrin iştirakı tədbirə əlavə dəyər qatır”.

Keniyalı Valentina Cheruiyot isə deyir ki, COP29 işə başlayan gündən Bakıdadır. Belə gözəl şəhərdə, bu cür mehriban, qonaqpərvər insanların əhatəsində olmaqla həyatının ən yaddaqalan anlarını yaşayır. Valentina söhbətini başına gələn bir əhvalatı danışmaqla davam etdirir: “Bakıya gəldiyim ilk gün yolu səhv salıb, lazım olan ünvana gedə bilmirdim, həyəcan keçirdim. Mənim bu vəziyyətimi hiss edən insanlar dərhal kömək etmək üçün ətrafıma toplaşdılar. Özümü qəribə bir dünyada hiss etdim. Hətta bəziləri məni qonaq kimi evlərinə aparmaq istədilər. Elə zənn edirdim ki, Bakıda tanımadığım insanların yox, xeyirxah mələklərin əhatəsindəyəm. Hətta adamlardan biri məni arxayın salmaq, qorxmamaq üçün polis çağırıb birgə hərəkət etmək istədiyini də təklif etdi. Qaldığım hotelə qayıtdıqdan sonra düşüncələrim məni sakit buraxmırdı. Az qala hotelin pəncərələrini açıb azərbaycanlıları sevdiyimi, onların gözəl insan olduqlarını ucadan demək istəyirdim. Ölkəmə qayıtdıqdan sonra bu gözəl ölkə, onun mehriban insanları haqqında danışacağam.”

 COP29-un Kanadadan olan iştirakçısı Qreqor Robertson isə bildirib ki, çirklənmədən əziyyət çəkən Qlobal Cənub ölkələrini dəstəkləmək üçün üzərimizə məsuliyyət götürməliyik. O, Kanadanın da digər ölkələr kimi,  dağıdıcı təsirlərdən, xüsusilə şimaldakı meşə yanğınlarından, nəhəng daşqınlardan əziyyət çəkdiyini bildirib: "Vankuver şəhərində 2021-ci ildə iki gündə 600 nəfərin ölümünə səbəb olan dəhşətli istilər oldu. Bu təsirlərlə mübarizə aparmaq üçün çox çalışmalıyıq".

Barbadoslu nazir Shantal Maxine Munro-Knight deyib ki, Barbados inkişaf etməkdə olan kiçik ada dövlətidir: “Bu tədbir bizim üçün böyük maliyyə məqsədi daşıyır. Bizim həqiqətən böyük köməyə ehtiyacımız var. Biz COP29-un yaxşı nəticələr verməsini görmək istəyirik. İstəyirik ki, burada çıxış edən prezidentlər, dövlətlər, təşkilatlar məqsədə nail olmaq üçün öhdəlik götürsünlər və ona əməl etsinlər. Azərbaycan liderlik baxımından fantastik iş görür. Təkcə COP-u nəzərdə tutmuram. Təxminən bir həftə yarımdır ki, buradayam, ölkəni gəzirəm və mən Azərbaycanda nəqliyyat baxımından necə güclü infrastruktur yaradıldığının şahidi oldum.”

Pakistanın yeganə sanitar salfet istehsalçısı Xan Yibran Bahadur  COP29-un təşkilindən razı qaldığını bildirib: "Şəhərə ikinci gəlişimdir. İlk dəfə ailəmlə tətilə gəlmişdim. Bakıdakı insanların mehriban davranışı məni çox sevindirdi. Həmçinin COP29-dakı pavilyonlar çox yaxşı və səmərəli təşkil edilib.”

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
9
ikisahil.az

1Mənbələr