Ötən il oktyabrın 7-dən başlayan növbəti İsrail-Fələstin qarşıdurmasının lokal və qısamüddətli olacağı barədə ehtimallar özünü doğrultmadı. Qarşıdurma artıq yaxın coğrafiyalara da sirayət edərək uzanan müharibəyə çevrilib. Yaxın Şərqi qan gölünə döndərən, miqyasına görə çox böyük humanitar fəlakətə səbəb olan müharibənin nə vaxt sonuclanacağını isə proqnoz etmək çətindir.
Qarşıdurmanın lokal səviyyədən çıxmasının və daha da şiddətlənməsinin ən mühüm səbəblərindən biri isə kənar güclərin əslində müharibənin gizli tərəfləri qismində çıxış etmələridir. Belə güclər hər iki tərəfdə var və onlar yanan odu söndürmək əvəzinə, onun üstünə yağ tökməklə müharibəni körükləyirlər. İş o yerə çatıb ki, hətta BMT-nin də adekvat addımlar atmasına imkan verilmir. Son bir il ərzində qurum bir neçə dəfə atəşkəs təşəbbüsündən çıxış etsə də, indiyədək buna nail olunmayıb.
ABŞ-nin atdığı növbəti pozucu addım
Bu günlərdə BMT Təhlükəsizlik Şurasında Qəzzada dərhal atəşkəs tələb edən yeni qətnamə layihəsi müzakirələrə çıxarılıb. Lakin Amerika Birləşmiş Ştatları (ABŞ) sözügedən sənədə artıq dördüncü dəfə veto qoyub və bununla da növbəti pozucu addımını atıb..
Verilən məlumata görə, 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasının 10 seçilmiş üzvü - Əlcəzair, Ekvador, Qayana, Malta, Mozambik, Cənubi Koreya, Sierra Leone, Sloveniya və İsveçrənin təqdim etdiyi qətnamə layihəsi səsverməyə çıxarılıb. Sənəddə Qəzzada dərhal atəşkəs, məhbusların azad edilməsi və humanitar böhranın qarşısının alınması tələb olunub. ABŞ qətnamə layihəsinə veto qoyub, digər 14 üzv ölkə qanun layihəsinin lehinə səs verib.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud səsvermədən sonrakı açıqlamasında bildirib ki, israilli əsirlər azad edilmədən ABŞ qeyd-şərtsiz atəşkəs tələbini dəstəkləməyəcək. Vud qeyd edib ki, qətnamə layihəsi qəbul olunsa, HƏMAS-ın danışıqlar masasına oturması üçün heç bir təşəbbüsü olmayacaq. O, HƏMAS-ın indiyə qədər bir çox razılaşma təklifini rədd etdiyini vurğulayıb. Vud layihədə HƏMAS-ın 2023-cü ilin 7 oktyabr hücumunun pislənilməməsini də tənqid edib.
BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Qəzza zolağında atəşkəsin dayandırılmasını tələb edən qətnaməyə ABŞ-nin vetosunu şərh edib. “Düşünürəm ki, bu, Təhlükəsizlik Şurasının üzvləri arasında müşahidə etdiyimiz konsensus çatışmazlığının və açıq desək, Qəzza ilə bağlı əvvəlki qətnamələrin icra səviyyəsinin aşağı olmasının daha bir nümunəsidir”, - deyə Düjarrik vurğulayıb.
Düjarrikin sözlərinə görə, Baş katib öz tərəfindən Qəzzada müharibənin başa çatması, bütün girovların şərtsiz azad olunması və iki dövlətli həllin həyata keçirilməsi üçün bütün səyləri dəstəkləməyə davam edəcək.
Xatırladaq ki, bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Qəzza zolağında atəşkəs və girovların azad edilməsini tələb edən qətnamə layihəsini bloklayıb. Birləşmiş Ştatlar, həmçinin Fələstinin BMT-yə tam hüquqlu üzv kimi qəbul edilməsinə qarşı çıxıb.
Beləliklə, BMT Təhlükəsizlik Şurasının üzvləri arasında yenə də konsensus çatışmazlığı yaranıb və nəticədə sənədi qəbul etmək mümkün olmayıb. Necə deyərlər, dünyanın səyləri dördüncü dəfə nəticəsiz qalıb. Bu, əslində BMT-nin strukturunun yenilənməsi ilə bağlı son illərdə Azərbaycan və Türkiyə liderlərinin dəfələrlə səsləndirdikləri fikirlərin nə qədər doğru olduğunu bir daha təsdiqləyir. BMT dünya nizamına cavabdeh olan bir qurumdur və burada bütün dünyanın təmsilçiliyi təmin olunmalıdır. Bu günün reallığı və çağırışları ondan ibarətdir ki, BMT-də doqmalar, ehkamlar mütləq qaydada aradan qaldırlmalıdır. BMT səviyyəsində qərarların verilməsinə seçilmiş dövlətlərin təsir imkanları saxlanıldıqca dünyada ədalətsizlik, beynəlxalq hüququn işləməməsi, selektiv yanaşma meylləri daha da artacaq.
Qəzzada yaşanan insanlıq faciəsi
Ötən ilin oktyabrında anklavda müharibə başlayandan indiyədək Qəzza zolağında 43 min 800-dən çox fələstinli həlak olub. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi teleqramda bildirib. Sitat: “İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 2023-cü ilin oktyabrından bugünədək 43 min 846 nəfərə yüksəlib, daha 103 740 nəfər yaralanıb”.
Davam edən müharibə hər gün canlar alır. Bundan ən çox əziyyət çəkənlər isə uşaqlar, qadınlar və qocalardır. İndiyədək Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində azı 17 min 492 uşaq həlak olub. Verilən məlumatlarda vurğulanır ki, 35 mindən artıq azyaşlı valideynlərindən birini və ya hər ikisini itirib, 3500-ə yaxını isə qida çatışmazlığından əziyyət çəkir. Böyük bir ərazidə insanlar ev-eşiklərini tərk etmək və qaçqın düşərgələrinə sığınmaq məcburiyyətində qalıblar. Ancaq burada da qəfil ölüm onların başı üstündədir. Belə ki, qaçqın düşərgələri də tez-tez amansız hücumlara məruz qalır və heç kəsə rəhm edilmir.
Müharibə elə bir dəhşətli fazaya daxil olub ki, hətta tibb işçilərinin də sahədə yaralılara yardım göstərmələrinə imkan verilmir. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin hesabatında bildirilir ki, 2023-cü ilin oktyabr ayından bəri səhiyyə müəssisələrinə 136 hücum olub. Bu hücumlar nəticəsində yüzlərlə tibb işçisi həyatını itirib, xəstəxanalar dağılıb, hətta yaralıları daşımaq üçün təcili tibbi yardım maşınları da yoxdur.
Daha bir acınacaqlı reallıq ondan ibarətdir ki, müharibənin getdiyi ərazilərdə həmçinin BMT missiyalarının üzvləri də atəşə məruz qalırlar. Bu günlərdə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Ramya sərhəd bölgəsində yerləşən postu atəşə tutulub, nəticədə Qanadan olan dörd hərbçi yaralanıb. Bu barədə UNIFIL-in mətbuat xidmətinin teleqram kanalında yaydığı açıqlamada bildirilir. “Ayrı-ayrı qeyri-hökumət qrupları tərəfindən buraxıldığı ehtimal edilən raket Ramya kəndindən şərqdə yerləşən UNP 5-42 bazasına düşüb, növbədə olan Qanadan dörd sülhməramlı yaralanıb. Yaralıların üçü Tir şəhərindəki hospitala müalicə üçün çatdırılıb”, - deyə məlumatda vurğulanıb.
Bildirilib ki, daha beş raket UNIFIL-in qərbi Livanın cənubunda yerləşən Şamaa qəsəbəsindəki texniki xidmət mərkəzinə atılıb. Açıqlamada bildirlir ki, emalatxanaya ciddi ziyan dəysə də, sülhməramlılardan xəsarət alan olmayıb. Təşkilatın məlumatına görə, üçüncü hadisə Xirbət-Silm kəndinin şimal-şərqindəki magistral yolda baş verib. Burada silahlı şəxs “mavi dəbilqə” patruluna atəş açıb, lakin sülhməramlılar arasında xəsarət alan olmayıb.
İkibaşlı oyun oynayan ABŞ dünyanı hara sürükləyir?
İsraillə Fələstin arasında yaşanan növbəti qarşıdurma beynəlxalq təşkilatların, böyük dövlətlərin uzun illər ərzində problemin həllinə adekvat yanaşmamasının acı nəticəsidir. Ortada regionda iki dövlətin yaradılması ilə bağlı qərar olsa da, onun həyata keçirilməsi onilliklər ərzində təxirə salınıb. Buna əsas səbəb isə ayrı-ayrı qlobal güc mərkəzlərinin iddialı yanaşmaları, özlərinin maraqlarından geri çəkilmək istəməmələri olub. Bəhs olunan güc mərkəzləri, ələlxüsus da ABŞ əslində regionu maraqlarının təmin olunması uğrunda qanlı mübarizə poliqonuna çevirib. Biz şahidiyik ki, bir sıra hallarda Amerika Birləşmiş Ştatlarının təhriki ilə BMT-nin qərarları çox çevik şəkildə icra olunur, dünyanın ayrı-ayrı bölgələrində sərt tənzimləmə mexanizmləri işə salınır. Ancaq eyni yanaşmanı İsrail-Fələstin probleminin həllinə münasibətdə görmürük. Halbuki Vaşinqtonun atəşi dayandırmaq, münaqişənin sülh yolu ilə tənzimlənməsinə töhfə vermək imkanları çoxdur. Ancaq bu imkanlardan istifadə olunmur. C.Bayden administrasiyası yalnız sözdə sülhdən, atəşkəsdən danışır, reallıqda isə İsrailə hərtərəfli dəstək verir, o cümlədən bu ölkəyə öldürücü silahlar göndərir.
Yeri gəlmişkən, son olaraq ABŞ Konqresinin Senatı Birləşmiş Ştatlardan İsrailə hücum silahlarının təchizatını bloklamağı tələb edən qətnamələri təsdiqləməyib. ABŞ-nin qanunverici orqanının yuxarı palatasındakı səsvermənin yayımını çərşənbə günü C-SPAN televiziyası aparıb. Üç qətnamənin əleyhinə 100 senatorun 60-dan çoxu səs verib, yalnız 17 qanunverici qətnamələrin lehinə çıxış edib. Beləliklə, qanunverici orqanının yuxarı palatasındakı səsvermənin hələ davam etməsinə baxmayaraq, sənədlər qəbul edilməyəcək. Bu isə o anlama gəlir ki, Petaqonun Yaxın Şərqdə gedən müharibənin tərəflərindən birinə silah tədarükünün qarşısında yenə də “yaşıl işıq” yanır. Ortada silah tədarükü olduğu halda, C.Bayden administrasiyasının təmsilçilərinin “sülhə töhfə vermək niyyətində olduqlarını” bəyan etmələrinin məntiqi əsla başa düşülmür. Belə ikibaşlı oyun oynamaqla ABŞ dünyanı hara sürükləyir və dünya buna nə qədər dözəcək?
Mübariz FEYİZLİ