AZ

Yeni Azərbaycan Partiyasının strateji hədəfləri milli maraqlarımız üzərində qurulub

“Yeni Azərbaycan Partiyası ölkəmizdə ictimai-siyasi vəziyyətin son dərəcə ağır olduğu günlərdə, dövlətçiliyimizin ciddi sınaqlar qarşısında qaldığı bir vaxtda tarixi zərurətdən yaranmışdır. O zaman ölkəmizi bataqlıqdan çıxarmaq istəyən, gələcəyi düşünən ziyalılar yeni bir siyasi təşkilat yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Bu məqsədlə onlar siyasi peşəkarlığına, cəsarətinə, vətənpərvərliyinə güvəndikləri şəxsiyyətin -  Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmək qərarı verdilər. Tarixə məşhur “91-lər”in müraciəti kimi daxil olmuş sənəd sonradan  uğurlu strategiyanın, parlaq gələcəyin başlanğıcı və bazası rolunu oynayacaqdı. Xalqın səsinə səs verən, xahişləri geri çevirməyən Dahi Lider bütün maneələrə baxmayaraq, böyük bir məsuliyyətin altına girdi. Ümummilli Lider xahişləri nəzərə alaraq yeni yaradılacaq siyasi partiyaya rəhbərliyi öz üzərinə götürdü. 21 noyabr 1992-ci il tarixində  Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi”.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Millət vəkili xatırladıb ki, ölkəmizin bütün coğrafiyasını əhatə edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi: “Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə YAP-ın Sədri seçildi. Habelə partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə də müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Partiya qısa müddət ərzində ölkənin  aparıcı siyasi qüvvəsinə çevrildi. Ümummilli Lider Heydər Əliyevin özünün dediyi kimi, YAP “Dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi. Bu partiya Azərbaycanda siyasi sabitliyin, davamlı inkişafın təminatçısı, siyasi plüralizmin, dialoqun təşkilatçısı kimi çıxış etdi”.

“Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Prezident İlham Əliyev partiyanın yeni sədri seçildi. Partiya həyatında yeni mərhələ başladı. Regionun ən nüfuzlu və monolit partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının qarşısında duran taleyüklü vəzifələr uğurla icra olunur. Son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiya olan YAP-ın 730 354 üzvü var. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri hər zaman prioritet oldu. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını öz ətrafında birləşdirməyi bacardı. 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əldə olunmasında, ərazi bütövlüyümüz və suverenliyimizin təmin edilməsində aparıcı siyasi təşkilat kimi YAP-ın ideoloji xidmətləri çox böyükdür. Müharibə dönəmində partiya həm ictimai-siyasi müstəvidə, həm də beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini təbliğ etdi. 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib. Bu mənada VII qurultay Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən edib. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir”.

M.Vəliyeva onu da bildirib ki, partiyanın 11 strateji hədəfi var: “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış. Yeni Azərbaycan Partiyasının strateji hədəfləri milli maraqlarımıza xidmət edir. Partiya öz fəaliyyətini bu hədəflər üzərində qurub və məqsədə çatmaq üçün çox böyük layihələr icra edir. Ulu Öndərin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.

Seçilən
96
50
azerforum.com

10Mənbələr