Dövlət sərhədinin mühafizəsi ilə əlaqədar xidməti vəzifələrini icra edərkən sərhəd pozucuları ilə silahlı toqquşma zamanı Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 13 nəfər hərbi qulluqçusu şəhid olmuşdur.
“Poliqon” xəbər verir ki, bunu “Şəmkir” sərhəd dəstəsində keçirilən brifinq zamanı Dövlət Sərhəd Xidməti rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov deyib.
“Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümlərindən sonra şəxsi şücaət göstərdiyinə görə əsgər İsgəndərov Elton Xaləddin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında başlayan “DƏMİR YUMRUQ” döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının heyətindən 1843 hərbi qulluqçu iştirak etmişdir. Xüsusi ilə qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsi zamanı Аli Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilmişdir. Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi Dövlət Sərhəd Xidmətinin hərbi birləşmələri tərəfindən işğaldan azad olunduqdan sonra ilk dəfə Ermənistanla dövlət sərhədinə çıxaraq strateji cəhətdən əhəmiyyətli olan “Bartaz”, “Şükrataz” yüksəklikləri azad edilmişdir. İşğaldan azad olunmuş həmin ərazilərdə dərhal Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən dövlət sərhədinin mühafizəsi təşkil olunmuşdur”, – deyə A.Məmmədov qeyd edib.
O bildirib ki, 44 günlük Şanlı “Vətən Müharibəsi”ndə Sərhəd Qoşunlarının 10 nəfər hərbi qulluqçusu qəhrəmanlıq və şəxsi şücaət göstərərək şəhidlik zirvəsinə ucalıblar: “Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümlərindən sonra qəhrəmanlıq, xüsusi şücaət göstərdiklərinə görə baş gizir Allahyarov Şahin Hüseynbala oğlu və kiçik gizir İbrahimli Nail Nəriman oğluna “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilmişdir.
Döyüş əməliyyatları zamanı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən, rəşadət və yüksək şücaət nümayiş etdirmiş bütün 1843 hərbi qulluqçular təltif olunmuş, onlardan 719 nəfər hərbi qulluqçumuz ölkə başçısı tərəfindən müxtəlif xüsusi orden və medallarla təltif olmuşlar”.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından və sərhədlərimizin işğaldan azad olunmasından dərhal sonra bu ərazilərdə sərhəd mühafizə infrastrukturun yaradılması istiqamətində tədbirlər həyata keçirilib: “Vətən Müharibəsi”ndən sonra Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı, 3 əlahiddə bölmə və 121 sərhəd-döyüş məntəqəsi dövlət sərhədinin mühafizəsinə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının yeni inşa olunmuş 3 hərbi hissəsinə səfər etməsi sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və qayğının növbəti ifadəsi olmuş, sərhədçiləri xidməti uğurlara ruhlandırmışdır.
Azərbaycan xalqının Böyük Sərkərdəsi cənab İlham Əliyevin uzun illərdi apardığı siyasətin nəticəsi olaraq 19 aprel 2024-cü il tarixdə Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edildikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi qulluqçuları Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli bayrağımız ucaldaraq şərəflə xidmətə başlamışlar”.