COP29 çərçivəsində dünya turizm ailəsini bir araya gətirəcək vahid siyasət və hədəf prinsipləri müəyyənləşib
COP29 çərçivəsində keçirilən Turizm Günündə “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü”nün yekunu olaraq Bəyannamə elan edilib. 50-dən çox ölkə və 8 qeyri-dövlət sektorunun təmsilçilərinin qoşulduğu “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” qlobal iqlim çağırışlarının turizm sənayesi üçün qarşıya qoyduğu hədəf və prinsipləri nəzərdə tutur. Tədbirdə çıxış edən COP29-un Prezidenti Muxtar Babayev çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası tarixində ilk dəfə keçirilən tarixi tematik “Turizm Günü”nün turizmin qlobal iqlim gündəliyinə inteqrasiyası, Paris Sazişi və Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılması istiqamətində mühüm addım olduğunu qeyd edib. Bildirib ki, turizm iqlim fəaliyyətində əhəmiyyətli rol oynaya biləcək potensiala malikdir və dayanıqlı təcrübələrin tətbiqi və innovativ texnologiyalardan istifadə etməklə turizmdə səmərəli de-karbonizasiya model yaratmaq olar.
Bəyannamə turizm sektorunda iqlim tədbirlərini təşviq edir
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə turizm sektorunun iqlim dəyişikliyindəki roluna toxunaraq COP29-da qəbul olunan Bəyannamənin növbəti COP tədbirləri üçün fəaliyyət çərçivəsi müəyyən etməyə imkan yaradacğına və sənədə tərəf çıxan ölkələrin sayının artacağına inamını ifadə edib. Bəyannamə turizm sektorunda iqlim tədbirlərinin sürətləndirilməsində təxirəsalınmaz addımlar atmağa, tərəfləri emissiyaları azaltmaqda əcrübələrini tətbiq etməyə təşviq edən yekdil konsepsiya sənədi ola bilər.
BMT Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili hesab edir ki, turizm dünyada iqtisadi inkişafın mühüm atributu olduğundan bu sahədə aktivlik və sənaye texnologiyalarının tətbiqi sürətlə artır. Hazırda bu sektorun qlobal ÜDM-də payı hər il yüksəlir və turuzm dünya iqtisadiyatına ildə ən azı 3,4 faiz töhfə verir. İmkanlar isə daha böyükdür və turizm sənayesi nəhəng bir sektor kimi texnologiyalar, ətraf mühitlə sıx inteqrasiyadadır, bu isə hazırda bəşəriyyətin üzləşdiyi iqlim böhranlarının qarşısının alınmasında turizmin də üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdam turizm BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Fəaliyyət Proqramına daxil edilib və bütün dövlətlər üçün öhdəliklər müəyyənləşib. COP29 sammitində təşkil edilən müzakirə və iclaslar turizm ailəsinin bu məsuliyyətini daha da yaxından anlamağa və vahid bir koalisiyada birləşərək həll yolları tapmaqda mühüm platforma oldu.
Zurab Pololikaşvilinin fikrincə, Bakı Bəyannaməsi turizm sektorunun həmrəylik sənədi olmaqla yanaşı, turizmin inkişafında və iqtisadi artımda mühüm töhfəverici rol oynaya bilər.
Karbon emissiyaların 6,5 faizi turizmdə cəmləşir
COP29 çərçivəsində digər beynəlxalq səviyyəli turizm müzakirələri Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dünya Səyahət və Turizm Şurası tərəfindən təşkil edilib. Tədbirdə “Səyahət və turizm üzrə net sıfır yol xəritəsi”nin ikinci nəşrinin təqdimatı da keçirilib ki, bu sənəd turizmin davamlı və dayanıqlı inkişafında vacib məsələlərdən biri olan iqlim həlləri ilə bağlı prioritetləri əks etdirir. Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru Culia Simpson bildirib ki, yenilənmiş yol xəritəsi planetar səciyyə daşımaqla, müasir iqlim reallıqları fonunda turizm fəaliyyətinin yeni mühitə uyğunlaşmasını müəyyən edir. Bu sənəd 2021-ci ildə Qlazqo şəhərində keçirilən COP26-da çərçivəsində təqdim olunmuş ilk yol xəritəsinin təkmilləşdirilmiş dekarbonizasiya variantıdır və turizm sektorunun 2050-ci ilə qədər “net sıfır” məqsədinə çatmasında baxış və prinsiplərini əks etdirir.
Dövlət Turizm Agentliyinin dəstəyi ilə bu nəşrdə qlobal miqyasda turizm xəritəsi əsaslı şəkildə təhlil edilib və həmin sahə barədə ümumi qənaət formalaşıb. Təhlillərə əsasən, dünyanın ən aparıcı 250 turizm şirkətinin yarısından çoxu, təxminən 53 faizinin strategiyada müəyyənləşmiş iqlim hədəfləri üzrə fəaliyyətləri nəzərdən keçirilib. Ümumilikdə, bu strateji konsepsiya turizm sektorunun qarşısında iqlim həlləri ilə bağlı bir çox vəzifənin durduğunu ehtiva edir.
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımovun fikrincə, yeni hesabat nəşri aviasiyadan hotelçiliyə qədər turizmlə birbaşa və dolayısı ilə əlaqəli olan sahələrdə emissiyaların azaldılması üzrə istiqamətləri və vəzifələri müəyyən edir.
Hesabatda son üç il ərzində qlobal turizm sənayesi üzrə iqlim hədəflərinin müəyyənləşdirilməsində 27 artımın müşahidə olunduğu və onların yarıdan çoxunun emissiyaların azaldılması öhdəliyinə fəal şəkildə sadiq qaldığını da ortaya çıxarıb. Dünya Səyahət və Turizm Şurasının “Ətraf mühit və sosial araşdırmalar sənədi”nə əsasən, 2023-cü ildə səyahət və turizm sahəsi qlobal emissiyaların 6,5 faizini təşkil edib. Bu, 2019-cu ildəki ən yüksək (7,8 faiz) göstəriciyə nisbətən 1,3 faiz-bənd azalması deməkdir. Həmçinin, turizm sektorunda qeydə alınan istixana qazlarının intensivlik göstəricisi 10,2 faiz azalıb. Həmçinin, 2023-cü ildə aviasiya sektoru üzrə karbon intensivliyi 2019-cu illə müqayisədə 6 faiz, kruiz səyahətləri və hotelçilik sənayelərinin hər biri üzrə 11 faiz azalma qeydə alınıb.
Azərbaycanın “yaşıl turizm” hədəfləri
Bütün bunlara rəğmən, aparılan araşdırmalar təsdiq edir ki, turizm sənayesində ekoloji mühit prinsipləri tam gözlənilmir, “yaşıl mühit” tələblərinin pozulması halları bəzi regionlarda azalsa da, digərlərində artır.
Bu baxımdan Bakıda təsdiq edilən yeni yol xəritəsi biznesləri karbon emissiyasının azaldılması strategiyaları üzrə hədəfləri qəbul etməyə, turizm və səyahət şirkətlərini, dövlətləri və digər maraqlı tərəfləri bu istiqamətdə tədbirləri dəstəkləməyə və səyahətçiləri daha məsuliyyətli olmağa təşviq edəcək.
Beynəlxalq “yaşıl turizm” ailəsinin üzvü olan Azərbaycan üçün də turizm sektorunda de-karbonizasiya siyasəti mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə müəyyən edilmiş ətraf mühit prinsiplərinə əsasən, səyahət və turizm sənayesinin ətraf mühitin tarazlığı və yerli icmaların rifahına təsirlərinin azaldılması ilə bağlı konsepsiya sənədi hazırlanıb. “Yaşıl turizm” baxışlarına uyğun olaraq, təbii və mədəni mühitin qorunmasına, yerli iqtisadiyyatlara töhfə verən və turizm fəaliyyətinin sosial və ətraf mühitə təsirlərini minimuma endirən alətlərdən istifadə olunacaq. Bu məqsədlə təbii ehtiyatların qorunması, ətraf mühiti çirkləndirən sənaye texnologiyalarının təkmilləşdirilməsi, biomüxtəlifliyin qorunması üçün yaşıl parkların salınması, yanacaq emissiyalarını azaldan texnoinfrastrukturların qurulması nəzərdə tutulur.
Beləliklə, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində turizmin beynəlxalq iqlim müzakirələrinə daxil edilməsi ölkəmizin bu istiqamətdə də yaşıl təşəbbüskarlığının nümunəsi olmaqla, qlobal turizm sənayesi üçün yeni baxış və fikirlərin təqdimatı baxımından mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Dünya turizm ailəsinin ambisiyalı üzvlərinin bir araya gələrək turizm sahəsində dayanıqlılıq təcrübələrini bölüşməsi, milli strategiyalarda əks olunmuş əsas prinsiplərin vahid bir siyasət çərçivəsində ələqələndirilməsi turizmlə bağlı qlobal iqlim məqsədlərinə çatmaqda əhəmiyyətli platformadır.
E.CƏFƏRLİ