Fikrət Cəfərov: “Əsas amillər Günəş və Yerin mantiyasında baş verən proseslərdir”
Amerikanın İqlim Tədqiqatları İnstitutunun alimləri iqlim dəyişikliyinin son altı ildə qasırğaların gücünü artırdığını müəyyən ediblər.
Tədqiqat “Environmental Research: Climate (ERC)” elmi jurnalında dərc olunub.
Mütəxəssislər 2019-2024-cü illərdə Atlantik okeanında baş verən fırtınaları təhlil ediblər. Ölçmələr göstərib ki, bu dövrdə fəlakətlər zamanı küləyin orta sürəti 29 km/saat (8 m/s) artıb.
2019-cu ildən bu günədək səkkiz fırtına - “Umberto”, “Zeta” (2020-ci il), 2021-ci ilin “Sem v Larry”, 2022-ci ilin “Erl”, 2023-cü ilin “Franklin” və 2024-cü ilin “Rafael”i külək sürətini azı 40 km/saat artırıb. “Umberto” və “Zeta” maksimum 50 km/saat sürət əlavə edib.
Qırx qasırğa üçün isti dəniz suyu növbəti güc kateqoriyasına keçməyə imkan verib. Bu ilin noyabr ayında tropik “Rafael” fırtınası da daxil olmaqla, üç fırtınada iqlim amili küləyin sürətini bir anda iki kateqoriyaya artırıb.
Tədqiqatçıların fikrincə, son altı ildə öyrənilən fırtınaların 85%-də müəlliflər bu təbii fenomenin gücündə iqlim dəyişikliyinin izlərini görüblər. Əvvəlki araşdırmalar göstərib ki, iqlim dəyişikliyi qasırğaların daha da güclənməsinə və daha yavaş hərəkət etməsinə səbəb olub, nəticədə daha da çox yağış yağıb.
Maraqlıdır, iqlim dəyişikliyi dəhşətli zəlzələlərlə səbəb ola bilər?
Mövzu ilə bağlı Cebheinfo.az-a açıqlama verən ekoloq Fikrət Cəfərov bildirib ki, zəlzələyə təsir göstərən əsas amillər Günəş və Yerin mantiyasında baş verən proseslərdir: “Bildirim ki, bu iki prosesin bir-biri ilə əlaqəsi var. Onların verdiyi məlumatlar bir neçə elmi və siyasi hesabatlarda öz əksini tapır. Doğrudan da zamanla zəlzələlərin sayı artacaq. Bu təbii proseslərin arasında fasilə də azalacaq. Ayda 2-3 dəfə belə fırtına və ya hansısa sel yağışları yağacaq. Bunu hamı bu gün təsdiq edir.
Ancaq Azərbaycana birinci növbədə birbaşa təsir göstərən iki qlobal məsələ var. Biri şirin suyun qıtlığı, digəri isə Xəzərin səviyyəsinin azalmasıdır. Ölkəmizdə yağışlar yağır, ancaq sel yağışlar imkan vermir ki, torpaq bu suyu udsun. Su sürətlə yer üstündən keçir və torpaq nəmlənməyə vaxt tapmır.
Üst qat 15-20 sm nəm olur. Şirin suyun əsas mənbələri yeraltı sulardır. Həmin bu leysan yağışlar yeraltı su mənbələrinin qidalanmasına imkan vermir. Ona görə bizdə bu həddindən çox böyük problemdir. Kürün və yeraltı suların səviyyəsi aşağı düşür. COP29-da bütün bunlar müzakirə olunur. Azərbaycanın təşəbbüsü ilə Xəzəryanı ölkələr, Qafqaz ölkələri, Mərkəzi Asiya ölkələri birlikdə sudan səmərəli istifadə ilə bağlı fikirlərini səsləndirirlər. İkinci qlobal problem Azərbaycan üçün Xəzərin səviyyəsinin azalmasıdır. Bu iki proses bir-biri ilə əlaqədardır. Xəzər gölünə suyun yığılması birbaşa Rusiya ilə bağlıdır. Orada bir neçə il ard-arda qışda qar çox az yağır. Qar örtüyü, eləcə də yığıntılar, yağışların da sayı azalır. Beləliklə, suyun mənbəyi azalır. Azərbaycan özü bu problemi tək həll edə bilməz. Ümumiyyətlə, heç bir ölkə tək başına bu məsələni tək həll edə bilməz. Fikirləşirəm ki, Xəzərlə bağlı ayrıca bəyannamə olmalıdır. Ölkələr birlikdə adaptasiya mexanizmi, hansısa layihələr həyata keçirərək onun təsirini azaltmaq imkanları yarada bilərlər".
Ekoloq qeyd edib ki, Günəş aktiv olanda zəlzələlər artır: “Belə bir teoriya var ki, Xəzərin səviyyəsi birbaşa tektonik proseslərdən asılıdır. Su çox olanda yükü dibinə çoxaldır və dib aşağı düşür. Su azalandan sonra yenidən başlayır qalxmağa. Ancaq bu heç bir elmi əsasla təsdiqlənməyib, sadəcə, fikirdir. Bununla bağlı ya ciddi elmi tədqiqatlar aparmaq lazımdır, ya da bu fikir yanlışdır. Zəlzələyə Günəş təsir edir. Deməli, Günəş aktiv olanda o, həddindən çox plazmanı kosmosa atır. Bu zaman o plazma Yerin altındakı maqmaya təsir göstərir və onu aktivləşdirir.
Günəş aktiv olanda zəlzələlər də artır. Ancaq bu təbii prosesdir. Onun periodikası var. 11-12 ildən bir aktivləşir və zəlzələlər və vulkanların güclənməsinə səbəb olur".