Bu gün millinin oyunlarıyla bağlı fasilənin başa çatdığını əyani şəkildə hiss edəcəyik.
Ona görə ki, Misli premyer-liqasının 14-cü turunun açılış matçı keçiriləcək. Oyun, həmişə olduğu kimi, “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
2-ci dövrə, 14-cü tur
22 noyabr
Kəpəz – Araz-Naxçıvan
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 4:+3=0-1, 14:4.
2000/01 – 6:0; 2001/02 – 4:1; 2023/24 – 1:2, 3:1.
Tovuz, şəhər stadionu. Saat 17.00.
“Kəpəz” özünə gəlib, ya yox? Artıq sabit nəticələr qazanmaq iqtidarındadımı? Komanda mövsümün ilk səkkiz turunda keçirilən bütün oyunlarda uduzubsa, bu sualların cavabını tapmaq da çətinləşir. Bəllidi ki, bir-iki qələbə bütün problemlərin geridə qaldığını deməyə əsas vermir. Amma Azər Bağırovun təyinatından sonra yaxşı mənada dəyişikliklərin baş verdiyinə şübhə yoxdu.
Qısası, “sarı-göylər” son beş sınağında iki qələbə, bir heç-heçəyə nail olmaqla al ehtiyatını artıra bilib. İndi növbəti yaxşı nəticələr qeydə alınmalıdı. Çox güman, fasilə kollektivin bəzi çatışmazlıqların öhdəsindən gəlməsi üçün yerinə düşüb. Elə Azər Bağırov və “Futbol+”ə müsahibə verən Yeqor Xvalko da oyunların keçirilmədiyi günlərdə daha çox çalışacaqlarını demişdi. Deməli, “Kəpəz” “Araz-Naxçıvan”ın qarşısına daha təkmil çıxa bilər.
Bəs, Muxtar Respublika təmsilçisiylə bağlı vəziyyət necədi? “Qırmızı ağlar”ın məğlubiyyətsizlik seriyasını pozan tapılmır. İlk turda “Qarabağ”a uduzan komanda sözün əsl mənasında şou göstərir. Dəqiq desək, 12 turdu uduzmur! Görünür, hadisələrin axarı dəyişməsə, Elmar Baxşıyev karyerasının ən uğurlu mövsümlərindən birini keçirmiş olacaq. Həmçinin naxçıvanlılar tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanacaq. Buna mane olacaq ən əsas məqam isə aşağı pillələrdə qərarlaşan komandalarla matçda xal itirməkdi. Odu ki, “Araz-Naxçıvan” “Sabah” və “Neftçi” kimi ciddi rəqibləri büdrədən “Kəpəz”ə münasibətdə diqqətli davranmalıdı.
Unutmaq lazım deyil ki, “Kəpəz” vəziyyətdən çıxış yolu tapa bilmək üçün yalnız maksimum gücünü istifadə etməkdən yanadı. Hər matça “ölüm, ya qalım” prinsipiylə yanaşan gəncəlilər təhlükə saçır. Belədə “qırmızı-ağlar”ın işi asan olmayacaq. Onu da nəzərə almaq lazımdı ki, gəncəlilər əzəldən bəri naxçıvanlılara qarşı inamlı və əzmkar çıxışla diqqəti çəkib.
Ümumiyyətlə, komandalar indiyə qədər 9 dəfə qarşılaşıb. Bunların 6-da “Kəpəz”, 3-də “Araz-Naxçıvan” qalib gəlib. Topların nisbətində “sarı-göylər” öndədi – 20:9.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta