AZ

“Oreşnik” və Putinin hədələri heç nəyi dəyişmir - Kremlin nüvə təhdidlərinə qeyri-ciddi yanaşlır...

Dneprə “Oreşnik” ballistik raketilə zərbə endirilməsi və Vladimir Putinin bəyanatları Rusiyanın zərbə imkanlarında ciddi dəyişikliklərə və ya nüvə silahından istifadə riskinə dəlalət etmir. 

“AzPolitika” xəbər verir ki, ABŞ Müharibənin Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.

Hesabatda qeyd edildiyi kimi, işğalçı ordu onsuz da müntəzəm olaraq Ukrayna ərazisinə nüvə başlığı daşıya bilən “İskəndər” ballistik raketləri, “Kinjal” hipersəs ballistik raketləri və “X-101” qanadlı raketlərilə zərbələr vurur.

ISW qeyd edib ki, Dneprə edilən son hücum digərlərindən yalnız yeni “Oreşnik” raketi ilə fərqlənir. Belə ki, Rusiya bununla sadəcə, bir neçə hissəyə parçalanan və daha böyük ziyana səbəb ola bilən sursat nümayiş etdirdi. Məsələnin psixoloji tərəfinə gəlincə, Kreml bu yolla nüvə təhlükəsi riskini artırmaq görüntüsü yaratmaq istəyib.

İnstitut əmin edir ki, Qərbin bu cür təhlükələrin qarşısını almaq üçün etibarlı alətləri var. Buna görə də Putinin “nüvə dəyənəyini oynatması” müttəfiq liderləri Ukraynaya əlavə yardım göstərmək qərarından çəkindirməməlidir.

Ekspertlərin fikrincə, Putinin noyabrın 21-də verdiyi bəyanatı növbəti “havada nüvə dəyənəyi oynatmaqdır” və son təhdidlər Ukraynanın uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldıran Qərbə qarşı yönəlib.

Bununla belə, ISW xatırladıb ki, Ukrayna Müdafiə Qüvvələri uzun müddətdir ki, Rusiyanın öz ərazisi elan etdiyi işğal olunmuş Krımı zatən eyni raketlərlə vurur. 2023-cü ilin aprel ayından etibarən Ukrayna Silahlı Qüvvələri mütəmadi olaraq ABŞ-nin “ATACMS” və Britaniyanın “Storm Shadow” raketlərilə yarımadadakı hərbi hədəflərə hücum edir.

ABŞ mütəxəssislərinin qeyd etdiyi kimi, Kremlin "qırmızı xətlər" ritorikasından istifadə etməsi böyük ziddiyyət təşkil edir: “Qərb dövlətləri Ukraynaya dəstəyini hər dəfə dərinləşdirəndə və Putinin təhdidlərini blef adlandıranda o da, mütəmadi olaraq orientirləri dəyişir”.

Əlavə olaraq qeyd edək ki, artıq Pentaqon Rusiyanın Dneprə yeni raketlə endirdiyi zərbəyə və Putinin bəyanatına soyuqqanlı şəkildə cavab verib və qurumun rəsmisi Ukraynaya dəstəyin davam etdiriləcəyini bəyan edib.

Göründüyü kimi, əsas etibarilə nə “Oreşnik”, nə də Putinin yeni hədə-qorxuları heç nəyi dəyişmir. Rusiyanın müxtəlif ən yüksək səlahiyyətli rəsmilərindən tutmuş Kremlin təbliğatçılarına qədər gündə az qala 15 dəfə nüvə təhdidi dilində danışması bu mövzunu o qədər adiləşdirib ki, Qərbdə artıq Putinin növbəti nüvə təhdidlərinə qeyri-ciddi yanaşırlar...

C.Məmmədov

“AzPolitika.info”

Seçilən
44
50
azpolitika.info

10Mənbələr